Azərbaycan və Rusiyanın regionları arasında çox fəal əməkdaşlıq münasibətləri formalaşıb
03.10.2018 [08:44]
Respublikamızdan qeyri-neft məhsullarının ixracında şimal qonşumuzun payı 35 faizə, kənd təsərrüfatı məhsullarının ixracında isə təxminən 90 faizə çatıb
Bu günlərdə iki dost ölkənin - Azərbaycanla Rusiyanın mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipi əsasında getdikcə daha da dərinləşən əməkdaşlığına yeni bir səhifə əlavə olunub. Xəbər verildiyi kimi, sentyabrın 27-də Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak ediblər ki, bu da hər iki tərəfin forumun fəaliyyətinə və bütövlükdə ikitərəfli əməkdaşlığın dərinləşməsinə ən yüksək səviyyədə nə qədər böyük əhəmiyyət verdiyini təsdiqləyir.
İki ölkə arasında əmtəə dövriyyəsinin artması məmnunluq doğurur
Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, iki qonşu ölkə sıx əməkdaşlıq etməsin.
Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. 2017-ci ilin yekununa görə, Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Əlamətdar haldır ki, hazırda Rusiya Azərbaycanda yetişdirilən bir sıra kənd təsərrüfatı məhsullarının böyük həcmlərdə ixrac edildiyi ölkədir. Burada keyfiyyətli, yüksək rəqabət qabiliyyətinə malik Azərbaycan məhsullarına, o cümlədən meyvə-tərəvəzə, emal sənayesi məhsullarına böyük tələbat var. Azərbaycanın xarici ticarət əlaqələrində Rusiyanın payı təxminən 10 faizə yaxındır. Qeyri-neft məhsullarımızın ixracında şimal qonşumuzun payı 35 faiz, kənd təsərrüfatı məhsullarının ixracında isə təxminən 90 faizə bərabərdir. 2017-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı təxminən 12 faiz artıb ki, bu da yarım milyard dollarlıq ümumi həcm deməkdir.
İki güclü region dövlətinin iqtisadi sahədə əməkdaşlığının spektri kifayət qədər genişdir. Neft-qaz sahəsində əməkdaşlıq Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin ənənəvi və çox mühüm həlqəsini təşkil edir. Azərbaycanla Rusiya arasında uğurlu iqtisadi əməkdaşlığın digər bir mühüm istiqaməti elektroenergetika sektorudur. İki ölkənin enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilir.
Turizm sektorunda iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial mövcuddur. Azərbaycanın turizm marşrutları Rusiyada getdikcə daha çox populyarlıq qazanır. Son illərdə qonşu ölkədən respublikamıza gələn turistlərin sayının artması bunu bir daha təsdiqləyir. Forumda da vurğulandığı kimi, 2018-ci ilin 9 ayı ərzində 700 minədək rusiyalı turist Azərbaycanı ziyarət edib.
Azərbaycan və Rusiya prezidentlərinin nümayiş etdirdikləri siyasi iradəyə istinad edərək deyə bilərik ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın miqyası perspektivdə daha da genişlənəcək. Məlum olduğu kimi, Prezident İlham Əliyevin cari il sentyabrın əvvəlində Rusiyaya baş tutan rəsmi səfəri çərçivəsində 6-sı biznes dairələri arasında olmaqla ümumilikdə 17 sənəd imzalanıb. İmzalanan sənədlərin böyük əksəriyyəti iqtisadi sektora aiddir. Eyni zamanda, sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində də iqtisadi sektoru əhatə edən bir sıra sənədlər imzalanıb.
Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi əlaqələrin perspektivləri baxımından Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının rolunu xüsusi qeyd edə bilərik. Yeri gəlmişkən, forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıblar. Mütəxəssislərin vurğuladıqları kimi, bəhs olunan saziş Azərbaycan və Rusiya sahibkarlarının dialoquna yeni sistem formatı verən institusional çərçivədir.
