Azərbaycan və Qazaxıstan qardaşlıq, strateji tərəfdaşlıq və ortaq inkişaf yolunda
20.10.2025 [16:50]
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə xüsusi strateji və siyasi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə xidmət edir.
Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri intensiv xarakter alıb. Bu qarşılıqlı səfərlər nəticəsində ikitərəfli və çoxtərəfli formatlarda mühüm sənədlər imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Siyasi əlaqələrlə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni sahələrdə də münasibətlər daha da genişlənib.
Azərbaycanın xüsusilə sıx və tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri Qazaxıstandır. Azərbaycanın və Qazaxıstanın strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində uğurla inkişaf edir.
AZƏRTAC dərin köklərə malik Azərbaycan-Qazaxıstan münasibətlərinə bir daha qısa nəzər salır.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaq dəyərlər iki ölkənin münasibətlərinin əsasını təşkil edir. Bu dəyərlər əsrlər boyu formalaşıb, xalqlarımız arasında qarşılıqlı hörmətin və dostluğun möhkəmlənməsinə xidmət edib. Azərbaycan ilə Qazaxıstanı birləşdirən ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı bu əlaqələrin təbii və davamlı olmasını təmin edir. Hazırda Qazaxıstanda iki yüz minə yaxın azərbaycanlı yaşayır (onların üçdəbir hissəsi Türküstan vilayətində məskunlaşıb). Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində fəal çalışır, Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edərək iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verirlər.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub və bu tarix iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı olub. Qısa müddətdən sonra - 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb və bu, siyasi dialoqun, qarşılıqlı əməkdaşlığın genişlənməsinə mühüm təkan verib. 2004-cü ilin martında isə Azərbaycanın Qazaxıstanda səfirliyi açılaraq əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb. İkitərəfli münasibətlərin inkişafının göstəricisi kimi 2008-ci ilin sentyabrında Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulluğu təsis edilib. Bu addım iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın region səviyyəsində də güclənməsinə xidmət edib.
Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir.
Ötən illər ərzində Azərbaycan və Qazaxıstan arasında təqribən 170 sənəddən ibarət mükəmməl hüquq-müqavilə bazası formalaşıb, siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb.
İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Mühüm mədəni-maarif müəssisəsinə çevrilmiş bu Mərkəzdə hazırda 100-ə yaxın uşaq təhsil alır.
Onu da qeyd edək ki, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş etdirilib. Film Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərini əks etdirir.
Dostluq əlaqələrinin daha bir göstəricisi olaraq, Astana şəhərinin mərkəzi küçələrindən biri Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Küçənin təntənəli açılış mərasimi 2023-cü il aprelin 10-da Prezident İlham Əliyevin və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə baş tutub.
Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli müstəvidə deyil, həm də çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal və səmərəli əməkdaşlıq edirlər. Hər iki ölkə beynəlxalq qurumlarda bir-birini daim dəstəkləyir. Azərbaycan və Qazaxıstan beynəlxalq arenada bir çox qlobal və regional məsələlərdə ortaq mövqedən çıxış edərək, həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də sülh və sabitliyin təmin olunmasına töhfə verirlər.
Oktyabrın 18-də Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” Agentliyinə eksklüziv müsahibəsində ölkələrimiz arasındakı çoxtərəfli əməkdaşlıqla bağlı fikirlərini bölüşərək deyib: “Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür”.
Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş fəaliyyəti Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə Qazaxıstanın Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində irəli sürdüyü “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub.
Eyni zamanda, regionda yeni nəqliyyat-kommunikasiya xətlərinin açılması və Mərkəzi Asiya ölkələri üçün yaranan imkanlar bu məsələdə ölkələrimizin maraqlarının üst-üstə düşdüyünü göstərir. Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinə çevrilməsinə xidmət edən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası da diqqətəlayiqdir. Bu çərçivədə 2022-ci il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.
Bundan əlavə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm töhfə verir və əlaqələrin davamlı inkişafını təmin edir. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.
Azərbaycan-Qazaxıstan əməkdaşlığında iqtisadi-ticari münasibətlər strateji önəm daşıyır. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində ardıcıl birgə təşəbbüslər həyata keçirir və əməkdaşlığı davamlı olaraq genişləndirir. Bu günə qədər Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Qarşılıqlı ticarətdə də aydın və davamlı artım müşahidə olunur. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon dollara çatıb. Bu yüksəliş Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.
İnvestisiya əməkdaşlığı da getdikcə möhkəmlənir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir. Bu göstəricilər ölkələrimizin uzunmüddətli tərəfdaşlığa, qarşılıqlı etimada və davamlı iqtisadi inkişafın təmin edilməsinə verdiyi önəmi açıq şəkildə nümayiş etdirir.
Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün strateji əhəmiyyət daşıyan sahədir. İnfrastrukturun davamlı inkişafı və tarif-logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılmasına və ikitərəfli münasibətlərin möhkəmlənməsinə şərait yaradır. Bu sahədə qarşılıqlı fəaliyyət artıq əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki illə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında imzalanan “Yol Xəritəsi” iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Qarşılıqlı səmərəli fəaliyyət neftin emalı, tranziti və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verərək Azərbaycanın regional enerji mərkəzinə çevrilməsinə xidmət edir.
Azərbaycan və Qazaxıstan media sahəsində də fəal iş birliyi aparırlar. Belə ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar. AZƏRTAC və “Kazinform”, eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türk Xəbər Agentlikləri Alyansı (ATNA) və digər transmilli media platformalarında da sıx əməkdaşlıq edirlər.
Ölkələrimiz, həmçinin təhsil sahəsində uğurlu əməkdaşlıq edirlər. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya və Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqi Mərkəzi” fəaliyyət göstərir.
Bütün bunlar sübut edir ki, ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də təhsil, mədəniyyət və humanitar sahələrdə də davamlı olaraq inkişaf edir. Bu əməkdaşlıq gənc nəsillərin yetişdirilməsinə, elm və təhsil əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Beləliklə, Azərbaycan və Qazaxıstan arasında münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq daha da dərinləşəcək və genişlənəcək, regionda sabitliyə və tərəqqiyə töhfə verəcək.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Oktyabr 20:14

