Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / QALİB LİDER

QALİB LİDER

16.10.2021 [10:16]

Tarix boyu hər bir xalq və dövlət üçün onun liderinin kim olması çox böyük əhəmiyyət kəsb edir. Ayrı-ayrı liderlər müxtəlif xalqların tarixində ya tənəzzül və faciələrə, ya da böyük sıçrayış, inqilab və inkişafa nail olublar. Tarixdə buna dair misallar saysız-hesabsızdır. Azərbaycana gəlincə, elə 1990-cı illəri xatırlamaq kifayətdir. O zaman ölkəyə rəhbərlik edənlər öz vəzifələrinin öhdəsindən gələ bilmirdilər. Azərbaycanda hərc-mərclik hökm sürür, torpaqlarımız itirilir, ölkə iqtisadi cəhətdən daha da geri gedirdi. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda sabitlik əldə olundu, ölkənin siyasi-iqtisadi böhrandan çıxması istiqamətində prinsipial, ardıcıl və mühüm addımlar atıldı. Azərbaycanın müstəqilliyi möhkəmləndirildi.

2003-cü ildən etibarən isə ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. O zaman  dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” demişdi. Ötən 18 ildə Prezident İlham Əliyev doğrudan da ölkədə xalqın böyük rəğbət və etimad göstərdiyi Liderə çevrildi.

Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində Azərbaycanın nəinki regionda, əminliklə demək olar ki, beynəlxalq miqyasda proseslərə təsir gücünə malik olan ölkəyə çevrilməsinə nail olub. Bu gün yalnız yerli deyil, beynəlxalq ekspertlər də 2003-2021-ci illər ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edildiyini, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirdiyini etiraf edirlər. Prezident İlham Əliyevin bu illər ərzində yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb.

Azərbaycan xalqı hal-hazırda tarixinin ən əlamətdar günlərini yaşayır. Azərbaycan xalqı bu gün yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazır. Prezident İlham Əliyev bütün görüşlərində və çıxışlarında daima Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsinə toxunur, bununla barışmayacağını qeyd edirdi. 2018-ci ildə yenidən Prezident seçilən İlham Əliyev əsas hədəf kimi işğal faktorunun aradan qaldırılmasını qeyd etdi və düz 2 il yarım sonra torpaqlarımızı işğalçılardan azad etdi. Beləcə, ermənilərin və onların havadarlarının uzun illər davam edən işğal siyasətinə son qoyuldu.

Prezident bu illər ərzində verdiyi sözə əməl etdi, O, Ermənistana və onun havadarlarına etdiyi xəbərdarlıqlarının boş söz olmadığını 44 günlük müharibə ərzində sübut etdi. Nəticədə, Ermənistan ordusu darmadağın edildi və noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı.

Təbii ki, 44 günlük müharibədə qalib gəlmək heç də asan məsələ deyildi. Çünki qalib olmaq üçün həm də beynəlxalq münasibətlərin sayılan aktoru olmaq lazım idi. Dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynaya bilər. Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, dövlət başçısının  həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən doğru yoldur.

Ölkə başçısının uğurlu iqtisadi siyasətinin müsbət nəticələri də göz önündədir. Son illər qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması “inkişafın Azərbaycan modeli”nin uğurlarını bir daha təsdiqləyir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu.

Aparılan islahatların nəticəsi olaraq, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2020-ci ilədək 69-cu yerdən 34-cü yerdə məskunlaşdı.

Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin reallaşması nəticəsində minlərlə insan iş yeri ilə təmin edildi. Təkcə son 3 il ərzində səhiyyə ocaqlarının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə məktəblərin tikintisi və təmiri davam etdirildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.

Ötən dövrdə respublikamızın tranzit imkanlarının reallaşması üçün digər iri layihələr də uğurla reallaşdırılmışdır. Bu baxımdan, Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi xüsusi vurğulanmalıdır.

2021-ci ildən başlayaraq, İtaliyanın Azərbaycanın maye qazından istifadəyə başlaması artıq qoca qitənin bəzi dövlətlərinin gələcəkdə daha çox Azərbaycanın enerji sahəsində tərəfdaşı olmasına gətirib çıxaracaq. Xüsusi iftixarla qeyd edə bilərik ki, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan təkcə son 3 il ərzində Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmağı bacardı.

Bu ilin əvvəlində isə, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalaması kifayət qədər zəngin olan bu qaz yatağının da Azərbaycanın sosial-iqtisadi təhlükəsizliyində mühüm rola malik olacağına dəlalət edir.

Bundan başqa, işğal altındakı torpaqların azad edilməsi və Zəngəzur dəhlizinin işə düşməsindən sonra bölgədə yeni geoiqtisadi əlaqələrin yaranmasına şahidlik edəcəyik.

Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi.

 

 

Paylaş
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31