Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cənubi Qafqazın rifahı üçün...

Cənubi Qafqazın rifahı üçün...

08.06.2024 [10:30]

Rəsmi Vaşinqton sülh arzusunu ifadə edir

Cənubi Qafqazda sülhün vacibliyi demək olar ki, bütün parametrlər üzrə xüsusi önəmini nümayiş etdirir. İstər siyasi-hərbi reallıqlar, istərsə də iqtisadi və ticari imkanlar sülh prosesinin yekunlaşmasını və qısa zamanda bölgənin təhlükəsizlik seqmentinin ən yüksək səviyyədə formalaşmasını zəruri edir. Beynəlxalq münasibətlərin yeni düzəninin formalaşdığı hazırkı zaman kəsiyində ilk növbədə Cənubi Qafqazda əmin-amanlığın bərpa edilməsi əsas şərtlərdən biri kimi çıxış edir. Şərq-Qərb, Şimal-Cənub tranzit daşıma xəttinin ən əsas və ən vacib kəsişmə nöqtəsi sayılan Cənubi Qafqaz yeni ticari trendin nüvəsinə çevrilməkdədir. 

Azərbaycan dövlətinin milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu isə Cənubi Qafqazın sabit və çoxşaxəli inkişafı üçün mühüm zəmin formalaşdırır. Ölkəmizin regional sabitləşdirici faktor olaraq yerləşdiyi coğrafiyada oynadığı rol, iqtisadi-ticari əlaqələrin inkişafına verdiyi dəstək, siyasi-hərbi reallıqların formalaşdırılması üçün yaratdığı zəmin diqqətlə izlənir. Təsadüfi deyil ki, bu ilin aprelindən başlayaraq dinamizm qazanan sülh prosesi və onun predmetləri ən kiçik detallarına qədər incələnir. Aparılan araşdırmalar isə bir faktı ortaya çıxarır - Azərbaycan yerləşdiyi bölgənin ümumi inkişaf tendensiyasının ən ön sıralara çıxması üçün bütün səylərini ortaya qoyur. Nəticələr isə göz önündədir: sülhün imzalanacağı təqdirdə Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya xətti üzrə yeni geostrateji iqtisadi-siyasi məkan formalaşacaq ki, bu da dünya üçün yeni iqtisadi sistemin yaradılması deməkdir. 

Siyasi mövqe - mümkün qədər tez sülh sazişi bağlanması dəstəklənir 

Qlobal dünyada baş verənlər və onun təhlili mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir - yaranan yeni siyasi-iqtisadi situasiyalar isə bu və ya digər şəkildə böyük güclərin diqqət mərkəzindədir. Prosesin nəticəsi hamı üçün vacibdir - Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq razılaşma bütün dünya üçün müsbət imkanlar vəd edir. Şərq-Qərb ticari xəttinin digər tərəfi sayılan Qərb məkanının bu mənada baxışları xüsusi təhlil tələb edir. Xüsusilə son irəliləyişlərin fonunda bütünlüklə diqqətin prosesin nəticələnməsinə yönəldiyini vurğulaya bilərik. 

Məsələn, “Report”un ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib ki, 

Vaşinqton Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır. Rəsmi nümayəndə vurğulayıb ki, ABŞ dövlət katibi Antoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmilərlə daim təmasdadırlar: “Birləşmiş Ştatlar sülh sazişi bağlamaq üçün çalışan Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiqdir. Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş irəliləyişdən ruhlanırıq və regionun rifahı üçün iki ölkənin mümkün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik”.

Dövlət Departamenti rəsmisi delimitasiya prosesi ilə əlaqədar Bakı və İrəvan arasında əldə olunmuş razılaşmanı da alqışladıqlarını söyləyib: “Biz Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası üzrə davamlı irəliləyişi alqışlayırıq. Bu, Ermənistan və Azərbaycan arasında davamlı və layiqli sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”.

