/ / Prezident İlham Əliyev: Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir
Prezident İlham Əliyev: Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir
27.11.2018 [09:48]
Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksi üzrə 140 ölkə arasında 34-cü pilləyə yüksəlib
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün istiqamətlərdə yüksək inkişaf göstəricilərinə nail olub və respublikamızda müsbət reallıqlar yaranıb. Əlamətdar haldır ki, ölkəmizin bir sıra özünəməxsus cəhətləri ilə fərqlənən nümunəvi inkişaf modeli beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bunu beynəlxalq reytinq agentliklərinin hesabatlarından da görmək mümkündür. Təkcə son vaxtlarda nüfuzlu Davos İqtisadi Forumu, Dünya Bankı və digər mötəbər qurumlar öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini, ölkəmizdə uğurla reallaşdırılan islahatları, biznes mühitinin daha da optimallaşdırılmasını, qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönələn səyləri, infrastruktur quruculuğuna siyasi və maddi dəstək verilməsini beynəlxalq səviyyədə qəbul olunan obyektiv meyarlar əsasında yüksək dəyərləndiriblər.
Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında lider ölkədir
Xəbər verildiyi kimi, bu günlərdə Dünya İqtisadi Forumu özünün növbəti “Qlobal Rəqabətlilik Hesabatı”nı yayıb. Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan yolların keyfiyyəti indeksi üzrə 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub. Bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə iki pillə yüksəlib.
Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin nəticəsində mümkün olub. Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksi üzrə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.
2018-ci ildə yolların keyfiyyətinə görə postsovet məkanında lider mövqedə olmaqla Azərbaycan Gürcüstanı 46 pillə, Rusiyanı 70 pillə, Qazaxıstanı 72 pillə, Ukraynanı isə 89 pillə qabaqlayıb. “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk beşlikdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb.
Məlumat üçün bildirək ki, builki hesabata əsasən yolların keyfiyyəti indeksi üzrə Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar.
Qeyd edək ki, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən yol infrastrukturu dövlət başçısının daim diqqət mərkəzində olmaqla, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisi, habelə istər paytaxt Bakıda, istərsə də bölgələrdə müasir yolların salınması, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, regionların sosial-iqtisadi inkişafına xidmət göstərir.
Azərbaycanda qurulan yol infrastrukturuna beynəlxalq səviyyədə yüksək qiymət verilməsi heç də təsadüfi deyildir. Yüksəksəviyyəli infrastruktur quruculuğu müstəqil Azərbaycanın bütün dünyada nümunə kimi göstərilən özünəməxsus inkişaf modelinin səciyyəvi cəhətlərindən biridir. Ölkəmizdə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrasına məhz müxtəlif sahələri əhatə edən infrastruktur obyektlərinin tikintisi ilə start verilib.
Öz növbəsində respublikanın getdikcə artan iqtisadi potensialından səmərəli istifadə etməklə məqsədyönlü şəkildə reallaşdırılan infrastruktur quruculuğu siyasəti öz müsbət nəticələrini verir. Son 15 ildə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə böyükhəcmli investisiyalar hesabına ardıcıl şəkildə həyata keçirilən layihələr Azərbaycanın simasını tamam dəyişib. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur. Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksəksəviyyəli infrastruktur quruculuğu prosesini, həmçinin bütün respublika üzrə avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri respublikamızda 15 min kilometr yol çəkilib, 443 körpü tikilib. Prezident İlham Əliyev 18 aprel 2018-ci il tarixində keçirilən andiçmə mərasimindəki nitqində ölkədə nəqliyyat infrastrukturuna böyük həcmlərdə sərmayələr yönəldildiyini nəzərə çatdıraraq vurğulayıb: “Biz son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulubdur”.
Eyni zamanda, ölkə üzrə yol infrastrukturu yenilənərkən keyfiyyət amili əsas götürülür. Məlumdur ki, son illərdə Azərbaycan bütün sahələrdə özünün yüksək standartlarını yaradır. Bu amil, həmçinin respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsinə də aiddir. Prezident İlham Əliyev Goranboy rayonunda istifadəyə verilən “Region Agropark”ın kollektivi ilə görüşündəki çıxışında məmnunluq hissi ilə vurğulayıb ki, Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir.
