Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkdilli dövlətlər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlər uğurla inkişaf edir

Türkdilli dövlətlər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlər uğurla inkişaf edir

07.09.2018 [08:45]

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir
Yeni geostrateji şəraitdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemində fundamental dəyişikliklər baş verir. Bu dəyişikliklər xalqlar, dövlətlər qarşısında yeni çağırışlar yaratmaqla yanaşı, regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələlərinin daha da aktuallaşmasını şərtləndirib. Belə şəraitdə türkdilli dövlətlər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi və birliyin daha da möhkəmləndirilməsi də strateji əhəmiyyətə malikdir. Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşünün keçirilməsi türkdilli dövlətlər arasında müxtəlif sahələri əhatə edən əlaqələrin daha da gücləndirilməsi və münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan ilə türkdilli dövlətlər arasında səmərəli əlaqələr mütəmadi olaraq möhkəmlənir
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan yeni geosiyasi şəraitdə özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafını təmin edir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycan türkdilli dövlətlərlə də həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr, əsas etibarilə, siyasi, iqtisadi, nəqliyyat, energetika, ticarət və humanitar sahələri əhatə etməkdədir və bütün istiqamətlərdə əhəmiyyətli nəticələr əldə olunub. Bəhs olunan Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır: “Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”.
Azərbaycan türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinə də xüsusi əhəmiyyət verir. Şübhəsiz ki, bu, bütün türkdilli dövlətlər üçün strateji önəm kəsb edir. Dünya iqtisadiyyatında ciddi dəyişikliklərin, eləcə də yeni qlobal çağırışların meydana çıxdığı şəraitdə türkdilli dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin reallaşdırılması, qarşılıqlı investisiya qoyuluşunun təşviqi üçun yeni mexanizmlərin işlənməsi böyük əhəmiyyətə malikdir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, çox əlverişli sərmayə mühitinə sahib olan Azərbaycan həm də qardaş ölkələrə, ilk növbədə, Türkiyəyə böyük investisiyalar qoyur. Bu həm qarşılıqlı faydalı münasibətlərin, həm də iqtisadi əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycan bununla həm özünün iqtisadi maraqlarını təmin edir, həm də sərmayə yatırdığı ölkələrdə yeni imkanlar yaradır. Ekspertlər qeyd edirlər ki, qarşılıqlı investisiya qoyuluşunun təşviqi olduqca mühüm əhəmiyyətə malikdir. Çünki bu, türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və nəticə etibarilə birliyin möhkəmləndirilməsinə xidmət edir.
Türkdilli dövlətlər arasında humanitar məsələlərlə bağlı əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin də yüksək səviyyədə olduğu vurğulanmalıdır.
Ekspertlər türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsi istiqamətində atılan addımların strateji önəm kəsb etdiyini bildirirlər
Ekspertlər türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsi istiqamətində atılan addımların strateji önəm kəsb etdiyini bildirirlər. Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov qeyd edib ki, Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün keçirilməsi mühüm hadisədir. Onun sözlərinə görə, Zirvə görüşü türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir: “Bütövlükdə, türkdilli dövlətlər arasında münasibətlərin daha da güclənməsi xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə ardıcıl olaraq məqsədyönlü və önəmli addımlar atılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti də bu prosesin tərkib hissəsidir. Sevindirici haldır ki, artıq türk dövlətləri tərəfindən yaradılmış təşkilatlar beynəlxalq miqyasda özlərini tanıtmaqdadır. Bu, çox vacib məsələdir. Çünki qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca zəruridir”.
Türkdilli dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin də mühüm əhəmiyyətə malik olduğunu deyən N. Cəfərov əlavə edib: “Türkdilli dövlətlər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat və humanitar sahələri əhatə edən münasibətlərin inkişafı təqdirəlayiq haldır”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva isə deyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün keçirilməsi əlamətdar hadisədir və Zirvə görüşü bir sıra mühüm məqamlarla yadda qaldı: “Zirvə görüşündə dövlət başçıları tərəfindən önəmli bəyanatlar verildi. Səsləndirilən fikirlər türkdilli dövlətlər arasında münasibətlərin uğurla inkişaf etdiyini və geniş perspektivlərə malik olduğunu göstərdi. Türkdilli dövlətlərin əməkdaşlığının genişləndirilməsi həm regional, həm də beynəlxalq miqyasda təhlükəsizliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr verir. Ümumiyyətlə, türkdilli xalqlar arasında birliyin güclənməsi tarixi zərurətdir. Dünyada mürəkkəb proseslərin hökm sürdüyü şəraitdə bu birliyin əhəmiyyəti olduqca böyükdür”.
Millət vəkilinin sözlərinə görə, mövcud reallıqlara nəzər saldıqda görünür ki, türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsi istiqamətində mühüm işlər görülüb və ciddi nəticələr əldə edilib: “Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının yaradılması da bu fəaliyyətin uğurlu nəticəsidir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın türkdilli ölkələrlə geniş əlaqələri mövcuddur. Ölkəmiz həm də bütün türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsində maraqlıdır. Çünki bu, çoxşaxəli münasibətlərin inkişafına xidmət edən mühüm amildir. Qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi üçün türkdilli dövlətlərin öz səylərini daha da gücləndirməsi xüsusi əhəmiyyət kəsb edir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30