Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın Şuşa qorxusu...

Avropanın Şuşa qorxusu...

09.07.2024 [10:27]

Qərb ermənipərəstliyi Borrelin “dili” ilə məğlubiyyətini etiraf edir

Qərbin uzun illərdir apardığı diskriminasiya son bir neçə ildə daha bariz ştrixlərlə üzə çıxır. Xüsusilə, Şərqə münasibətdə və ya hətta öz daxilində belə “qeyri-Avropa” kontingenti formalaşdırmağa çalışması Qərbi ələ verir - “köhnə dünya” yeni dünyaya yumşaq desək, “məğlub olduğunu” etiraf etməsə də, proseslərin inkişafından narahat olduğunu bütün konturları ilə büruzə verir. Qərb aşkar şəkildə illərlə kölgəsinə sığındığı “dəyərlər kompleksini” hətta ayaqladığını, demokratik düşüncə və ya yanaşma problemi yaşadığını, ayrımçılığı, bölücülüyü hədəflədiyini ortaya qoyur. Özünə münasibətdə belə davranışlarını korrektə edə bilməyən Qərb günahkarı da uzaqda axtarmır - sülh və əməkdaşlıq uğrunda səy göstərənləri “düşmən” elan etməkdən çəkinmir...

Qərb demarşı: Orbanın “kontr-qərbçi”likdə “ittiham edilməsi”

Qeyd etdiyimiz nüanslar, son günlərdə daha çox diqqəti cəlb etməyə başlayıb. Artıq aylardır ki, Qərbin Macarıstana qarşı yürütdüyü “iç səlib yürüşü”nün sərhədləri günü-gündən genişlənir. Ukraynaya silah yardımı üçün maliyyə ayrılmasına etiraz edən Budapeşti “zərərsizləşdirmək üçün” hətta mənsub olduqları qitə birliyinin - Avropa İttifaqının nizamnaməsini belə pozmaqdan çəkinməyən Qərb yeni və yersiz ittihamlarla öz patronajlığını sübut etməyə çalışır. Adi bir fakt - hazırda Aİ-yə sədrlik edən Macarıstanın sülh uğrunda davranışları, bölgəsəl əməkdaşlıq nümunəsi sərgilməsi (həm Aİ sədri, həm də TDT-nin müşahidəçi qismində üzvü kimi), ən əsası isə yeni iqtisadi-ticari situasiyada təmsil etdiyi Qərbin lehinə çevriləcək nüanslar formalaşdırması üçün etdiyi cəhdlər təəssüf ki, səhv yozulur - daha doğrusu, fərqli istiqamətlərə “yönləndirilir”. Macarıstanın baş naziri Viktor Orbanın son günlərdə Kiyev, Şuşa, ardından Moskva və Pekinə səfər etməsi Qərb dünyasını qıcıqlandırır - bu, bütün detallar üzrə bəlli olur. Kimlərsə, Orbanı ittiham etməyə, kimlərsə onun statusunu “azaltmağa” çalışır, kimlərsə bu addımları kontr-Qərb hərəkətlənməsi kimi qələmə verir. Əslində isə...

İki “açıqlama”: hədəf də, qorxu da eynidir...

Məsələnin mahiyyətinə varmaq üçün konkret misallara baxaq. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Macarıstanın baş naziri Viktor Orbanın Şuşa sammitində iştirakı ilə bağlı açıqlama verib. Aİ rəsmisinin sözlərinə görə, Orban Şuşa zirvəsində Avropa İttifaqını təmsil etməyib. “Macarıstanın baş naziri Viktor Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində Avropa İttifaqını təmsil etməyib.

Və ya... Avropa Parlamentinin deputatı Natali Luazo (bu ad Azərbaycan ictimaiyyətinə yaxından tanışdır və bu şəxsin qatı ermənipərəst mövqeyinin ifşası ilə bağlı qəzetimizdə bir sıra materiallar dərc edilib) Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakını Aİ üçün qalmaqal sayıb. Viktor Orbanın Türk Dövlətlərinin Sammitində Şimali Kipr təmsilçisi ilə, hətta Qarabağ şəhərində (?) iştirakı Macarıstan üçün biabırçılıq, Avropa üçün isə qalmaqaldır. Macarıstanın Baş naziri Orban Kipr problemini şübhə altına alırmı? “- Luazo X sosial şəbəkədə qeyd edib.

Göründüyü kimi, bu iki açıqlama təxminən eyni “hədəfə” istiqamətlənib - Macarıstanın Qərbin sifarişini və ya əmrini sözsüz icra etməməsindən yaranan qorxu və ya narahatlıqlar, eyni zamanda Şimali Kipr Cümhuriyətinin də müşahidəçi qismində üzvü olduğu yeni regional güc mərkəzinin gələcək perspektivindən çəkinmək. Məsələlərə bu iki detal üzrə yanaşdıqda, Aİ-nin Pekin və Moskva səfərlərinə də etirazının arxasındakı şifrə anlaşılır.