YAP xəbərləri
20 Oktyabr 19:43

YAP xəbərləri
20 Oktyabr 19:21

YAP xəbərləri
20 Oktyabr 19:14

YAP xəbərləri
20 Oktyabr 18:31

YAP xəbərləri
20 Oktyabr 18:04

YAP xəbərləri
20 Oktyabr 17:59

Sosial
20 Oktyabr 17:55

YAP xəbərləri
20 Oktyabr 17:51

Siyasət
20 Oktyabr 17:49

YAP xəbərləri
20 Oktyabr 17:31

YAP xəbərləri
20 Oktyabr 17:20

YAP xəbərləri
20 Oktyabr 17:07

YAP xəbərləri
20 Oktyabr 16:56

Siyasət
20 Oktyabr 16:50

YAP xəbərləri
20 Oktyabr 16:47

YAP xəbərləri
20 Oktyabr 16:45

Gündəm
20 Oktyabr 16:42

YAP xəbərləri
20 Oktyabr 16:20

YAP xəbərləri
20 Oktyabr 16:19

YAP xəbərləri
20 Oktyabr 15:50

YAP xəbərləri
20 Oktyabr 15:38

YAP xəbərləri
20 Oktyabr 15:33
Diaspor
20 Oktyabr 15:26

Sosial
20 Oktyabr 15:23
YAP xəbərləri
20 Oktyabr 15:21

YAP xəbərləri
20 Oktyabr 14:56

YAP xəbərləri
20 Oktyabr 14:52

Xəbər lenti
20 Oktyabr 14:31

YAP xəbərləri
20 Oktyabr 14:29

YAP xəbərləri
20 Oktyabr 13:56

Hadisə
20 Oktyabr 13:54

Sosial
20 Oktyabr 13:29

YAP xəbərləri
20 Oktyabr 13:28

Sosial
20 Oktyabr 13:27

Hadisə
20 Oktyabr 13:12

İqtisadiyyat
20 Oktyabr 13:09

İqtisadiyyat
20 Oktyabr 13:07

YAP xəbərləri
20 Oktyabr 12:54

Gündəm
20 Oktyabr 12:54

YAP xəbərləri
20 Oktyabr 12:25

Gündəm
20 Oktyabr 12:13

YAP xəbərləri
20 Oktyabr 11:52

YAP xəbərləri
20 Oktyabr 11:50

Sosial
20 Oktyabr 10:42

Dünya
20 Oktyabr 10:21

YAP xəbərləri
20 Oktyabr 09:53

Sosial
20 Oktyabr 09:47

Dünya
20 Oktyabr 09:14

Dünya
20 Oktyabr 08:42

Gündəm
20 Oktyabr 02:43

Dünya
19 Oktyabr 23:35

Dünya
19 Oktyabr 22:27

Siyasət
19 Oktyabr 21:39

İdman
19 Oktyabr 20:30

Sosial
19 Oktyabr 19:59

Sosial
19 Oktyabr 18:30

Sosial
19 Oktyabr 17:57

Dünya
19 Oktyabr 16:29

İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50
