Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm

Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm

19.04.2018 [09:40]

Azərbaycanda keçirilən seçkilər xalqın iradəsini əks etdirib
2018-ci il aprelin 11-də müstəqillik yolu ilə inamla irəliləyən, son 15 ildə aparılan məqsədyönlü siyasət sayəsində zirvələrə yüksələn, regional güc amilinə çevrilən, dünyada ləyaqətli ölkə kimi tanınan müstəqil Azərbaycanda daha bir taleyüklü hadisə yaşandı - prezident seçkiləri uğurla keçirildi. Aprelin 17-də Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını elan etdi. Verilən məlumatlara əsasən, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi qatılan İlham Heydər oğlu Əliyevin lehinə verilib. Beləliklə, dünən Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Azərbaycanın dövlət rəsmilərinin, hökumətin üzvlərinin, Milli Məclisin deputatlarının və Prezidentin ailə üzvlərinin iştirak etdiyi andiçmə mərasimində Prezident İlham Əliyev dərinməzmunlu nitq söyləyərək ölkəmizin müsbət reallıqlarına, son 15 ildə əldə olunan uğurlara və seçkilərdə Onun qələbəsini təmin edən amillərə diqqət çəkib.
Xalq-iqtidar birliyi Azərbaycanın uğurlarının əsas şərtidir
Azərbaycan xalqı müdrik xalqdır, taleyüklü məqamlarda həmişə pisi yaxşıdan ayırıb və düzgün seçim etməyi bacarıb. Xalq qəti mövqeyini 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizin ünvanına çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verərək Onu növbəti 7 il üçün Azərbaycanın dövlət başçısı seçdi. Bu seçim xalqın öz liderinə sonsuz inamının ifadəsi idi. Öz növbəsində, Prezident İlham Əliyev də qətiyyətlə reallaşdırdığı siyasətdə daim xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Bəhs olunan nitqində bu amili nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Beləliklə, aprelin 11-də keçirilən seçkilər bütün dünyaya Azərbaycan xalqının iradəsini nümayiş etdirdi. Seçki günü insanların dəstə-dəstə seçki məntəqələrinə axışmalarını, növbə ilə səs vermələrini müşahidə etmək son dərəcə qürurverici idi. Bu o anlama gəlir ki, xalq öz taleyinə biganə deyil, istəyir ki, növbəti mərhələdə də şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı etibarlı əllərdə olsun. “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Həqiqətən də, sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın daxili mənzərəsini səciyyələndirən çox əlamətdar bir amildir. Son 15 ildə Azərbaycan iqtidarı apardığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürüb, daim xalqın mənafeyindən çıxış edib. Eyni zamanda, 11 aprel seçkilərinin nəticələrindən də göründüyü kimi, cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir.
Son 15 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunu göz önündə canlandırsaq, görərik ki, ölkəmizin təcrübəsi identik və heyrətamizdir. Bəhs olunan dövrdə keçilən yola nəzər saldıqda biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
O da səciyyəvi haldır ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi hakimiyyətinə qayıdaraq Öz müdrikliyi, uzaqgörənliyi ilə ölkəni xaosdan, anarxiyadan qurtaran, əldən getmək təhlükəsi ilə üz-üzə qalan müstəqilliyimizi xilas edən, onun fundamental əsaslarını yaradan Ulu öndər Heydər Əliyevin siyasətinə, parlaq, həmişəyaşar ideyalarına sonsuz inam nümayiş etdirir. Müdrik xalqımızın qənaəti belədir ki, müstəqil respublikamızın işıqlı gələcəyi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin ardıcıllığının təmin edilməsi ilə bağlıdır. Burada da xalqın istəyi ilə Prezident İlham Əliyevin iradəsi üst-üstə düşür. Ölkəmizin uğurlarını şərtləndirən həm də o amildir ki, Azərbaycanın dövlət başçısı son 15 ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Prezident İlham Əliyev bir daha qətiyyətlə vurğulayıb ki, Ulu öndərin qoyduğu yol yeganə düzgün yoldur: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Son 15 ildə Ulu öndər Heydər Əliyevin parlaq ideyaları Azərbaycanın mayakı olub və xalqımızın, dövlətimizin yolunu işıqlandırıb. Bəhs olunan dövrdə Ümummilli lider Heydər Əliyevin yolu ilə gedən respublikamız böyük uğurlara imza atıb, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, o cümlədən də bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verib: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Bir sözlə, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçib. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Ölkəmizdə dövlət başçısının qətiyyəti sayəsində daxili risklərin hamısı aradan qaldırılıb, eyni zamanda, Azərbaycan xarici risklərdən də özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşayıb. Bu da ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ötən 15 il demokratik inkişaf baxımından çox uğurlu dövr olub
Demokratik dövlət quruculuğunu hədəfləyən və buna ölkə Prezidenti səviyyəsində böyük siyasi iradə göstərən Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib, respublikamızda bütün azadlıqlar təmin edilib. Ölkəmizin demokratik inkişaf yoluna diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir: “Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir”.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan demokratik inkişaf yolunu heç də kimə isə xoş gəlmək üçün seçməyib. Ölkəmiz demokratiyaya ona görə sadiklik nümayiş etdirir ki, respublikada siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir.
Respublikamızda aprelin 11-də keçirilən seçkilər, onun nəticələri xalqımızın demokratiyaya yüksək dəyər verdiyini və öz taleyinin sahibi olduğunu əyani şəkildə bir daha göstərdi. Prezident seçkiləri mükəmməl seçki qanunvericiliyi və təkmil seçki infrastrukturu əsasında keçirilib. Həmçinin seçki prosesinin gedişində bir sıra yeni seçki texnologiyaları tətbiq olunub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məlumatına əsasən, seçkilərin şəffaflığını kifayət qədər təmin etmək üçün MSK və dairə seçki komissiyaları ilə yanaşı, məntəqə seçki komissiyaları üçün də ən müasir standartlara cavab verən imkanlar yaradılıb. Seçkilərin şəffaflığını və demokratikliyini təmin etmək üçün 61 təşkilat və 59 ölkədən 890-dan çox beynəlxalq müşahidəçi, habelə 51 beynəlxalq KİV-in 118 nümayəndəsi seçkiləri izləyib. Yerli müşahidəçilərin sayının da 59 minə yaxın olduğunu və ölkə üzrə 5641 məntəqənin yaradıldığını nəzərə alsaq, hər bir məntəqəyə 10-dan çox müşahidəçi düşüb. Müşahidəçilərdən 15 minə yaxını öz təşəbbüsü ilə qeydiyyatdan keçən vətəndaşlar olublar. Müşahidəçiliklə bağlı müraciət edən bütün şəxslərə müsbət cavab verilib.
Ölkə boyu seçki məntəqələrinin təxminən 20 faizində - 1000-ə yaxın məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə də dünya ictimaiyyəti səsvermənin gedişini izləyib. Bu da seçkilərin tam şəffaf, azad və demokratik keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Gün ərzində məntəqələrdə bütün proseslər fasiləsiz onlayn rejimində görüntülənib. Dünyanın istənilən ölkəsindən hər bir şəxsin həmin məntəqələrdəki veb-kameralar vasitəsilə səsvermə prosesini izləmək imkanı olub. Ümumilikdə səsvermə günü bütün proseslər qaydaya uyğun olaraq həyata keçirilib.
Azərbaycan daha qüdrətli ölkəyə çevriləcək
Son 15 il ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bəhs olunan dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Son 15 il ərzində iqtisadiyyatımız 3,2 dəfə artıb ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Həyata keçirilən davamlı dəstək tədbirləri, aparılan məqsədyönlü islahatlar sayəsində qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artıb. O cümlədən qeyri-neft ixracı 4,1 dəfə artıb. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 70 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını 24 dəfə artıraraq 44 milyard dollara çatdırmağa nail olub.
Yuxarıda deyilənlər Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir. Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir.
Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
Prezident İlham Əliyev nitqində daha bir vacib məqama toxunub. Dövlət başçısı bildirib ki, bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1161 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30