Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Müsavat”çı xain Ermənistandan siyasi sığınacaq istəyib

“Müsavat”çı xain Ermənistandan siyasi sığınacaq istəyib

14.02.2017 [09:28]

Ailəsi xəyanətkar Şahin Mirzəyevdən imtina etdi
Hər zaman anti-Azərbaycan mövqeyindən çıxış edən, ölkəmizin inkişafından, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əldə edilən mühüm uğurlardan narahat olan bir sıra “sapı özümüzdən olan balta”lar yenidən iç üzlərini Azərbaycan ictimaiyyətinə nümayiş etdirdilər. Radikal müxalifət düşərgəsinə mənsub partiyaların ermənilərlə, eləcə də erməni lobbisi və onların nəzarətində olan təşkilatlarla əlaqədə olması, əməkdaşlıq etməsi, xalqımıza, dövlətimizə qarşı düşmən münasibət sərgiləməsi bir daha sübuta yetirildi. Xalqımıza, dövlətimizə növbəti xəyanətin sorağı yenə də bu ünvandan gəldi...
Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, bu ölkənin hökuməti Müsavat Partiyasının və Rafiq Cəlilovun rəhbərlik etdiyi “Talış Mədəniyyət Mərkəzi” İdarə Heyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda “müvəqqəti sığınacaq” almaq istəyi ilə bağlı müraciətini müsbət qarşılayıb.
“Müsavat” Ermənistana qaçmaq istəyənlərin kampı “vəzifəsini icra etməkdədir”
Qeyd etdiyimiz kimi, Müsavat Partiyasının üzvü olan xain Şahin Mirzəyev separatçı mövqedə olduğunu heç bir zaman gizlətməyib. Bir zamanlar Əlikram Hümbətov adlı satqının yanında səf tutan Ş.Mirzəyev, sonradan öz “arzularını reallaşdırmaq” üçün məhz “Müsavat”ı seçib. Bu gün xəyanətkarın onlarla eyni təşkilatda təmsil olunduğunu etiraf etməmək üçün mətbuatdan gizlənən, açıqlama verməyən “Müsavat” funksionerlərinin təkzibləri də uğursuz xarakter daşıyır. Məsələn, Şahin Mirzəyevin vaxtilə “Müsavat”da təmsil olunub-olunmaması ilə bağlı partiyanın başqan müavini Gülağa Aslanlı suala cavab vermək istəməyib. Amma digər bir funksioner Yadigar Sadıqov bu faktı təsdiqləyib. Başqa cür ola da bilməzdi. Bir zamanlar əllərində “Müsavat”ın bayrağı mitinqlərdə, bəzi ünvanlarda yan-yana dayanmış Yadigar Sadıqov, Şahin Mirzəyev və digərləri ermənilərlə dostluq müqaviləsi bağlayan İsa Qəmbərin ən yaxın silahdaşlarındandır. Bəli, 2010-cu ildə Potsdamda Erməni Ümummilli Konqresi ilə əməkdaşlıq imzalayan “Müsavat” bir zamanlar Qərbdən siyasi sığınacaq almaq istəyənlər üçün tramplin idisə, bu gün ermənilərlə eyni zindana çəkic vuranların, xainlərin, satqınların, Ermənistana qaçmaq istəyənlərin kampı “vəzifəsini icra etməkdədir”.
İsa Qəmbərin, Arif Hacılının əsas missiyalarından biri də xainləri öz qanadları altına alıb gizlətmək və lazımi məqamda ölkəmizə qarşı işlənməsinə şərait yaratmaqdan ibarət imiş
Yeri gəlmişkən, Ş.Mirzəyevin məhz indiki məqamda, ermənilərin ard-arda fiasko yaşadığı günlərdə belə bir xəyanətə əl atması da araşdırma mövzusudur. Ötən ilin aprelindən cəbhə xəttində ermənilərin törətməyə çalışdıqları təxribatların qarşısının alınması, işğal altında olan bir sıra mühüm yüksəkliklərin azad edilməsi, bir neçə diversiya qruplarının məhv edilməsi, bəzi erməni hüquq müdafiəçilərinin açıq şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi və nəhayət, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması kimi faktlar ermənilərlə yanaşı, ermənipərəstlərin də yuxusuna haram qatmışdı. Əlləri heç yana çatmayan, Azərbayan xalqından dəstək ala bilməyən, bütün xəyanətkar simaları ifşa edilən bu zümrə, deyəsən, sonuncu yola əl atır. Onsuz da sicili xəyanət və satqınlıqdan ibarət, separatçıların əlaltısı olan Ş.Mirzəyevin düşmənin qucağına atılması bir daha göstərir ki, radikal müxalifət adlanan ünsürlər Azərbaycanın maraqlarına qarşı oynanılan oyunların əsas “qəhrəmanlarıdır”. Erməni lobbisi, ermənipərəst mərkəzlər xalqımıza, dövlətimizə xain çıxanları məhz bu təşkilatlarda bəsləməkdədir. Demək ki, İsa Qəmbərin, Arif Hacılının əsas missiyalarından biri də bu cür separatçı xainləri öz qanadları altına alıb gizlətmək və lazımi məqamda ölkəmizə qarşı işlənməsinə şərait yaratmaqdan ibarət imiş...
Atası Ş.Mirzəyevdən imtina etdi: Mən onun tutduğu yola nifrət edirəm...
Bu məsələdə əsas məqamlardan biri də Ş.Mirzəyevin ailəsinin Ermənistandan “müvəqqəti sığınacaq” istəyən xain övladlarından imtina etməsidir. Bu barədə azvision.az-a Ş.Mirzəyevin atası, 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev bildirib. O, Şahin Mirzəyevlə uzun müddətdir əlaqə saxlamadığını deyib: “6 aydan çox olar ki, onunla bütün əlaqələri kəsmişəm. Xəstəlik adı ilə Gürcüstana getdiyini bilirdim. Mən 65 il müəllim işləmişəm, Azərbaycan dövlətinə bağlı insanam. Biz Azərbaycanın çörəyi ilə böyümüşük. Mənim tələbələrim, şagirdlərim akademiyalarda, universitetlərdə çalışırlar. Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq. Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən Şahin Mirzəyevdən imtina etmişəm. Bunu özü də bilir. O, ailəsinə, dövlətinə qarşı nankorluq eləyib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problem olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı, problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31