Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müasir müstəqil Azərbaycanın inkişaf və yüksəlişinin əsasında Qurtuluş məfkurəsi dayanır

Müasir müstəqil Azərbaycanın inkişaf və yüksəlişinin əsasında Qurtuluş məfkurəsi dayanır

13.06.2018 [09:23]

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir
Sirr deyil ki, Azərbaycan 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra çoxsaylı problemlərlə qarşı-qarşıya qalmışdı. Bütün sahələrdə böhran və tənəzzülün hökm sürməsi nəticəsində Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.
AXC-”Müsavat” cütlüyünün antimilli və səriştəsiz siyasəti Azərbaycanı qarşıdurma meydanına çevirmişdi
1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkəyə “rəhbərlik” edən qüvvələrin səriştəsiz siyasəti və müxtəlif xarici dairələrin direktivləri əsasında ölkəni “idarə etməsi” həmin dövrün xaos və anarxiya ilə yadda qalmasını şərtləndirdi. Xüsusilə də, AXC-”Müsavat” cütlüyünün antimilli və səriştəsiz siyasəti Azərbaycanı qarşıdurma meydanına çevirmişdi. Ölkədə separatizm meyilləri baş qaldırmışdı, qanunsuz silahlı birliklər mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC-”Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi. Əslində, Surət Hüseynovun başladığı 4 iyun qiyamı da Azərbaycanda AXC-”Müsavat” iqtidarının heç bir təsir və rola malik olmadığının göstəricisi idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi
Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Bir sözlə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir
Beləliklə, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev qısa bir zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən biri ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması və nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının əsasının qoyulmasıdır. Xüsusilə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndi.
Müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
Bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ölkəmiz iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Bundan başqa, dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Bir sözlə, bütün sahələrdə əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur.
Digər tərəfdən, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan beynəlxalq dialoq məkanı kimi çıxış edir, sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Azərbaycan öz təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb.
Bütövlükdə, müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30