Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır

Prezident İlham Əliyev: Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır

30.06.2018 [09:19]

Ən müasir silahlarla təchiz edilmiş qüdrətli Azərbaycan Ordusu düşmənin bütün hərbi obyektlərini, bütün strateji əhəmiyyətli məntəqələrini məhv etmək imkanlarına malikdir
Hazırda dünyada müşahidə edilən reallıqlar fonunda güclü ordu quruculuğu milli dövlətlər üçün çox mühüm strateji çağırışa çevrilib. Etiraf edək ki, bu gün dünyanın ayrı-ayrı bölgələrində güc amili önə çəkilir, məhz gücdən istifadə etməklə başqa dövlətlərin ərazi bütövlüyü pozulur, torpaqları işğala məruz qalır, xalqların təhlükəsizliyinə və milli maraqlarına ciddi təhdidlər yaranır. Təəssüf doğuran haldır ki, belə məqamlarda beynəlxalq hüquq işləmir, əksinə oxşar münaqişələrin həllində ikili standartlar nümayiş etdirilir.
Özünün davamlı səciyyə daşıyan məqsədyönlü siyasətində daim milli maraqlardan çıxış edən Azərbaycan da güclü, ən yüksək səviyyədə təchizata malik ordu yaratmağı prioritet istiqamət kimi müəyyənləşdirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paraddakı nitqində ölkəmizin ordu quruculuğu ilə bağlı hədəfinə bir daha diqqət çəkərək vurğulayıb ki, ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir.
Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək
Güc amilinin və ikili standartlardan yanaşmanın acı fəsadlarını Azərbaycan da öz taleyində yaşayıb. Ermənistan müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən mənfi proseslərdən, o cümlədən Xalq Cəbhəsi-Müsavat tərəfindən başlanmış vətəndaş müharibəsindən istifadə edərək torpaqlarımızı zəbt edib. Bu gün Azərbaycanda ordunun daim gücləndirilməsinin, döyüş qabiliyyətinin getdikcə daha da artırılmasının və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin yaradılmasının dövlətin prioritet hədəfləri sırasına daxil edilməsi də ilk növbədə məhz onunla şərtlənir ki, respublikamız bədnam qonşularımız ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunub. “Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”, - deyə Prezident İlham Əliyev bildirib.
İşğalçı Ermənistanın havadarlarının dəstəyi ilə başladığı elan olunmamış müharibə nəticəsində ölkəmizin ərazisinin təxminən 20 faizi işğala məruz qalıb, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından zorla qovularaq qaçqın vəziyyətinə düşüb. Düşmən xarici havadarlarının köməyi ilə işğal altına aldığı ərazilərdə misli görünməmiş vandalizm əməlləri törədib, xalqımıza məxsus çoxəsrlik maddi və mənəvi mədəniyyət nümunələrini vəhşicəsinə talayıb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, XX yüzilliyin insanlıq faciəsi sayılan Xocalı soyqırımı törədilib. Bu faciə zamanı aralarında uşaqlar, qadınlar, qocalar da olan 600-dən çox günahsız insan erməni cəlladları tərəfindən qətlə yetirilib, mindən çox insan itkin düşüb.
Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyev dövlətimizin və xalqımızın mövqeyini bir daha nəzərə çatdıraraq qətiyyətlə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir”.
Dağlıq Qarabağ münaqişəsinə istənilən mövqedən yanaşdıqda Azərbaycanın haqlı olduğu aydın şəkildə nəzərə çarpır. Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ora bitişik 7 rayon əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və böyük mədəniyyət yaradıb. İşğal altındakı ərazilərdəki maddi və mədəniyyət nümunələri, toponimlər bu yerlərin aborigen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir.
Eyni zamanda, beynəlxalq hüquqa görə də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul ediblər. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda o prinsipdən çıxış edir ki, beynəlxalq hüquq həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də şamil edilməlidir.
Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail olmayacaq
İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarında qeyri-səmimi mövqe tutaraq bütün substantiv təkliflərdən imtina edir. Bununla belə, Ermənistanın xarici havadarlarının göstərişi və himayəsi ilə apardığı işğalçılıq siyasəti bu ölkənin özünə də heç bir fayda gətirməyib. Getdikcə daha aydın görünür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. İşğalçı dövlətin rəzil duruma düşməsində Azərbaycanın davamlı təzyiq siyasəti mühüm rol oynayıb. Məlumdur ki, Azərbaycan dünya dövlətlərinin və beynəlxalq təşkilatların mövqeyinə, həmçinin xalqımızın xoş məramına əsaslanaraq ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlara sadiqlik göstərir, o mövqedən çıxış edir ki, münaqişə qan-qadasız həllini tapsın.
