Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qlobal qarşıdurmanın astanasında...

Qlobal qarşıdurmanın astanasında...

26.06.2024 [10:37]

III Dünya müharibəsi riski artır, nüvə təhdidi genişlənir

Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmaların yaratdığı təhdidin və təhlükənin miqyası gündən - günə artmaqdadır. Ukraynanı bu döyüşdə tək buraxmamaq üçün hərbi güc istisna olmaqla qüdrətini səfərbər edən Qərb dünyası Kremli çətin vəziyyətə salmaq üçün bütün vasitələrə əl atır, rıçaqlardan istifadə edir. Bütün sferalarda Kremlin “yolunu” bağlayan Qərbin hazırki qeyri-hərbi koalisiyası tətbiq etdiyi sanksiyalarla müharibənin gedişatında geridönüş yaratmağa çalışır. Hətta bəzi siyasi ekspertlər Aİ-nin Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Avropa Sülh Fonduna köçürmək qərarını daha çox irəli getmək kimi dəyərləndirirlər. Dünənə qədər Ukraynaya silah-sursat, maliyyə,  texnika və bu kimi “stimullaşdırıcı” köməklik göstərən Qərb artıq fərdi mənada qarşıdurmada iştirak etmək üçün “qollarını çırmayıb”. Bütün sferalarda Kremlin “yolunu bağlayan” Qərbin qeyri-hərbi koalisiyasının tətbiq etdiyi sanksiyaların ardından müharibənin gedişatında geridönüş yaratmaq üçün daha real “iştirak” planları qurulub.

Ukrayna Rusiyaya “can atır”...

Bu isə özlüyündə III Dünya müharibəsi riskini artırır. Ukraynaya öz silahlarından istifadə etmək üçün icazə verən Qərb koalisiyası müharibənin çərçivəsini genişləndirməkdədir. Başqa sözlə, kollektiv Qərbin davranışı heç də sülhə hesablanmayıb, tam əksinə, müharibənin gedişi çətin və təhlükəli yollara dartılır. Bundan öncəki mərhələdə Ukrayna Qərb silahlarından istifadə məsələsini özünün müdafiəsinin təşkili istiqamətinə əsaslandırırdısa, artıq Kiyev Rusiyaya hücum üçün məqam axtarır. Belə ki, xarici mətbuat Ukraynanın müttəfiqlərini Rusiyadakı hava bazalarına hücum etmək üçün Qərb silahlarından istifadə etməyə icazə verməyə çağırdığını yazıb. “The New York Times”da dərc olunan məqaləyə görə, Vaşinqtonun müəyyən silah növlərinin istifadəsinə qoyulan qadağanı ləğv etməsi Ukraynaya Rusiyanın Xarkov vilayətində hücumunun qarşısını almağa kömək edib, həmçinin Xarkovu atəşə tutub. Bununla belə, Ukrayna Silahlı Qüvvələri bəziləri təxminən 120 mil məsafədə olan “ATACMS” ilə Rusiyanı hələ də hədəfə ala bilmir. Bu daha uzun mənzilli silahlar Rusiya ərazisinin dərinliklərində bombardmançıların istifadə etdiyi hava bazalarını məhv etmək üçün lazım olacaq. Kiyev bu bazalara hücum etmək üçün əsasən öz genişlənən yerli istehsal dron parkına etibar etməyə məcburdur”, - deyə məqalədə deyilir.

Xarkovun növbəti bombalanmasından sonra prezident Vladimir Zelenski Qərb tərəfdaşlarına Rusiya ərazisində silahlarının istifadəsinə icazə verilməsi xahişi ilə müraciət edib. Vaşinqton isə Rusiya ərazisinə zərbələrin endirilməsinə yalnız bir sıra tərəfdaş ölkələrin lehinə çıxdıqdan sonra icazə verəcəyini bildirib. 

NATO hərəkətə keçir, Kreml düşünür...

Bu kimi addımlar və yeni situasiya isə ilk plandaca nüvə ritorikasını yenidən aktuallaşdırır. Təsadüfi deyil ki, Avropadan son dövrlərdə bu ehtimalın yüksək olması ilə bağlı etiraflar səslənir. Bu narahatlıq isə əbəs yerə deyil. Artan xəttlə inkişaf etməkdə olan Qərb- Rusiya münasibətləri qeyd olunduğu kimi, təhlükəli müstəvilərə daşınır. Ukraynada Qərb silahlarından istfadəyə icazə üçün “yaşıl işıq” yandırılması ilə yanaşı, Rusiya və müttəfiqlərinə fərqli coğrafiyalarda təhdidlər də artır. İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi ilə ortaya çıxan “şimal təhlükəsi”,  AUKUS-un aktivləşdirilməsi ilə ortaya çıxan Uzaq Şərq təhlükəsi, Yaponiyanın və Cənubi Koreyanın iyulda Vaşinqtonda keçiriləcək NATO Zirvəsinə dəvəti ilə aktuallaşan yeni təhlükələr Kremli “dərindən” düşünməyə vadar edir. Paralel olaraq Ukrayna müharibəsinin uzanması  NATO-ya Rusiyanın sərhədləri ətrafında güclü hərbi potensial yerləşdirmək üçün vaxt qazandırır. Bunun qarşılığında isə Rusiya da əlləri bağlı ona ediləcək hücumun vaxtını “gözləmir”. Belarusa yerləşdirilən nüvə başlıqları Qərb üçün olduqca böyük risklər yaradır. Eyni zamanda, bir neçə gün öncə Rusiya prezidentinin Pxenyanda KXDR ilə müqavilə imzalaması Qərb texnoloqları tərəfindən “yeni nüvə sazişi” kimi xarakterizə olunur. Beləliklə, NATO-nun yaratdığı təhdidə Rusiya və ətrafı daha böyük risklər daşıyan təhdidlərlə qarşılıq verir. Bu isə qlobal qarşıdurmanı körükləyir. 

