Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

05.07.2025 [10:16]

“Media haqqında” qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul olunub

İyulun 4-də Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə spiker Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin 30 iyun-1 iyul tarixlərində Özbəkistana işgüzar səfəri barədə məlumat verib. O bildirib ki, səfərdə məqsəd Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək idi. Səfərdə 28 deputat, o cümlədən Milli Məclisin sədr müavini, 7 komitə sədri, 6 komitə sədrinin müavini və müxtəlif komitələrin 13 üzvü iştirak edib. Spikerin sözlərinə görə, bu tədbir Milli Məclisin hər hansı digər ölkənin qanunvericilik orqanı ilə keçirdiyi ilk forum idi. Toplantının yekunlarını da nəzərə alaraq söyləmək olar ki, forum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək. 

Forum uğurlu oldu

S.Qafarova deyib ki, Xivə şəhərində keçirilən forumda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda müzakirələr aparıldı. Hər iki ölkənin parlament sədrləri çıxış etdilər. O, çıxışında bəhs etdiyi məqamları vurğulayıb. Bundan əlavə, forum çərçivəsində keçirilən 6 panel sessiyasında bir çox mühüm məsələlər ilə bağlı ətraflı müzakirələr aparılıb. Sessiyalarda 22 deputatımız fəal iştirak edib. Müzakirələrdə 6 deputatımız moderatorluq edib, 16 deputatımız isə fərqli mövzular üzrə çıxış ediblər.   

Forumun yekununda Xivə Bəyannaməsi qəbul olunub.

Eləcə də Forum çərçivəsində Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” imzalanıb. Forumun mühüm nəticələrindən biri də Milli Məclis ilə Özbəkistan Ali Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın Nizamnaməsinin imzalanması olub. Daimi fəaliyyət göstərən bu orqan ikitərəfli əməkdaşlıq gündəliyini daha səmərəli şəkildə həyata keçirməyə kömək göstərəcək.

Strateji valyuta ehtiyatlarımız 74 milyard dollardan çoxdur

Sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub. Əvvəlcə Konstitusiya Məhkəməsinin hakimlərinin təyin olunması barədə qərar qəbul edilib. Qərara əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunublar. Onlar parlamentdə and içiblər.

Sonra Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verdikdən sonra sənəd qəbul olunub. Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat, dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat olub.

Maliyyə naziri Sahil Babayev isə bildirib ki, bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard dollardan çoxdur: “İnanırıq ki, bu göstərici getdikcə daha da artacaq. 2024-cü ilin büdcəsi həm gəlirlərin, həm xərclərin icrasında müsbət dinamika göstərməklə yanaşı, eyni zamanda, imkan verdi ki, Azərbaycan öz ehtiyatlarını daha da artırsın”.

Sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu” təsdiq edilib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədin birinci oxunuşda müzairəsi zamanı deputatlardan tərəfindən səsləndirilən fikir və təkliflərə toxunub, layihənin əhəmiyyətini vurğulayıb. O deyib ki, bəzi məsələlər referendum yolu ilə həll oluna bilər.

Sonra Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə danışıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa müvafiq dəyişikliyin edilməsi təklif olunur. Burada məqsəd Naxçıvan Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.

Şəxsiyyət vəsiqələrində yeniliklər olacaq

Milli Məclis şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini də birinci oxunuşda qəbul edib. Sənəd “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb. Qeyd olunub ki, dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.

Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur.

Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur. Bütövlükdə, təklif olunan dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

Media Reyestrində olmayanlar nə qədər cərimələnəcək?

Deputatlar “Media haqqında” qanuna da dəyişiklikləri müzakirə ediblər. Layihə haqqında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. Z.Oruc bildirib ki, bu dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri nəzərə alınaraq irəli sürülüb: “Burada əsas məqsəd Azərbaycanın informasiya mühitinin qorunaraq, sağlamlaşdırılması, media brendinin və jurnalistin nüfuzunun artırılması, informasiya məkanında hər hansı neqativ hallara qarşı mübarizədə cəmiyyətin tələblərini nəzərə alaraq dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin edilməsidir. Nəzərdə tutulan dəyişikliklər qəbul olunarsa, bu, bütün media məkanında şəffaf və sağlam mühitin formalaşmasında önəmli rol oynayacaq”.

Məlumat verilib ki, qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilib, bununla da peşəkar medianın əhatə dairəsi müəyyənləşdirilib. Dəyişikliyə əsasən, media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyi də media subyekti hesab ediləcək. Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair normanın əlavə edilməsi nəzərdə tutulub. Qanuna təklif edilən dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə məlumat verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi özü tərəfindən istehsal edilmiş olmalıdır.

Eyni zamanda, layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, iclasın gündəliyində olan bütün məsələlər qəbul edilib. Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının iyulun 8-də keçiriləcəyini diqqətə çatdırıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31