Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 70-ci əfv...

70-ci əfv...

28.05.2024 [10:26]

Bəşər tarixində humanistlik göstərmək həmişə yüksək dəyərləndirlib. Filosoflar, müdrik insanlar bağışlamağı, günahı olan şəxsə bir daha şans verməyi ali insani  dəyər kimi qimətləndirib və təqdir ediblər.  Azərbaycan hüquqi dövlətdir. Hər kəs əməllərinə görə məsuliyyət daşıyır. Eyni zamanda, ölkəmizin dövlət siyasətində humanizm prinsiplərinə geniş yer verilir. Bunun təzahürü olaraq müstəqilliyimizin 106-cı ildönümü ərəfəsində - mayın 25-də  Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti Sərəncam imzalayıb. Sərəncamın icrası müvafiq qurumlar tərəfindən operativ qaydada təmin edilib.

Heydər Əliyevin əsasını qoyduğu humanizm ənənəsi

Müstəqil Azərbaycanın dövlət siyasətində humanizm ənənəsinin əsasını müdrik siyasətçi Heydər Əliyev qoyub. 1995-ci ildə ölkəmizdə amnistiya institutu məhz Onun təşəbbüsü ilə təsis edilib və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların icrası qısa zamanda cəmiyyətdə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verib.

Bütövlükdə, 1995-2003-cü illərdə respublikamızda Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv Fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib. 

Heydər Əliyev, həmçinin böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak etmiş insanların da bir qismini bağışlayıb

Respublikamızda ölüm hökmünün bir cinayət növü kimi tamamilə ləğvi təşəbbüsü də Heydər Əliyevə məxsusdur. Xatırladaq ki, Heydər   Əliyev  1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra respublikamızda ölüm hökmünün icrasına moratorium qoyuldu. 

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Sabiq Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. O, eləcə də Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Ölkədə ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış etməsi Heydər Əliyevin cəza siyasətinə ədalətli və humanist yanaşmasını ifadə edirdi. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının qorunması Ulu Öndərin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri idi. 

1998-ci il 10 fevral tarixinədək respublikamızda 128 məhkum barələrində çıxarılmış ölüm hökmünün icra olunmasını gözləyirdi. Ölüm cəzası Bayıl həbsxanasında güllələnmə ilə icra olunurdu. Gözləri bağlı məhkumun ürəyinə vurulan bir güllə onu həyatdan, yaşamaq hüququndan məhrum edirdi. Qeyd etdiyimiz kimi, Heydər Əliyev respublikanın siyasi hakimiyyətinə qayıtdıqdan az sonra ölüm hökmlərinin icrasına moratorium qoydu. Bununla da hətta Vətən və xalq qarşısında ən ağır cinayətlər törədən, o zamankı hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı düşmənə təslim etdirən Rəhim Qazıyev, ölkəmizi parçalamaq niyyətində olan separatçı Əlikram Hümbətov, təxribat və terror aktları törədən Elçin Əmiraslanov, dövlət çevrilişi cəhdlərinin təşkilatçıları Surət Hüseynovun və Cavadov qardaşlarının əlaltıları və qanunsuz silahlı dəstələrin azğınlaşmış üzvləri, Tarix Quliyev və bu kimi qatillər, təhlükəli canilər barəsində ölüm hökmləri icra olunmadı.

154 məhkumu əhatə edən növbəti əfv...

Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətində humanizm ənənəsi sonrakı mərhələdə də eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyevin imzaladığı son əfv Sərəncamı sayca 70-cidir. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib

Azərbaycan dövlət başçısının müstəqilliyimizin 106- cı ildönümü ərəfəsində imzaladığı növbəti əfv Sərəncamına əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanladıqları əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 154 nəfər əfv edilib. 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Sərəncamın icrasını operativ qaydada başa çatdırıb. Dövlət başçısının imzaladığı Sərəncam aşağıdakı kateqoriyadan olan məhkumlara şamil edilib: 

-Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 

-52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb,

-Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib,

-Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub, 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb,

-Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

-Əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşları və qadınlar da var. Belə ki, ?ərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib. Onlardan 5-i Əfqanıstan, 2-si Türkiyə, 1-i Rusiya vətəndaşıdır.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30