Azərbaycanla Rusiya arasında qarşılıqlı investisiya qoyuluşunda müsbət dinamika müşahidə edilir
Azərbaycanın Rusiyaya və qonşu ölkənin respublikamıza investisiya qoyuluşunu getdikcə artırmaları olduqca müsbət haldır. Bu, bir tərəfdən hər iki ölkədə investisiya cəlbediciliyinin yüksək olmasını təsdiqləyir, digər tərəfdən isə qarşılıqlı inamı təzahür etdirir. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək verib. Eyni zamanda, sənaye sahəsində kooperasiya dərinləşir. Məsələn, “KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” və SOCAR uzunmüddətli və strateji əməkdaşlıq qurub. Məlum olduğu kimi, 2015-ci ildə “Qazprombank” “SOCAR Polymer” layihəsi üçün 10 illik müddətə təxminən 500 milyon ABŞ dolları həcmində kredit ayırıb. İki il öncə isə “Qazprombank” ilə “SOCAR Polymer” arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. Yüksək Sıxlıqlı Polietilen Zavodu layihəsinin maliyyələşdirilməsini məhz “Qazprombank” həyata keçirib. Hazırda “Qazprombank” Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatının 700 milyon dollar həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır.
Öz növbəsində Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Azərbaycanlı sahibkarların investisiyaları hesabına Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Hazırda Azərbaycandan yönəldilən sərmayələr hesabına Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Belə misalların sayı kifayət qədər çoxdur.
Azərbaycanla Rusiya nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirlər
Azərbaycanla Rusiya öz imkanlarını həmçinin qlobal əhəmiyyətli Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında əlaqələndirirlər. Hazırda iki ölkənin iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir. Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında üzərinə düşən bütün öhdəlikləri qısa müddətdə yüksək səviyyədə yerinə yetirib. Artıq Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətdədir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirib. Gələn il Rusiya və Azərbaycan Samur sərhəd çayı üzərindən sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan körpünün tikintisini başa çatdırmaq niyyətindədir.
Hər iki ölkə nəqliyyat sahəsində əməkdaşlığı perspektivdə daha da dərinləşdirməyi hədəfləyib. Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum” ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud münasibətlərin genişləndirilməsinə və hüquqi bazanın daha da möhkəmləndirilməsinə hesablanıb. Mütəxəssislərin qənaətinə görə, sənəd nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının yeni müstəviyə və inkişaf mərhələsinə keçməsinə xidmət edəcək.
Regionlararası əlaqələr iki ölkənin münasibətlərinin genişlənməsinə güclü impuls verir
Azərbaycanla Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişafından söhbət açarkən regionlararası əlaqələrin önəmini ayrıca qeyd etmək lazımdır. Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb.
Regionlararası əlaqələrin genişlənməsində Moskva vilayətinin, Sankt-Peterburqun, Stavropol, Krasnodar diyarlarının, Həştərxan, Nijeqorod, Çelyabinsk, Volqoqrad, Saratov, Sverdlovsk vilayətlərinin fəallığını xüsusi vurğulamaq lazımdır. “Avtovaz” “Lada” avtomobillərinin satışı üzrə Azərbaycanın bütün regionlarında geniş pərakəndə şəbəkə yaradıb. Öz növbəsində Azərbaycandan olan sərmayədarlar Rusiyanın regionlarında kənd təsərrüfatı obyektlərinin inşasında iştirak edirlər. Nijeqorod vilayətində istixana kompleksinin, Krasnodar diyarında ərzaq məhsulları istehsalı üzrə birgə müəssisənin yaradılması deyilənlərə misaldır. Son illərdə Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyi, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb. Hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Həştərxan şəhərlərində Azərbaycanın ticarət, şərab və çay evlərinin açılması istiqamətində müvafiq işlər aparılır.
Bütövlükdə, Azərbaycanın və Rusiyanın regionları arasında əlaqələrin intensivləşməsi və yeni istiqamətləri əhatə etməsi üçün hər iki ölkənin müvafiq qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçılarının siyasi iradəsi əsasında artıq 9-cu dəfədir keçirilən regionlararası forum da belə tədbirlərdəndir. Forum işgüzar dairələr arasında birbaşa ünsiyyətin qurulması, qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca səmərəli platformadır. Xatırladaq ki, Rusiya və Azərbaycan arasında ilk regionlararası forum 2010-cu ildə Azərbaycanda keçirilib. Bununla da iki ölkə arasında çox fəal regionlararası əməkdaşlığın təməli qoyulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34

