Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda gənclər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycanda gənclər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub

05.07.2014 [10:06]

Prezident İlham Əliyev: Bu gün Azərbaycanda gənclər siyasəti uğurla aparılır. Müxtəlif layihələr, proqramlar icra edilir
Məlum olduğu kimi, Azərbaycan bu gün ictimai həyatın müxtəlif sahələrində, makroiqtisadi səviyyədə sürətli inkişafa, yüksəlişə nail olan dövlətdir. Şübhəsiz ki, ölkənin ümumi inkişaf prosesindən əhalinin bütün təbəqələri ilə yanaşı, gənclər də geniş şəkildə bəhrələnirlər. Regionların sosial-iqtisadi inkişafı layihələri çərçivəsində son 10 ildə 1,2 milyon iş yeri açılıb, yeni müəssisələr, istehsal sahələri yaradılıb ki, bu da gənclərin məşğulluğunun artırılmasına səbəb olub. Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsi, əməkhaqlarının artırılması, yeni iş yerlərinin yaradılması sayəsində yoxsulluq 49 faizdən 5,3 faizə enib, işsizlik isə cəmi 5 faiz təşkil edir.
Təqdirəlayiq haldır ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq olunması haqqında” və 2006-cı il aprelin 17-də imzaladığı “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, 2011-ci il iyulun 7-də imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq olunması haqqında” sərəncamlar mövcud siyasətin daha da inkişaf etdirilməsinə təkan verərək gənclərin istedadının aşkara çıxarılmasında, ictimai fəallığının artırılmasında, onların dövlət idarəçiliyinə cəlb olunmasında, sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynayıb. Həyata keçirilən Dövlət proqramları müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb.
Prezident İlham Əliyevin gənclərlə görüşlərinin birində söylədiyi kimi, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir: “Bu gün Azərbaycanda gənclər siyasəti uğurla aparılır. Müxtəlif layihələr, proqramlar icra edilir”.
GƏNCLƏRİN KEYFİYYƏTLİ TƏHSİL ALMASINA GENİŞ İMKANLAR YARADILIB
Bildiyimiz kimi, gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində, cəmiyyətdə özünə layiqli yer tutmasında keyfiyyətli təhsilin rolu həlledicidir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsi olaraq, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.
Məlum olduğu kimi, Azərbaycanda 4500-ə yaxın məktəb mövcuddur. Onlardan 2700-dən çoxu son on ildə tikilib və ya əsaslı təmir edilib. Həmçinin, son illərdə yüzlərlə uşaq bağçasının, bir çox ali məktəblərin yeni tədris korpuslarının, idman-olimpiya komplekslərinin tikilərək istifadəyə verilməsi də yeni nəslin hərtərəfli formalaşmasına töhfədir.
Bundan əlavə, dövlət başçısının “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür. Bölgələrə səfəri zamanı gənclərlə görüşlərinin birində Prezident İlham Əliyevin söylədiyi kimi, gənclərin xarici ali məktəblərdə təhsil almasına dövlət dəstəyi 2015-ci ildən sonra da davam etdiriləcək.
GƏNCLƏRİN YARADICI FƏALİYYƏTİNƏ STİMUL VERİLİR
Dövlət proqramlarının icrası ilə bağlı 2011-ci ildə yaradılan Gənclər Fonduna ayrılan vəsaitin yardımı ilə nəzərdə tutulan işlər də uğurla həyata keçirilməkdədir. Gənclər Fondunun vəsaiti hesabına gənclərə yönəlmiş strateji layihələrə dəstək verilir, gənclərin elmi, yaradıcılıq baxımdan inkişafına, beynəlxalq əlaqələrinin qurulmasına, gənclər təşkilatlarının irimiqyaslı layihələrinin icrasına yardım edilir.
2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər Mükafatı”nın təsis edilməsi də olduqca mühüm addımdır. Mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 manat məbləğində müəyyənləşdirilib. Qeyd olunan mükafat elm sahəsində gənclər arasında rəqabət mühitini formalaşdırmaqla bərabər elm sahəsində uğurlar əldə etmiş gənc alimlərin fəaliyyətinə ciddi stimul verəcəkdir.
Hazırda gənclərimizin yaradıcılıq potensialının gerçəkləşməsinə yeni-yeni imkanlar yaradılır. Bu baxımdan, 2011-ci ildə Bakıda yaradılan “YARAT!” qeyri-kommersiya təşkilatının həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. “YARAT!”ın əsas məqsədlərindən biri Azərbaycanın yenicə başlayan və təcrübəli rəssamları üçün peşəkar yaradıcılıq platformasının yaradılmasıdır. Qarşıya qoyulan əsas məqsədlərdən biri də müxtəlif mədəniyyətlər və incəsənət qurumları, nümayəndələri arasında dialoq, mübadilə və körpu yaratmaqdır. Təsadüfi deyil ki, Bakıda və rayonlarda rəsm-sərgi qalereyalarının sayının artması, müasir incəsənət sahəsinə maraq göstərən istedadlı gənclərin çoxalması xarici mediada Azərbaycan incəsənəti ilə bağlı dərc olunan yazılarda öz əksini tapır.
Ümumilikdə, bu gün respublikada mövcud olan yüzlərlə qeyri-hökumət gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub.
Həmçinin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının inkişafı ayrıca nəzərdə tutulub və təsadüfi deyil ki, gənclər konsepsiyanın hazırlanması prosesinə aktiv cəlb olunub, onların fikir və təklifləri yeni konsepsiyada nəzərə alınıb.
AZƏRBAYCANDA AKTİV VƏ VƏTƏNPƏRVƏR GƏNCLƏR ORDUSU FORMALAŞIb
Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onların intellektual potensialından ölkənin sürətli inkişafı prosesində mühüm element kimi istifadə olunması həm də yeni nəslə göstərilən etimaddan xəbər verir.
Prezident İlham Əliyevin sədrlik etdiyi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir. Partiyanın Gənclər Birliyi istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu Azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında Vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. YAP Gənclər Birliyinin 2007-ci ildən başlayaraq həyata keçirdiyi “Yay məktəbləri” layihəsi çərçivəsində təşkil olunan seminar-konfranslar layihədə iştirak edən minlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Bu bir həqiqətdir ki, Azərbaycan gəncləri Ümummilli liderin əsasını qoyduğu inkişaf strategiyasını və onu uğurla həyata keçirən Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Təsadüfi deyil ki, hər il Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan minlərlə vətəndaşın böyük hissəsi gənclərdən ibarətdir.
Beləliklə, Azərbaycanda dövlətin gənclər siyasəti ölkə vətəndaşları, o cümlədən, gənclərimiz tərəfindən yüksək qiymətləndirilir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31