Beləliklə, ABŞ ikili təmasların sülhlə nəticələnəcəyinə inamını ifadə edir. Bu, Azərbaycanın qəti mövqeyinin ortaya qoyduğu nəticədir - o baxımdan ki, dövlətimiz israrla üçüncü tərəf olmadan mühüm uğurların əldə edilə biləcəyinə real nümunələri ortaya qoydu. Beləliklə, 2020-ci ilin Vətən müharibəsi, 2023-cü ilin antiterror tədbirlərində oldğu kimi, beynəlxalq və hüququ əsas götürməklə regional münaqişələrin həlli presedentini formalaşdırdı...

Ticari mahiyyət - ABŞ Zəngəzur dəhlizinə “isti” yanaşır

Uzun illərdir ki, Şərq-Qərb ticari yolunun ən mühüm və strateji həlqəsi, seqmenti kimi xarakterizə olunan Azərbaycan bununla ticari münasibətlərə yeni ştrixlər qazandırır - xüsusilə, Zəngəzur dəhlizi kimi effektiv və rentabelli xəttin dövriyyəyə qatılması Şərq-Qərb logistik ticarət və yükdaşıması üçün yeni üfüqlər açacaq. Mühüm perspektivə malik bu nəqliyyat dəhlizi - Zəngəzur dəhlizi yüksək üstünlüklər vəd etməkdədir. Nəzərə alınmalıdır ki, bu xətt iki cəhət arasında ən qısa ticari yoldur. Bu isə daha çox mənffət deməkdir. Eyni zamanda, təhşlükəsizlik baxımından daha sərfəlidir - təhlükəsizliyin təmini ilə bağlı bir sıra məqamlara diqqət yetirmək lazımdır:

- Yaxın coğrafiyalardakı kataklizmlər, siyasi və ya hərbi qarşıdurmalar, hətta fikir ayrılıqları belə Zəngəzur dəhlizinin daha təhlükəsiz xətt olduğunu deyir;

- Regionda perspektivi yüksək görülən əməkdaşlıq platformalarında demək olar ki, bütün bölgə iştirak edəcək - təbii ki, istəyindən asılı olaraq. Bu mənada, bütün regional faktorların bu dəhlizin təhlükəsizliyinə qarant olacağına da əminlik yaranır;

- Hazır infrastruktur bu dəhlizin qısa zamanda reallaşması üçün əsl zəmindir. Füzuli Beynəlxlaq Hava Limanı bu mənada, xüsusi qeyd edilməlidir. Beynəlxalq statusa malik olan bu hava limanı yükdaşımalarda, sərnişindaşımada xüsusi əhəmiyyət kəsb edir; 

- Bu dəhlizin keçdiyi coğrafiya özünün üstünlükləri ilə də seçilir - çünki Şərq-Qərb tranziksiyası məhz bu regionda Şimal - Cənub xətti ilə perpendikulyarlaşa, yəni görüşə bilər. Bu coğrafiya Yaxın Şərq və ərəb regionu üçün də yeni perspektivlər yaradır. Türkiyə vasitəsilə bu xətt üzrə Yaxın Şərqə çıxış imkanı qazanıla bilər. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin açıqlamsında bu məsələyə də toxunulur. Bildirilir ki, ABŞ Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır. Qeyd olunub ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsidir.

Dövlət Departamentindən bildirilib ki, ABŞ Azərbaycanla prioritet sahələr olan təhlükəsizlik, demokratiya və insan haqları, iqtisadiyyatın inkişafı üçün əməkdaşlığı davam etdirəcək: “Azərbaycan bu illər ərzində Avropada və regionda enerji təchizatının differensiallaşmasında və təhlükəsizliyində mühüm rol oynayır. ABŞ və Azərbaycan dekarbonizasiya səylərini davam etdirdiyinə görə, bərpa olunan enerji və təmiz enerji üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi əməkdaşlıq üçün əlavə imkandır”.

Bir sözlə, Zəngəzur dəhlizinin aktuallığı artıq Şərq-Qərb logistikasına marağı ən üstün dərəcədə artırır. Dəhliz həm də sivilizasiyalar arasında əlaqələrin möhkəmləndirilməsinə də töhfə vermək imkanındadır. Beləliklə, nəqliyyat dəhlizinin marşrut xəttinə diqqət yetirdikdə görmək olar ki, Zəngəzur dünyanın “ticarət aortası” olmaq üçün əsas namizəddir. 

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 238 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30