Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünyanı təəccübləndirən dövlət - Çin

Dünyanı təəccübləndirən dövlət - Çin

06.06.2018 [09:21]

26 may-2 iyun tarixləri arasında Çin Kommunist Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi Çində səfərdə oldum.
Çinin hakim partiyası Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin əsas partiyalarının iştirakı ilə ŞƏT Siyasi Partiyalarının Forumunu keçirirdi. Forum Çinin görkəmli dövlət xadimi Den Syo Penin təşəbbüsü və rəhbərliyi ilə 1978-ci ildə başlanan yeni iqtisadi siyasətin 40 illiyi münasibəti ilə keçirilirdi.
Forumu keçirməkdə məqsəd ŞƏT üzvü olan ölkələrin siyasi partiyaları arasında əlaqələri möhkəmləndirmək və qonaq ölkələrin nümayəndələrini Çinin 40 ildəki uğurları ilə yaxından tanış etmək idi.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə “dialoq üzrə partnyor” statusu ilə münasibətlərdə olduğu üçün YAP foruma xüsusi dəvət almışdı.
Forum bir gün Çinin cənubundakı Şenjen şəhərində keçirildi, qalan 8 gün isə Çin tərəfi qonaqları Çinin üç böyük şəhərinə səfər etməklə özünün uğurları ilə tanış etdi.
Forumda 18 ölkədən 31 siyasi partiyanın nümayəndələri olan çox sayda nazirlər, qubernatorlar, deputatlar və partiya fəalları iştirak edirdilər. Forumun keçirilməsi Çin rəhbərliyinin nəzarəti altında idi və forumun açılışında Çin Kommunist Partiyasının rəhbərliyinin nümayəndələri iştirak edirdilər. Forumun işi Çin televiziyalarında və saytlarında geniş işıqlandırıldı.
Forumu Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq Şöbəsinin müdiri Qo Ye Co açdı və bildirdi ki, ŞƏT bu gün Avrasiya ərazisinin 60 faizini təşkil edir, dünya əhalisinin yarısı təşkilata daxil olan səkkiz ölkədə yaşayır. ŞƏT üzvü olan Çin isə iqtisadi gücünə görə dünyada ABŞ-dan sonra ikincidir. Çin rəsmisi son 40 il ərzində aparılan yeni iqtisadi siyasətin ölkəni geridə qalmış aqrar ölkədən dünya nəhənginə çevirdiyini vurğuladı.
Forumda iştirak edən bütün partiya nümayəndələri çıxış etdilər.
Mən Azərbaycan nümayəndəsi kimi çıxış edərək ölkəmizlə Çin arasında sıx dostluq əlaqələrinin mövcud olduğunu və 2017-ci ildə ticarət-iqtisadi əlaqələrin rekord həddə - 1,3 milyard ABŞ dollarına çatdığını bildirdim. Çinə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür etdim, eyni zamanda, Azərbaycanın “vahid Çin” ideyasını dəstəklədiyini bildirdim. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrlə yaxşı münasibətlərinin olduğunu və onların genişləndirilməsində dərin marağının olduğunu vurğuladım.
Forum çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq Şöbəsinin müdiri cənab Qo Ye Co ilə görüşdüm və ona YAP rəhbərliyi adından salamları yetirdim. Azərbaycanın, şəxsən Prezident cənab İlham Əliyevin Çinlə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirdim. Qonşu Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlamasının beynəlxalq hüquqa zidd olduğunu nəzərə çatdırdım.
Forumda həmçinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini cənab Mustafa Hamarat, Vahid Rusiya Partiyası baş katibinin müavini Yevgeni Jeleznyak, Özbəkistanın hakim Liberal-Demokrat Partiyasının sədr əvəzi Bəxtiyar Yaqubov, İran, Tacikistan, Qazaxıstan partiya nümayəndələri ilə də görüşlərim oldu.