Bununla belə, Azərbaycan həm də işğalçı dövlətə qarşı davamlı təzyiq siyasəti həyata keçirir. Ölkəmizin, Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğalçı Ermənistan regionda reallaşdırılan bütün enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi regional və qlobal əhəmiyyət daşıyan layihələr Ermənistandan yan keçməklə çəkilib. Perspektivdə isə Şimal-Cənub nəqliyyat dəhlizi də işğalçı ölkədən yan keçəcək.
Erməni lobbisinin pullarına satılan xaricdəki bəzi mərkəzlərin ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan Ermənistanı bütün regional layihələrdən təcrid siyasətini bundan sonra da davam etdirəcək. Azərbaycan indiyədək Ermənistanı təzyiq altında saxlayıb və bundan sonra da saxlayacaq. Azərbaycanın davamlı səyləri nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Ermənistanı heç bir inkişaf perspektivi gözləmir, bu ölkə investorlar üçün heç bir cəhətdən cəlbedici deyil.
Azərbaycanın Ermənistanı daim təzyiq altında saxlamaq siyasəti artıq öz bəhrəsini verir. İşğalçılıq siyasətinin Ermənistana dəhşətli bəlalar gətirdiyi, bu ölkənin tamamilə kəskin sosial-iqtisadi çətinliklərin, deqradasiyanın ağuşuna atıldığı artıq milli səviyyədə də etiraf edilir. Ermənistandakı ənənəvi və elektron mediada bu ölkəni dalana sürükləyən siyasətin fəsadları barədə çoxsaylı məqalələr, analitik təhlillər dərc olunmaqdadır. İşğalçı ölkədə iqtisadi geriləməyə adekvat olaraq demoqrafik vəziyyət də pisləşir. Bu sahədə araşdırmalar aparan ekspertlər milli statistika xidmətinin məlumatını şərh edərək bildiriblər ki, əgər belə davam edərsə, ermənilər tədricən yenidən 90-cı illərin indekslərini qazanacaqlar. MSX-nin yaydığı məlumatda bildirilir ki, 2018-ci il 1 aprel tarixinə Ermənistanın daimi yaşayan əhalisinin sayı 2 milyon 969,9 min nəfər təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 11,6 min azalıb. Ermənistanın MSX-nin məlumatına əsasən, ölkədə əhalinin təbii artım tempi də aşağı düşüb. Belə ki, 2015-ci ildə bu koeffisent 13885, 2016-cı ildə 12366, 2017-ci ildə isə 10332 təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, əvvəlki illə müqayisədə 2017-ci ildə əhalinin təbii artımı 16,4 faiz azalıb.
İşğalçı Ermənistan kəskin deqradasiya prosesləri ilə üzləşdiyi halda, Azərbaycan özünün sürətli inkişafı ilə fərqlənir. Son 15 ildə sosial-iqtisadi parametrlərə görə dünyada Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə ölkədə ümumi daxili məhsul istehsalı 3,2 dəfə artıb. Respublikada çoxşaxəli iqtisadiyyat quruculuğunda inamlı addımlar atılır. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, hazırda ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb. Məqsədyönlü siyasət sayəsində Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəyə çevrilib. Eyni zamanda, möhkəm daxili sabitlik, güclü iqtisadi potensial, aparılan islahatlar və bu kimi digər müsbət reallıqlar fonunda respublikamız investisiya cəlbediciliyi baxımından nümunəvi ölkələrdən birinə çevrilib. Son 15 ildə respublikamıza 230 milyard dollardan çox investisiya yönəldilib ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Ölkədə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparılmasına, yeni investisiya layihələrinin reallaşdırılmasına baxmayaraq, Azərbaycan özünün strateji valyuta ehtiyatlarını artıraraq 44 milyard dollara çatdırmağa nail olub. İqtisadi-maliyyə müstəqilliyinin təmin edilməsi isə öz növbəsində respublikamızın siyasi müstəqilliyini şərtləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada milli maraqlarının keşiyində qətiyyətlə dayanan və öz hesabına yaşayan ləyaqətli ölkə kimi tanınır. “İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir”, - deyə Prezident İlham Əliyev bildirib.
Ümumiyyətlə, işğalçı Ermənistan heç bir cəhətdən Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Respublikamız bundan sonra da ancaq inkişaf yolu ilə gedəcək. Buna əminliyini ifadə edən Prezident İlham Əliyev deyib: “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.