Ölkə boyu müasir yolların çəkilməsi dərin iqtisadi və sosial əhəmiyyət daşıyır
Ölkənin bütün bölgələrində Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yüksəksəviyyəli yol infrastrukturu quruculuğunun hədəflənməsi heç də təsadüfi deyil. Xalqımıza məxsus məşhur bir deyim var: Abad el yollarından bəlli olar. Mövcud yolların əsaslı şəkildə yenidən qurulması, həmçinin yeni müasir yolların salınması Azərbaycanın ümumi inkişafına böyük təkan verib. Son illərdə bölgələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb. Dövlət vəsaiti hesabına yaradılan yol infrastrukturundan bəhrələnən sahibkarlar bölgələrdə aqrar sektorda, emal sənayesində müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər.
Ölkə üzrə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, eyni zamanda, ciddi sosial mahiyyət daşıyır. Müasir yollar insanların həyatına rahatlıq gətirir, onlarda məmnunluq hissi yaradır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində yol infrastrukturunun iqtisadi və sosial əhəmiyyətinə diqqət çəkərək bildirib: “Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar”.
Bu məqamda belə bir amili də vurğulamaq yerinə düşər ki, son illərdə respublikamızda insanların regionlardan paytaxt Bakıya, digər iri şəhərlərə miqrasiyası dayanıb və hətta əks-proses müşahidə edilməkdədir. Respublikamızda yüksək səviyyəli müasir infrastruktur quruculuğu sayəsində paytaxt Bakı ilə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Bölgələrdə hər cür kommunal rahatlıqlarla, o cümlədən də yüksəksəviyyəli yollarla təmin olunan sakinlər öz həyatlarını yaşadıqları yerlərdə qurmağa üstünlük verirlər ki, bu da Azərbaycanın müsbət reallıqlarından biridir.
Magistral yolların yüksək səviyyədə yenidən qurulması sayəsində Azərbaycan tranzit daşımaları üçün əlverişli məkana çevrilib
Son illərdə respublikamızda yol infrastrukturu quruculuğundan söhbət açarkən ölkə ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca magistral yolların yüksək standartlar səviyyəsində yenidən qurulmasının önəmini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın magistral yolların yüksək səviyyədə yenidən qurulmasını diqqət mərkəzində saxlaması yalnız ölkədaxili amillərlə bağlı deyil. Respublikamızda magistral yolların yenilənməsini zəruri edən digər mühüm amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqeyə və bir sıra digər üstünlüklərə malik olması ilə bağlıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə əlverişli ölkə olduğu barədə konkret təsəvvür yaranar.
Son illərdə qeyri-neft sektorunun inkişafına güclü siyasi iradə və maddi dəstək göstərən Azərbaycan, eyni zamanda, özünün əlverişli coğrafi mövqeyindən bəhrələnərək tranzit imkanlarını daha da genişləndirməyə və bu yolla ölkəmizin əlavə gəlirlər əldə etməsinə nail olmağa çalışır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkə ərazisində nəqliyyat xidmətləri inkişaf etdirilir, daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya daha da genişləndirilir. O cümlədən magistral yolların yüksək səviyyədə yenidən qurulması Azərbaycanın tranzit imkanlarının genişlənməsinə müsbət təsir göstərir. “Biz Azərbaycanı nəqliyyat qovşağına çeviririk. Açıq dənizlərə çıxışı olmayan ölkə Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilir”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb.
Azərbaycan qədim İpək Yolunun bərpasına yüksək siyasi iradə nümayiş etdirir. İndiyədək respublikamız qədim İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələlərin müzakirə edildiyi bir sıra beynəlxalq səviyyəli tədbirə uğurla ev sahibliyi edib. Bu tədbirlərdə iştirakçı tərəflər ölkəmizin geniş tranzit imkanları barədə məlumat alıblar. Respublikamız, həmçinin Çin tərəfindən irəli sürülən “Bir kəmər - bir yol” layihəsinə də dəstək nümayiş etdirir. O cümlədən indiyədək respublikamızda İpək Yolunun Azərbaycandan keçən hissəsinin yenidən qurulması, bütövlükdə Şərq-Qərb marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib. Prezident İlham Əliyev Bakı-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasını ciddi nəzarətdə saxlayır. İndiyədək dövlət başçısı bəhs olunan yolun yenidən qurulması üzrə ayrı-ayrı layihələrin tamamlanması mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Qeyd edək ki, ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Türkmənistan səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında bu kimi məqamlara diqqət çəkərək bildirib: “Nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək”.