Forum çərçivəsində Çinin aparıcı telekanallarına və kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr verdim. Azərbaycanın tarixi, mədəniyyəti və hal-hazırda ölkəmizdə gedən inkişafdan danışdım. Azərbaycanla Çin arasında möhkəm dostluğun olduğunu və əlaqələrin genişləndirilməsində maraqlı olduğumuzu söylədim.
Eyni zamanda, Çin mətbuatına Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun doğurduğu 1 milyondan çox məcburi köçkün problemlərindən və hüquqlarımızın pozulmasından danışdım.
Bir günlük Forumdan sonra forum iştirakçıları Çinin Şenjen, Quancjou və Uxan şəhərlərinə səfər etdik. Bu şəhərlər Çinin ən böyük şəhərlərindən sayılır və hərəsində azı 10 milyon nəfər insan yaşayır.
Bu şəhərlər vaxtilə Çinin ən geridə qalmış bölgələri hesab edilirdilər. Ancaq 1978-ci ildə islahatçı dövlət xadimi Den Syo Penin təşəbbüsündən sonra bu zonalarda liberal iqtisadi siyasət yürüdülməyə başlandı. Çinin indiki lideri Si Tsinpin bu bölgələri ölkənin “vitrini, sınaq meydanı və pioneri” adlandırmışdı.
Hal-hazırda Şenjen şəhəri ölkənin iri sənaye, maliyyə və nəqliyyat mərkəzidir. Quancjou şəhəri çoxprofilli sənaye, maliyyə və turizm mərkəzidir. Şəhərdə ildə iki dəfə məşhur Konton yarmarkası keçirilir. Uxan şəhəri yatırılan xarici investisiyaların həcminə görə ölkədə ön sıralardadır. Şəhərdə sürətli mənzil tikintisi gedir.
Səfər zamanı Çinin bir neçə iri müəssisələrində olduq, texnoloji prosesləri izlədik. Yaponiyanın “Honda” firması Çindəki tək bir müəssisəsində ildə 700 min ədəd avtomobil istehsal edir. Buraxdıqları tibbi avadanlıqları dünyanın bir çox qabaqcıl klinikaları alırlar.
Çin şirkətləri dünya bazarını diqqətlə öyrənirlər, gəlirlərinin əhəmiyyətli hissəsini istehsalın yenilənməsinə yönəldirlər, nou-hauları alırlar. Şirkətlərdə çox sayda xarici vətəndaşlar çalışır, öz bilik və bacarıqlarını keyfiyyətli və rəqabətqabiliyyətli məhsulun buraxılmasına sərf edirlər.
Çin digər ölkələrlə sıx ticarət-iqtisadi əlaqələr qurmaqda maraqlı olduğunu ortaya qoyur. Keçirdiyimiz görüşlərdə bir-birimizin iqtisadiyyatlarımızı necə tamamlaya biləcəyimizlə bağlı suallar da verilirdi.
Olduğumuz şəhərlərdə şəhərsalma və şəhər dizaynı praktikası da çox maraqlı idi. Şəhər mərkəzlərinin tarixiliyinin qorunub saxlanılmasına çalışılır: Tikilən yeni hündürmərtəbəli binalar bir bloklu götürülərək, binalararası xeyli məsafə saxlanılır və kvartala yaşıllıq salınaraq parka çevrilir. 11 milyon əhalisi olan Şenjou şəhərinin 45 faizinin yaşıllıq olduğunu bildirdilər.
Rastlaşdığımız insanlar üzügülər və pozitivdirlər. Səfər zamanı Çin xalqının zəngin daxili dünyasının şahidi olduq, çox qonaqpərvər və təcrübələrini bölüşməyə hazır olduqlarını həmişə büruzə verirlər.
Səfər iştirakçılarının hər biri Çin tərəfinin zəhmətinə görə dəfələrlə öz təşəkkürlərini bildirdilər və Çinə daha böyük uğurlar arzuladılar.
Aydın Mirzəzadə,
Milli Məclisin deputatı,
YAP İcra Katibliyinin Siyasi təhlil və
proqnozlaşdırma şöbəsinin müdiri

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30