Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəyanətin qurbanına çevrilmiş Laçın

Xəyanətin qurbanına çevrilmiş Laçın

18.05.2024 [10:25]

28 il işğalda qalmış “qartal oylağı” bu gün inkişafının yeni mərhələsinə qədəm qoyur

1992-ci ilin mayı Azərbaycanın müasir tarixinə xəyanətlərin və faciələrin əks olunduğu zaman kimi düşüb. Məhz həmin günlərdə ölkəmiz sözün əsl mənasında sınaq qarşısında idi - hakimiyyət savaşı, səriştəsiz insanların kreslo davası ard-arda ağır itkilərə yol açırdı. Məhz bu hakimiyyət çəkişməsinin və xəyanətin acı nəticəsi kimi mayın 18-də Azərbaycanın şərq qapısı, ən mühüm strateji əhəmiyyətli rayonlarından biri - Laçın rayonu ermənilər tərəfindən işğal olundu. İşğal nəticəsində yüzlərlə insan şəhid edildi, girov götürüldü, əlil oldu. 

Bəli, Laçının işğalı xəyanətin və hakimiyyət hərisliyinin ortaya çıxardığı nəticə idi.  Qeyd edək ki, 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı həmin dövrdə mövcud hakimiyyəti devirərək iqtidarı ələ almağa çalışan Azərbaycan Xalq Cəbhəsi üçün mühüm fürsətə çevrildi. O dövrdə Azərbaycan prezidenti olan Ayaz Mütəllibov AXC-nin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa verdi. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. Müdafiə naziri vəzifəsi isə AXC-nin tələbi ilə bu qurumun üzvü olan Rəhim Qazıyevə verildi. Məhz həmin dövrdən başlayaraq AXC ölkədəki vəziyyəti sabotaj etməklə hakimiyyətə yiyələnməyə çalışırdı. AXC-yə başçılıq edən şəxslər ətraflarında yaratdıqları silahlı dəstələrdən quldurluq məqsədi ilə istifadə edir, onları cəbhədən geri çəkir və hətta bəzi regionlarda talançılıq ilə də məşğul olurdular. Bu isə 1992-ci il mayın 8-də Şuşanın işğalına yol açdı. Hərbi gücü əlində saxlayan AXC iqtidara gəlmək üçün strateji əhəmiyyət daşıyan şəhəri ermənilərə təslim etdi. 

Şuşanın işğalının ardından isə ölkədəki siyasi vəziyyət daha kəskin hal aldı - böhran bütün istiqmətlərdə hiss olunurdu. 1992-ci il mayın 14-də Azərbaycan Ali Soveti yenidən iclas keçirdi və Ayaz Mütəllibov yenidən öz vəzifəsinə bərpa edildi. Vəzifəsinə bərpa edilmiş Mütəllibov isə Bakıda iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq etdi. Amma Mütəllibov bərpa olunduğu vəzifəsində çox da qala bilmədi - onun prezident səlahiyyətlərinin bərpa edilməsini dövlət çevrilişi hesab edən AXC bu dəfə silahlı çevrilişə əl atdı. “AXC batalyonu” adlanan silahlı dəstələr 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkildi. AXC rəhbərlərinin başçılıq etdiyi qoşunlar, xüsusilə Laçın alayının çoxlu sayda əsgəri mövqelərindən geri çəkilərək Bakıya gətirildilər. AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı. 15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonla Bakıya girdi. Silahlı dəstələr atəş aça-aça, eyni zamanda tanklar və zirehli maşınlar Milli Məclisin binasını mühasirəyə aldı. Ardınca silahlı dəstələr televiziyaya basqın etdi. Atışmada bir neçə adam həyatını itirdi, xəsarət aldı. Mütəllibov isə yenidən devrildi. Ayaz Mütəllibov çevrilişin növbəti günü Qala aviabazasından Moskvaya yola düşdü. Silahlı çevrilişdən sonra AXC hakimiyyətə yiyələndi. Amma bu siyasi hərislik daha böyük faciələrə yol açdı - mayın 18-də Laçın işğal edildi. Beləliklə, AXC-nin hakimiyyət hərisliyi Azərbaycan üçün 30 illik bir faciəyə yol açdı...

... Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başladı. Həmin il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi - Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bununla da 27 il işğal altında olan Laçın rayonu dekabrın 1-də qəsbkarlardan azad olundu, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu və orada üçrəngli şanlı bayrağımız ucaldıldı. 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonuna ilk səfər etdilər. Dövlət başçısı rayonun Güləbird kəndində Azərbaycan bayrağını ucal?dı. Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı ?ərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci il avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki “X” sosial şəbəkəsi) elan edib. Bu gün Laçın yenidən qurulur, inkişaf edir. Rayonda ən yeni standartlara uyğun şəkildə infrastruktur qurulur. Artıq onlarla ailə Laçın şəhərinə, Sus və Zabux kəndlərinə və digər yaşayış məskənlərinə köçürülüblər. Böyük qayıdışın ən mühüm bir mərhələsi məhz Laçın rayonunun payına düşür - çünki Qarabağa ilk qayıdış həm də elə Laçın rayonundan başlayıb. Bu gün Laçın özünün əsl sakinlərini ağuşuna alaraq yeni inkişaf mərhələsini yaşayır...

SADİQ

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30