Yeri gəlmişkən, Baş nazir Viktor Orban X səhifəsində Avropa Birliyinin baş diplomatı Borrelin Şuşadakı zirvə ilə bağlı atmacalarına cavab verib. Orban yazıb: “Siz Brüsseldə rahat kresloda barış yarada bilməzsiniz. Aİ-nin sədrliyi Aİ adından danışıqlar aparmaq səlahiyyətinə malik olmasa belə, siz arxası üstə uzanıb, müharibənin möcüzəvi şəkildə sona çatacağına ümid edə bilməzsiniz. Biz sülhə doğru ilk addımların atılmasında mühüm vasitəçi rolunu oynayacağıq. Bizim sülh missiyamızın məqsədi də budur”.

Beləliklə, Orban bir daha Borreli və onun kimilərini ifşa edərək müharibələrin davam etməsində, onların qarşıdurmaların körüklənməsində maraqlı olduqlarını ortaya qoyub...

Borrelin qorxusu: ermənipərəst Qərb maraqlarının “dəfni” reallaşır

Orbanın rəhbərlik etdiyi Macarıstan sözün əsl mənasında Qərb dünyası içində bir “ada”dır - bu “ada” Aİ üzvü, hətta sədri olsa da, qurumun təzyiqləri ilə üzləşir. Səbəb bəllidir - müharibənin dayandırılması və dövlət maraqları çərçivəsində çıxış etməsi. Orbanın davranışları özündə konkretliyi əks etdirir - Budapeşt öz maraqları müstəvisində Azərbaycan və Türkiyə başda olmaqla Türk dünyası, iqtisadi maraqları müstəvisində Rusiya, perspektiv münasibətlər çərçivəsində Pekin ilə əlaqələrini uzlaşdırır. Təbii ki, Borrelin “Şuşa etirazı”nın arxasında həm də Türk dünyasının, dolayısı ilə Azərbaycanın yaratdığı yeni siyasi-iqtisadi situasiyanın qorxusu dayanır. TDT-nin aparıcı güclərindən biri kimi Azərbaycan bu gün Çin və Rusiya ilə strateji əlaqələrə malikdir, Türkiyə ilə müttəfiqdir, Aİ-nin bir çox ölkələrinin enerji təhlükəsizliyinin təminatçısıdır. Ötən 4 ildə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə Azərbaycanın özünün müəyyənləşdirdiyi strateji yol xəritəsinin varlığından xəbər verir - Borel anlayır ki, Orbanın Şuşaya səfər etməsi Macarıstan üçün yüksək dividend vəd etdiyi qədər imperialist və ermənipərəst Qərb maraqlarının “dəfnini” reallaşdırır. Artıq Aİ-nin və ya bir başqa qurumun “anti-Azərbaycan”, ermənipərəst qətnamələrinin bir qara qəpiklik qiyməti qalmır. Aİ sədrinin ziyarət etdiyi şəhəri, Azərbaycan prezidenti ilə yanaşı addımladığı şəhəri necə şübhə altına ala bilərsən? Borrelin tələm-tələsik verdiyi “bəyanatın” şifrəsi budur. O və onun kimiləri qorxurlar ki, Şuşaya, Xankəndinə, Qarabağa düzənlənən səfərlər Borrel və onun kimi erməni dəstəvuzçularının bütün oyununun üstündən xətt çəkir. Nəticədə reallıq da budur - Azərbaycan bütün dünyaya bu şəhərin və bütövlükdə Qarabağın əsl sahibinin kimliyini nümayiş etdirir...

Yeni iqtisadi nizamın məkanı: Avrasiyanın mərkəzi...

O ki qaldı, Moskva və Pekin səfərlərinə, Kiyevi ziyarət etmə məsələsinə, Borrel və onun kimi müharibə, kataklizm, qarşıdurma tərəfdarlarının kürkünə birənin düşməsinin səbəbləri müxtəlifdir.

-Macarıstan və Türkiyənin ortaq sülh davranışları mütləq nəticənin əldə olunmasına daha münbit şərait yaradacaq;

- Pekinlə məsləhətləşmələr yeni dövrdə formalaşacaq iqtisadi-siyasi məzmunu Qərb imperializminin ən böyük siyasi rəqibinə çevirəcək - burada əsas detal kimi yenə də TDT önə çıxır;

-  Sülh çağırışlarının iqtisadi əsaslandırmaları masa üstünə qoyulur.

Son tezis daha cəlbedicidir. XXI əsrin yaşadığımız onilliyinin ən əsas komponentinin “yol mübarizəsi” olduğunu nəzərə alsaq, Macarıstan yeni iqtisadi yolun mühüm bir parçası olmaq üçün səylər göstərir. Doğru yolda olduğu qədər, ölkəsinin maraqlarını da doğru yoldan müdafiə edən baş nazir Orban bunun üçün Kiyevə öz “məsləhətlərini” verir. Aİ sədrinin Moskvaya səfəri sülh üçün mesajdırsa, Pekinə səfəri yeni iqtisadi nizamda yer almaq istəyindən qaynaqlanır. Yeni iqtisadi nizamın əsas oyunçuları isə heç də “köhnə qitədə” yerləşmir - yeni geocoğrafi parametrlər artıq Avrasiyanın mərkəzini göstərir: Macarıstanın da ziyarət etdiyi Şuşanın yaxınlığını, Zəngəzur dəhlizini və yeni Türk Birliyini...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31