Respublikamızın ərazisində, həmçinin Şimal-Cənub dəhlizinin ayrı-ayrı seqmentlərini təşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirilir. İndiyədək respublikamız istər Rusiya sərhədinə, istərsə də İran sərhədinədək olan magistralların yenidən qurulmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldib. Cari il sentyabrın 18-də Şimal-Cənub dəhlizinin mühüm seqmentlərindən biri olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Prezident İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində bəhs olunan magistralın açılışına qatılıb. Açılış mərasimində bildirilib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat Sənaye Turizm və Ticarət”, həmçinin “Özgün Yapı Sənaye və Ticarət” şirkətləri, o cümlədən digər nüfuzlu xarici şirkətlərdir.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.
Yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verilib. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb.
Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol-cizgi xətləri çəkilib.
Hazırda respublikamızın ərazisində bir sıra magistral yolların yüksək standartlar səviyyəsində yenidən qurulması uğurla davam etdirilir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol da bu qəbildəndir. Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm seqmentlərindən olan yol 1B texniki dərəcəyə uyğun inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun layihəsi 4 lotdan ibarətdir və hazırda tikinti işləri 1-ci lotda aparılır. Bu hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür. Artıq 1-ci lot üzrə layihənin 0-7-ci kilometrlik hissəsində asfaltlama işləri əksər ərazidə yekunlaşdırılıb. Bundan əlavə, 1-ci lot üzrə 2 yol qovşağı, yolötürücü körpü, kanal körpüsü, 4 yeraltı avtomobil keçidi, müxtəlif ölçülərdə 33 beton borunun tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlifgərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikilməsi nəzərdə tutulub. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Bütövlükdə yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək. Ödənişli olacaq yeni avtomobil yolunun tikintisi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına, beynəlxalq yük daşımalarının həcminin artmasına əlavə təkan verəcək.
Respublikada kənd yollarının abadlaşdırılması geniş vüsət alıb
Son illərdə respublikamızda kənd yollarının abadlaşdırılması da geniş vüsət alıb. Prezident İlham Əliyevin qəti mövqeyi belədir ki, ölkə miqyasında abadlaşdırılmayan kənd yolu qalmamalıdır, bütün yaşayış məntəqələrində insanlar rahat yollarla təmin edilməlidirlər. İndiyədək ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları genişləndikcə dövlət bu sahəyə yönəldilən investisiyaların həcmini də artırır. “Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamətdə artıq böyük işlər görülübdür”, - deyə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib.
Əlamətdar haldır ki, respublikamızda kənd yollarının yenidən qurulması ildən-ilə daha intensiv hal alır. Ötən il respublikamızda şərti “40 yol” adlanan, əslində isə təxminən 500 kəndi əhatə edən genişmiqyaslı yol layihəsi uğurla tamamlanıb. Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması 2018-ci ildə də intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev cari ilin əvvəlindən bəri bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı çoxlu sayda Sərəncam imzalayıb. Ümumiyyətlə, 2018-ci ildə respublika miqyasında yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrin sayı kifayət qədər çoxdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirib ki, cari ildə 600 kəndin yollarının abadlaşdırılması hədəflənib: “Bu il 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometr idi. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır”.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində yeni yolların istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edir və Özünün dəyərli tövsiyələrini verir. Dövlət başçısı təkcə 2018-ci ilin ikinci yarısında Masallı, Biləsuvar, Qax, İmişli, Lerik, Ağdam, Şəki, Lənkəran, Quba və digər bölgələrdə çoxlu sayda yerli əhəmiyyətli yolların istifadəyə verilməsi mərasimlərində iştirak edib. Bundan başqa, dövlət başçısının imzaladığı sərəncamlar əsasında regionlarda yeni yol layihələrinin icrasına başlanılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21

