Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İrəvandakı kriminal rejimin törətdiyi cinayətlər haqqında yeni faktlar ortaya çıxır

İrəvandakı kriminal rejimin törətdiyi cinayətlər haqqında yeni faktlar ortaya çıxır

13.06.2018 [09:12]

Hakimiyyət komandasının keçmiş üzvlərinin istintaqa verdikləri ifadələrdə bildirilir ki, 2008-ci ilin mart hadisələri zamanı aksiyaçıların qətlə yetirilməsinə görə cinayətkar Koçaryan-Sarkisyan cütlüyü ilə yanaşı, katolikos II Qaregin də məsuliyyət daşıyır
Azərbaycana qarşı işğalçılıq siyasəti ucbatından bütün regional inteqrasiya proseslərindən kənarda qalan Ermənistanın gələcəyi ilə bağlı hər hansı nikbin proqnozlar vermək mümkün deyil. Bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır. İşğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca səbəbi isə şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin birbaşa təşkilatçısı və icraçısı olan Robert Koçaryan və Serj Sarkisyan kimi quldurların illərlə ölkəyə rəhbərlik etməsidir. Məhz İrəvandakı kriminal rejimlərin uğursuz idarəçiliyinin nəticəsidir ki, bu gün faktiki olaraq Ermənistanda dözülməz vəziyyət hökm sürür. Ölkənin iqtisadiyyatı tamamilə çöküb, siyasi azadlıqlar məhdudlaşdırılıb, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri təhdid və təzyiqlər yolu ilə siyasi hakimiyyətin iradəsinə tabe edilib. Lakin son günlər yaşananlar və erməni mediasında yer alan xəbərlərin təhlili göstərir ki, Ermənistanın hakimiyyət təmsilçilərinin öz xalqına qarşı törətdikləri cinayətlərin masştabı daha genişdir. Hakimiyyət yetkililəri onlarla erməninin qətlə yetirilməsində də təqsirləndirilir.
Ermənistan daxili qoşunlarının keçmiş komandanı işğalçı ölkənin quldur başçılarının cinayətlərini ifşa etdi
Hazırda Ermənistanın kriminal rejiminə başçılıq edənlərin həbs edilməsi gündəmə gəlir. Ermənistan mətbuatında son günlər yer alan məlumatlara görə, 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının gülləbaran edilməsi nəticəsində 10 nəfərin qətlə yetirilməsi ilə bağlı istintaq işi açılıb və o vaxt bu aksiyaların dağıdılmasında iştirak edən yüksəkrütbəli məmurlar istintaqa cəlb olunurlar. Artıq mətbuata sızan bəzi istintaq ifadələri bu cinayətdə keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarkisyanın bilavasitə günahkar olduqlarına dəlalət edir. Belə ki, həmin hadisələr zamanı daxili qoşunların komandanı olmuş Qriqor Qriqoryan istintaq ifadələrində dinc aksiya iştirakçılarına atəş açmağa göstərişi həmin vaxt prezident olan Robert Koçaryandan aldığını açıq şəkildə etiraf edib. Q.Qriqoryanın sözlərinə görə, 1 mart 2008-ci il tarixində dinc nümayiş iştirakçılarına qarşı keçirilən, 8 nəfəri dinc etiraz aksiyasının iştirakçısı olmaqla, 10 nəfər Ermənistan vətəndaşının həlak olması ilə nəticələnən əməliyyatın sifarişçisi eks-prezident R.Koçaryan olub. İfadəsində Q.Qriqoryan o vaxt Ermənistan prezidenti, eyni zamanda, silahlı qüvvələrin ali baş komandanı olmuş R.Koçaryandan aldıqları əmr əsasında aksiya iştirakçılarına hücum əməliyyatı təşkil edildiyini və qəti şəkildə aksiyanı dağıtmaq əmri verildiyini birmənalı şəkildə qeyd edib.
Q.Qriqoryanın sözlərinə görə, təlimatın əsasında nümayişçilərə atəş açmaq və bu zaman qadağan edilən xüsusi vasitələrdən istifadə etmək göstərişləri dayanıb. Elə istintaqa verilən ifadələrdən də aydın görünür ki, R.Koçaryan öz xalqına qarşı bu cinayətləri o zaman baş nazir kimi hakimiyyət komandasında təmsil olunan S.Sarkisyanla birgə həyata keçirib. Burada məqsəd həm də hakimiyyətin S.Sarkisyana silah gücü ilə ötürülməsi olub. Deməli, bu hadisələrə görə Sarkisyan da ən azı Koçaryan qədər məsuliyyət daşıyır. Erməni ictimaiyyətinin nümayəndələrinin də tələbləri bu cinayətkar ikilinin və onların ətrafında cəm olmuş kriminal komandanın bütün üzvlərinin törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunmalarıdır.
Katolikos II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır
Proseslərin təhlili bu gerçəkliyi də ortaya çıxarır ki, 2008-ci ilin mart hadisələrində yaşanmış qanlı olaylar təkcə o dövrün quldur hakimiyyət nümayəndələri üçün başağrı olmayacaq. Ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində mühüm rol oynayan kilsə də bu hadisələrə görə cəzalandırılacaq. Daha dəqiq desək, Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri olan katolikos II Qaregin də həbs olunmaq təhlükəsi ilə üzləşib. Artıq bir neçə gündür İrəvanda bütün ermənilərin katolikosu II Qareginin qərargahı yerləşən binanın qarşısında etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları II Qareginin bütün ermənilərin ali patriarxı və katolikosu vəzifəsindən istefasını tələb edirlər. Etiraz aksiyalarında iştirak edənlər II Qaregini qanunsuz sahibkarlıqla məşğul olmaqda və digər məsələlərdə günahlandırırlar. Etirazçılar arasında sıravi vətəndaş və din xadimlərinin də olması Eçmiədzini narahat edib və bütün ermənilərin katolikosu II Qareginin mətbuat katibi V.Məlikyan onların görüşə dəvət edildiyini açıqlayıb. Erməni mediası bu etirazlara az yer verməyə çalışsa da, https://ru.armeniasputnik.am saytının verdiyi xəbərə görə, bu görüş baş tutub. II Qareginin adından etirazçılarla görüşən yepiskop Arşak Xaçaturyanın ilk açıqlaması isə katolikosun istefaya getmək fikrində olmaması yönündə olub. O, din xadimlərinin bəzi problemləri, narazılıqları olduğunu və bunların nəzərə alınacağını desə də, kilsə və onun başında dayanan şəxslə bağlı etirazları başa düşmədiyini bildirib. II Qareginə qarşı ittihamlardan biri də Serj Sarkisyanın ilk dəfə prezident kreslosuna yiyələndiyi seçkilərdən sonra baş verən 2008-ci ilin mart hadisələri zamanı İrəvanda keçirilən dinc etiraz aksiyasının gülləbaran edilməsində katolikosun birbaşa məsuliyyət daşımasıdır. Ən azı ona görə ki, məhz II Qaregin Ermənistanın ovaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyir-duasını verib. Bu səbəbdən də nümayişçilər II Qareginin həmin hadisələrə görə məsuliyyətə cəlb olunmasını tələb edirlər. Bu isə həm də onu deməyə imkan verir ki, sadə erməni əhalisi anlayır ki, II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30