Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Kərimlinin Rusiyadan göndərilən pulları qeyri-qanuni olaraq mənimsəməsinə dair yeni faktlar aşkarlanıb

Əli Kərimlinin Rusiyadan göndərilən pulları qeyri-qanuni olaraq mənimsəməsinə dair yeni faktlar aşkarlanıb

30.05.2018 [09:53]

Bu maxinasiyalarda iştirak edən AXCP funksionerləri törətdikləri qanunsuz əməlləri etiraf ediblər
Azərbaycan dövlətinin maraqlarına və xalqımızın mənafeyinə qarşı çıxmaq, ölkəmizdəki sabitliyə və inkişafa xələl yetirmək, respublikamızın beynəlxalq imicinə kölgə salmaq Azərbaycanın radikal müxalifət partiyalarının və onların rəhbərlərinin fəaliyyətindən qırmızı xətlə keçir. Bu xüsusda AXCP və onun sədri Əli Kərimli və qondarma “Milli şura” həmişə öndə olub. Bu şəxslərin öz cılız məqsədləri və maddi maraqlarını təmin etmək naminə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərini təsdiq edən kifayət qədər faktlar mövcuddur. Üstəlik, bu barədə Əli Kərimlinin öz yaxın ətrafında olan adamlar məlumat veriblər. O da bəllidir ki, Ə.Kərimli AXCP-dən və qondarma “Milli şura”dan istifadə edərək kifayət qədər maddi gəlir əldə edib, bu təşkilatlara müxtəlif mənbələrdən ayrılan vəsaitləri mənimsəyib. Vaxtilə Ə.Kərimlinin müavini olmuş Razi Nurullayev, AXCP sədrinin müşaviri işləmiş Şakir Abbasov və onlarla bu kimi şəxs Ə.Kərimlinin partiyaya ayrılan ianələri mənimsədiyini, bu pullardan şəxsi məqsədləri üçün istifadə etdiyini, ermənipərəst dairələrdən aldığı pullarla özünə biznes qurduğunu bildirib.
Əli Kərimli qondarma “Milli şura”dan maddi maraqlarını təmin etmək üçün faydalanıb
Sirr deyil ki, Rusiyada müəyyən anti-azərbaycançı dairələrin layihəsi kimi ortaya çıxan qondarma “Milli şura” ötən 5 ildə öz antimilli fəaliyyəti ilə cəmiyyətin haqlı narazılıq və qınağından başqa heç nə qazanmayıb. Onun ilk sədri ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyov və ondan sonra sükanı əlinə alan AXCP sədri Əli Kərimli də bu qondarma təşkilatdan yalnız maddi maraqlarını təmin etmək üçün faydalanıblar. Son məlumatlar radikal düşərgəyə Rusiyadakı müəyyən dairələr tərəfindən qanunsuz olaraq maliyyə vəsaitinin göndərilməkdə davam etdiyini təsdiqləyir. Məlum olub ki, Ə.Kərimli həmin vəsaitləri də mənimsəməyə çalışıb.
Bu günlərdə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurumun ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. Həmin əməllərin törədilməsində qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin - Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanovun adı qeyd edilib.
Məlumatda bildirilir ki, Rusiyada yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparıb: “Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarının 2016-cı ilin mart ayından etibarən, Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib”.
Birgə məlumatda bildirilib ki, V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunub.
Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunub, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.
İş üzrə dindirilmiş şəxslər qanunsuz əməlləri etiraf ediblər
İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.
Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib
Qeyd edək ki, bu faktlar açıqlanmazdan bir gün əvvəl Ə.Kərimli və onun ətrafında olan şəxslər Saleh Rüstəmovun guya istintaq təcridxanasında müəmmalı şəkildə ölməsi barədə ictimai rəyə yanlış məlumat ötürmüşdülər. Amma bu fakt təsdiqini tapmadı və ardınca gələn rəsmi məlumatlar Əli Kərimlinin narahatlığının nədən ibarət olduğunu ortaya çıxardı. Deməli, AXCP sədrini narahat edən təkcə bu faktların ifşa edilməsi deyilmiş. Onun ciddi narahatlığı növbəti dəfə öz ətrafına pul “atmasının” üzə çıxmasıdır. Bu xəbərlərin ardınca daha bir məsələ aydın olub ki, ətrafına pul kələyi gəlməyə adət etmiş Ə.Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. AXCP-dəki mənbənin verdiyi məlumata görə, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Amma məlum olub ki, o hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Beləliklə, Ə.Kərimli 30 dəfə saxtakarlıq edib.
Beləliklə, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrdən sonra AXCP daxilində gərginlik artıb. Çünki Moskvadan hər ay “Milli şura” və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Ə.Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda kef-damaq məclisləri quran oğluna göndərirmiş. Əlbəttə ki, hər zaman müxalifətə qanunsuz yollarla verilən maliyyə vəsaitini oğurlamağa öyrəşmiş Ə.Kərimli təkcə Rusiyadan yox, başqa mənbələrdən də daxil olan vəsaitlərlə bu cür rəftar edib. Ona görə də AXCP və “Milli şura”nın təmsil olunduğu radikal düşərgədə daxili vəziyyət gərginləşib. Düşərgə mənsubları Ə.Kərimlidən izahat tələb etsə də, AXCP sədri bundan yayınmağa çalışır. Bu isə Ə.Kərimlinin növbəti dəfə ifşası deməkdir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30