Azərbaycan qısa müddətdə düşmənə sarsıdıcı zərbələr vurmağa qadir olan güclü ordu yaradıb
Müstəqilliyimizin ilk illərində işğalçı Ermənistanın torpaqlarımızı zəbt etməsi ilk növbədə o amillə bağlı idi ki, həmin dövrdə Azərbaycanda vahid komandanlığa tabe olan ordu yox idi. Silahlı birləşmələr pərakəndə halda fəaliyyət göstərirdilər və onlar ayrı-ayrı “liderlər”in, siyasi partiyaların əlində alətə çevrilmişdilər. Elə hallar da olurdu ki, bu birləşmələr döyüş bölgəsində açıq-aşkar ədavət aparır və silahı bir-birlərinə tuşlayırdılar. Azərbaycanda nizami ordu quruculuğu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıdan Ulu öndər ölkənin xaosdan inkişafa istiqamətlənməsinə hesablanan mühüm qərarlar qəbul etdi. Bəhs olunan dövrdə Ulu öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar arasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur.
Ümummilli lider Heydər Əliyevin ölkədə nizami və güclü ordu yaradılması ilə bağlı başladığı siyasəti Prezident İlham Əliyev son 15 ildə eyni ardıcıllıqla davam etdirib. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda prinsipial mövqedən çıxış edərkən ölkəmiz ilk növbədə özünün getdikcə güclənən ordusuna arxalanır. Davamlı dövlət qayğısı sayəsində əsaslı inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 15 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər əhəmiyyətli dərəcədə artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın ümumi dövlət büdcəsini üstələyir.
Son 15 ildə Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini, hərbi kadr potensialını artırıb, hərbi qulluqçuların sosial-məişət şəraitini yaxşılaşdırıb. İslahatlar döyüş hazırlığı, hərbi təhsil, tərbiyəvi iş, hərbi tibb və digər sahələri əhatə edir.
Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib. Raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.
Azərbaycan Ordusunun hərtərəfli şəkildə möhkəmləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır. Silahlı Qüvvələrin maddi-texniki təchizatı bir tərəfdən xarici ölkələrdən alınan müasir silahlarla möhkəmləndirilir. Bir qədər bundan əvvəl dövlət başçısının da baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri ordumuzun təchizatına daxil edilib. Qeyd edək ki, bu növ silahlar dünyanın yalnız bir neçə ölkəsinin ordusunda var.
Azərbaycanın qısa müddətdə müdafiə təyinatlı sənaye qurması da qürurverici haldır. Hazırda ölkənin müasir avadanlıqlarla təchiz edilən müdafiə təyinatlı müəssisələrində təxminən 1200 adda silah-sursat istehsal edilir. Yerli sənayedə buraxılan yüksək səviyyəli döyüş texnikası hesabına Azərbaycan Ordusunun potensialı daha da artır.
Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi parada çıxardılan döyüş texnikası Azərbaycan Ordusunun gücünü dünyaya göstərdi. Qeyd edək ki, təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Paradda üzərində pilotsuz uçuş aparatları əleyhinə qurğu yerləşdirilmiş zirehli avtomobillər, mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmuş “MARAL-1” və “MARAL-2” zirehli avtomobilləri də maraqla izlənilib. Bəhs olunan bu hərbi texnikalar Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin zavodlarında istehsal olunur. Prezident İlham Əliyev ordumuzun müxtəlif döyüş texnikası ilə təchizatının yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. “Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”, - deyə dövlət başçısı vurğulayıb.
Bu gün hərbçilərimiz ermənilərin vaxtilə ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərirlər
Azərbaycanın Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində davamlı olaraq həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verir. Son illərdə Azərbaycanın Silahlı Qüvvələrinin güclənməsi fonunda qoşunların təmas xəttində yeni reallıqlar yaranıb və ölkəmizin üstünlüyü təmin edilib. Cəbhə bölgəsində düşmən qüvvələrinin təxribat-diversiya hərəkətlərinin qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır və qarşı tərəfə sarsıdıcı zərbələr vurulur. Aprel döyüşlərində qazanılan zəfər, Lələtəpə kimi strateji yüksəkliyin geri alınması Azərbaycanın böyük qələbəsinin uzaqda olmadığından xəbər verir.
Silahlı Qüvvələrimiz zəfərini özünün şanlı yubileyi ərəfəsində də davam etdirib. Belə ki, ordumuzun bölmələri xüsusi əməliyyat nəticəsində 26 il düşmən nəzarəti altında olan Günnüt kəndini geri qaytarmağa nail olub. Naxçıvan əməliyyatının yüksək peşəkarlıqla aparıldığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir”.
Dövlət başçısı bildirib ki, “biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30