Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir

17.08.2018 [09:13]

Ekspertlərin qənaətinə görə, Aktau Zirvə toplantısında qəbul edilmiş qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar yaradır
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində olduqca yüksək qiymətləndirilir. Sözügedən Konvensiyanın imzalanmasının mühüm tarixi və strateji əhəmiyyətə malik olduğunu qeyd edən ekspertlər Zirvə toplantısında qəbul edilmiş qərarların Xəzəryanı ölkələrin maraqlarına cavab verdiyini və Xəzər regionunda əməkdaşlığın genişlənməsinə xidmət etdiyini diqqətə çatdırırlar.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edən Konvensiya regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir, buna görə də həm tarixi, həm də geostrateji əhəmiyyətə malikdir: “Aktau Zirvə toplantısında imzalanmış Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün olduqca faydalıdır. Konvensiyada nəqliyyat, ekologiya, o cümlədən regionda sülh və təhlükəsizlik məsələləri ehtiva olunur. Bütövlükdə, bu tarixi sənədin imzalanması Xəzəryanı ölkələr üçün mühüm iqtisadi dividendlər vəd edir”.
“Xəzərin hüquqi statusu haqqında Konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri 1992-ci ildən etibarən keçirilir. Qeyd olunmalıdır ki, Xəzərin hüquqi statusu ilə bağlı tarixi razılaşmanın əldə olunmasında Azərbaycanın xüsusi rolu var. Aktau Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğuladı ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”, - deyə S.Qafarova əlavə edib.
Millət vəkili diqqətə çatdırıb ki, Aktau Zirvə toplantısında qəbul edilmiş qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkanlar yaradır: “Zirvə toplantısında, eyni zamanda, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı. Əminliklə söyləmək olar ki, Zirvə toplantısında qəbul edilmiş qərarlar Xəzəryanı ölkələrin qarşısında əməkdaşlığın daha da inkişafı üçün yeni perspektivlər açır”.
Milli Məclisin deputatı Tahir Rzayev isə qeyd edib ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir: “Bu Konvensiya, hər şeydən əvvəl, Xəzəryanı dövlətlərin əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Konvensiya həm də regional sabitlik və təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir”.
“Aktau Zirvə toplantısında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə yanaşı, sözügedən Konvensiyadan irəli gələn digər mühüm sənədlərin imzalanması da böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən Zirvə toplantısında çıxışı zamanı əminliyini ifadə edib ki, Sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”, - deyə millət vəkili əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30