Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zaman yetişib...

Zaman yetişib...

10.12.2024 [09:30]

Tarixi ədalətsizliyə son qoyulmalıdır!

İlham Əliyev: Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır

Bu günlərdə Azərbaycan dövlət və cəmiyyət olaraq zamanında indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın ləyaqətli şəkildə tarixi yurd yerlərinə qayıdışı istiqamətində daha bir addım atmış oldu. Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans uğurla baş tutdu. 51 ölkədən gəlmiş 100-dən çox nümayəndənin iştirakı ilə aparılan müzakirələrdə və qəbul olunan yekun sənəddə qayıdış hüququnun beynəlxalq konvensiyalarda da təsbit olunduğu diqqətə çatdırılmaqla soydaşlarımızın doğma yurd yerlərinə dönmələri üçün Ermənistan tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Zamanında ağır məhrumiyyətlərə düçar olmuş insanların haqqı tanınmalı və tarixi ədalətsizliyə son qoyulmalıdır. Bunun üçün artıq zaman yetişib.

Dövlətin güclü siyasi iradəsi və xalqın həmrəyliyi

Məqsədyönlü, milli maraqlardan qaynaqlanan siyasət həyata keçirən Azərbaycan dövləti hər mərhələdə öz qarşısına yeni hədəflər qoyur və bu hədəflərə çatmaq üçün əməli fəaliyyətlər həyata keçirir. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan parlaq qələbələr sayəsində biz 30 il ərzində ölkənin gündəliyinin mərkəzində dayanan əsas məsələnin həllinə nail olduq - ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdik.

Əldə etdiyimiz möhtəşəm qələbələrimizdən sonra Prezident İlham Əliyev bildirdi ki, biz  zəfərlərimizi uzun müddət istismar mövzusuna çevirə bilmərik. Bəli, bəhs olunan qələbələr tariximizin şanlı səhifəsidir. Onları heç kim bizə hədiyyə etməyib. Biz bu zəfərləri dövlətin gücü, əsgər və zabitlərimizin şücaətləri, xalqımızın həmrəyliyi sayəsində qazanmışıq. Ancaq Azərbaycan daim inkişafda olan, irəliyə baxan bir dövlətdir. İndiki strateji mərhələdə dövlət və cəmiyyət üçün əsas ümummilli ideyalardan biri isə - soydaşlarımızın tarixi yurd yerlərinə qayıdışını təmin etməkdən ibarətdir. Hazırda bu ümummilli ideyanın reallaşmasına Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev güclü siyasi iradə ortaya qoyur. Eyni zamanda, cəmiyyətimizdə bu məsələyə həssas yanaşma var. Xalqımız yeni mərhələdə yeni ümummilli ideyamızın həyata keçirilməsinə də güclü dəstək verir. “Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir”, - deyə Prezident İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda vurğulayıb.

Soydaşlarımızın qayıdışı üçün tarixi və hüquqi zəmin

Qərbi Azərbaycan İcması soydaşlarımızın qayıdış hüququnu beynəlxalq müstəvilərdə müzakirələrə çıxararkən ilk növbədə tarixi faktlardan çıxış edir. Bəli, ortada hələ də həllini tapmayan böyük ədalətsizlik var. Zamanında soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi  öz miqyasına və xarakterinə görə dünyada qeydə alınan eyni məzmunlu hadisələr sırasında xüsusi qəddarlıqla törədilməsi ilə diqqət çəkir. Dünya tarixində bir yüzillikdə eyni bir toplumun dörd dəfə ən ağır şərtlər altında dəhşətli deportasiyalara məruz  qalması faktına rast gəlinmir. Qərbi Azərbaycandan qovulan soydaşlarımız XX yüzillikdə məhz belə acı tale ilə üzləşiblər. Onlar 1918, 1921, 1948-1953 və 1987-1991-ci illərdə olmaqla doğma ev-eşiklərindən zorla çıxarılıblar. Ən acınacaqlı cəhətlərdən biri də ondan ibarətdir ki, Qərbi Azərbaycanda dağlıq zonada yaşamağa öyrəşmiş soydaşlarımızın yeni yaşayış ünvanları kimi bir qayda olaraq aran bölgələri seçilib ki, bu da adaptasiyanın çox ağır keçməsi ilə nəticələnib. Sonuncu deportasiyayadək indiki Ermənistan ərazisində 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə soydaşlarımız məskunlaşmışdılar . Onların hamısı cəmi 3 il ərzində yurd yerlərindən  zorla çıxarıldı. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Eyni zamanda, Qarabağda da xalqımıza qarşı cinayətlər  törədildi. Yüz minlərə insanın taleyinə bu şəkildə qərar verilməsi humanizm dəyərlərinin tamam unudulması anlamına gəlir. 

Qeyd etdiyimiz kimi, qayıdış hüququ həmçinin beynəlxalq konvensiyalarda da təsbit olunub. Təsadüfi deyildir ki, konfransda qəbul olunan yekun sənəddə qayıdış hüququnun beynəlxalq norma və prinsiplərə uyğun olduğuna xüsusi vurğu edilib. Sənəddə də bildirildiyi kimi, qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunub və təməl insan hüququ kimi tanınır. Qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı, Pinheiro Prinsiplərini və beynəlxalq adət hüququnu misal göstərə bilərik. Beynəlxalq sənədlərdə əksini tapan müddəalar mütləq qaydada XX yüzillikdə dörd dəfə amansız deportasiyalara məruz qalan soydaşlarımıza və onların varislərinə də şamil edilməlidir. Ermənistanın manipulyasiyalarla zaman udmağa çalışması heç nəyi dəyişməyəcək. Rəsmi İrəvan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəklərini Azərbaycanın bu ölkəyə ərazi iddiaları anlamında təqdim etməyə çalışır. Bu, Ermənistanın növbəti yalanıdır. Dünya N.Paşinyanın və onun komandasında təmsil olunan məmurların bu kimi yalanlarına aldanmamalıdır. Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşıb. Aydın şəkildə dərk olunur ki,  beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür. Dünya birliyi həmçinin Ermənistana təzyiq göstərməli və bu ölkəni azərbaycanlıların qayıdış hüququnu tanımağa, onların yurd yerlərinə ləyaqətli şəkildə geridönüşünə lazımi şərait yaratmağa məcbur etməlidir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Seçim tələsi

13 Yanvar 15:13

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31