KXDR müdafiə olunmağa çalışır...

Etiraf edilməlidir ki, Avropanın “qan çanağı”na döndüyü bir zamanda Uzaq Şərqdən də III Dünya Müharibəsi ilə bağlı SOS ucalmaqdadır. Rusiya ilə KXDR arasındakı saziş isə ikitərəfli xarakter daşıyır - Rusiya üçün bu müqavilə prosesdə tək olmadığını sübuta yetirən bir sənəddirsə, Şimali Koreya üçün müdafiə “qalxanıdır”. Çünki ABŞ-nin Sakit Okean hövzəsində yeni hərbi ittifaq  - AUKUS-u qurması heç də boş yerə deyil və bu fakt gündən-günə öz təsdiqini tapır. Yaxın zamanlarda AUKUS-un “sərhədlərinin” genişlənməsi ehtimalı isə Şimali Koreya üçün də “xoş gələcək” vəd etmir. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın son dövrlərdə Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə iddialarla çıxış etməsi də bunu təsdiqləyir. Şimali Koreya lideri hələ bir müddət öncə komandanlarına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı, rəhbərlik etdiyi Əmək Partiyasının üzvlərinə isə səfərbərliyə hazır olmaları barədə tapşırıq vermişdi. Partiyanın Mərkəzi Komitəsi bütün təşkilat üzvlərinə Şimali Koreyanın müttəfiqi Rusiyanın müharibədə olduğunu bildirmişdi: “Komitə hər kəsin səfərbərlik üçün hazır olmasını istəyir”. 

Vurğulandığı kimi, KXDR-in III Dünya Müharibəsi “xəbərdarlığı” quru pafosdan ibarət deyil. Bunu faktlar da sübut edir. Xüsusilə Yaponiya və Cənubi Koreyanın NATO ilə isti münasibəti, bu iki dövlətin AUKUS-a qatılma ehtimalı rəsmi Pxenyanı hərəkətə gətirir. Demək ki, müharibə təhlükəsi Avropada olduğu qədər Asiyanın şərqində də “aktallıq daşıyır”.

Türkiyədən xəbərdarlıq...

Prosesin belə qarşısıalınmaz istiqamət qazanmaması, problemlərin sülh yolu ilə tənzimlənməsi tərəfdarı kimi çıxış edən azsaylı dövlətlər isə bu təhlükələrlə bağlı SOS çağırışları edirlər. Məsələn, Ukrayna ilə Rusiya arasında aparılan müəyyən danışıqlara vasitəçilik edən rəsmi Ankara “qapıdakı təhlükə”ni görür və bununla bağlı çağırışlar edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuata açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur. “Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha da ciddisi odur ki, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər”, - türkiyəli nazir deyib. 

Qeyd edək ki, Türkiyə tərəfinin qlobal dünyaya bu xəbərdarlığı ilk dəfə səslənmir - bir neçə gün öncə İsveçrənin ev sahibliyi etdiyi Ukrayna Sülh Sammitində çıxış edən Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin faciəvi nəticələrinin gündən-günə daha da artdığını və coğrafi olaraq yayılma təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirmişdi. O iki ildən çoxdur ki, Avropanın mərkəzində dağıdıcı müharibənin olduğunu xatırladaraq ölən və yaralananların sayının 500 mini keçdiyini və müharibənin məhvedici bir qüvvəyə çevrildiyini demişdi. 

Beləliklə, nüvə istifadəsi məsələsinin yenidən aktual müzakirə predmetinə çevrilməsi bu kütləvi qırğın silahından istifadənin mümkünlüyünün ehtimalını da artırır. Tərəflərdən hansının bu addımı atacağından, müharibənin Qərbdə, yoxsa  Şərqdə qlobal xarakter alacağından asılı olmayaraq, nüvə silahından istifadə bütün dünyanı böyük təhlükə ilə qarşı-qarşıya qoyacaq. Nəticə isə yəqin ki, heç kimin xeyrinə olmayacaq. Çünki nüvə döyüşlərinin qalibi olmur...

P.İSMAYILOV 

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31