Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XXI əsrin ilk kapitulyasiya aktı

XXI əsrin ilk kapitulyasiya aktı

11.11.2021 [10:58]

Müzəffər Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyib məğlubiyyətə uğrayan Ermənistanın kapitulyasiya aktına imza atmasından bir il ötür. 10 noyabr 2020-ci il tarixi dövlətimiz üçün mühüm əhəmiyyətə malikdir. Məhz bu gün xalqımız 44 günlük Vətən müharibəsində qalib gəlməyin qürurunu yaşadı. Üçtərəfli Bəyanat canlı yayımda Ali Baş Komandanımız və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalandı. Ermənistan Baş naziri Nikol Paşinyanın isə sənədə harada və necə imza atdığı bəlli deyil...

10 noyabr üçtərəfli Bəyanatı 21-ci əsrin ilk kapitulyasiya aktıdır. Ermənistan yeni əsrin tarixinə ilk təslimçi, sülhə imza atan ölkə kimi düşdü. 27 sentyabrdan-müharibənin başlanmasından Şuşanın azad edilməsinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədəki məğlubiyyətini təsdiqləmir, geriçəkilmə taktikasını həyata keçirdiyini bildirirdi. Lakin tarixi Şuşa əməliyyatından sonra təslim olmağa məcbur oldu. Noyabrın təxminən 4-dən “yoxa çıxan” Paşinyan isə üçtərəfli Bəyanatın imzalanma mərasimində iştirak etmədi. Beləliklə, 21-ci əsrin hərbi-siyasi tarixində bir ilk baş verdi: Ermənistan liderinin iştirakı olmadan kapitulyasiyaya məcbur edildi;

Azərbaycan-Türkiyə birliyi

Azərbaycanın Ermənistan üzərindəki qələbəsi bütövlükdə ?ürk dünyasının da qələbəsi sayılır. Azərbaycanın haqq yolunda apardığı savaş bütün Türk dünyasına qarşı yönəlmiş təhdidləri arxa plana saldı. Türkiyənin müdafiə naziri Hulusi Akar da Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında bu məqama toxunub. O, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini Ermənistanın fürsət olaraq dəyərləndirməsini və bu imkandan istifadə etməsini istəyirik:

“Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin əmri və komandanlığı altında “Bir Vətən əməliyyatı”nı uğurla həyata keçirib. 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalı altındakı torpaqlarını azad edib. İndi yeni bir mübarizə, iqtisadi mübarizə başlayıb. Türkiyə Silahlı Qüvvələri olaraq azərbaycanlı qardaşlarımızla birgə fəaliyyət göstərərək oraya xaincəsinə yerləşdirilən, günahsız insanların həyatını təhdid edən əldəqayırma partlayıcılar və minalar başda olmaqla, hər cür təhdid və təhlükəni aradan qaldırmaq üçün gecə-gündüz çalışırıq”.

Türk dünyası bundan sonra daha da güclənəcək

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, bir il öncə Şuşanın azad olunması və üçtərəfli Bəyanatın imzalanması ilə 30 illik işğala son qoyuldu. Bu hadisənin xalqımızın həyatında dərin izlər buraxdığını vurğulayan partiya sədri bildirib ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.

Parlamentarinin sözlərinə görə, ordumuza mane olan müəyyən qüvvələr olmasaydı, Xankəndini də azad edə bilərdik:

“Təbii ki, bu zaman daha çox insan itkisi ilə qarşılaşacaqdıq. Ona görə də əslində üçtərəfli anlaşma hərbçilər və dinc sakinlərin həlakının qarşısını aldı. Ağdam, Kəlbəcər, Şuşa və Laçın rayonları savaşsız azad edildi. Eyni zamanda, ATƏT-in Minsk qrupu oyundan kənarlaşdırıldı və bölgənin taleyi ilə bağlı bütün məsuliyyəti Rusiya öz üzərinə götürdü. Əlbəttə, bunun tərəfdarı deyilik və Rusiyanın bölgədə daimi qalmasını istəmirik. Ancaq düşünürəm ki, müvəqqəti olaraq savaşın dayandırıldığı dönəmdə rus sülhməramlılarının bölgədə qalmasına razılıq Azərbaycanın uğurlu diplomatik addımı idi”.

Bir il ərzində bölgədə, ümumiyyətlə, dünyada ciddi dəyişiklik baş verdiyini söyləyən S.Rüstəmxanlı bildirib ki, biz artıq “xahiş etmək” mövqeyində deyilik, BMT-nin qətnamələrini yerinə yetirmiş qalib bir xalqıq:

“Sərhədlərimizi bərpa edir, yollarımızı açırıq. Bütün dünya gördü ki, ermənilər işğalda saxladıqları ərazilərimizdə necə vəhşiliklər törədiblər. Əgər həmin torpaqları öz əraziləri hesab edirdilərsə, niyə bir dənə olsun salamat yer qoymayıblar? Hər kəs Azərbaycanın humanizmini gördü, bir dəfə olsun dinc əhaliyə güllə atmadıq. Əslində bir il o qədər də böyük vaxt deyil. Ermənilər azad etdiyimiz ərazilərdə çoxsaylı minalar yerləşdirmişdilər və minalı ərazilərin xəritələrini də vermədilər, verdikləri isə yararsız idi. Eyni zamanda, Azərbaycana çoxsaylı böhtanlar atmağa çalışdılar. Prezidentimizin müharibə dövründə verdiyi müsahibələr və atdığı diplomatik addımlar hər şeyi sübut etdi. Bir il ərzində Şuşada, Zəngilanda, Cəbrayıl və Füzulidə görülən işlər bütün dünyaya Ermənistanın vəhşiliyini, Azərbaycanın isə qurucu və insansevər olduğunu göstərdi. Qısa müddətdə Zəfər yolu çəkildi, Füzulidə Beynəlxalq Hava Limanı tikildi, Laçın və Zəngilanda da bu işlərə başlanılıb, Zəngəzur istiqamətindəki yolların təməli qoyulub, Ağdam və Kəlbəcərdə quruculuq işləri görülüb. Bir sözlə, Azərbaycan ötən bir ildə fantastik işlər görüb. Türkiyə və Azərbaycan arasında “Şuşa Bəyannaməsi”nin imzalanması, Vaqif məqbərəsinin qısa müddətdə bərpası, “Xarı bülbül” festivalının keçirilməsi - bunların hamısı Şuşaya yeni həyat verdi. Belə işlər yenə də davam etdiriləcək. Bütün bunlar Azərbaycanın iradəsi, dövlət-xalq-ordu və Ali Baş Komandanın birliyinin nəticəsidir. Bu arada, Azərbaycan siyasi partiyalarının bütövlükdə vətəndaş həmrəyliyi və milli birlik ətrafında bir araya gəlməsini və ordumuza, dövlətimizə dayaq durmasını gördük. Çoxlarına elə gəlirdi ki, ermənilər Şuşada elə möhkəmləniblər ki, ordumuz ora girə bilməz. Ancaq Azərbaycan Ordusu bu mifləri darmadağın etdi. İnanıram ki, bu güc, əhval-ruhiyyə və psixologiya ilə düşmənlərimizə cavab verəcək, Qarabağımızı bərpa edəcəyik. Beləliklə, Zəngəzur dəhlizi və Türkiyə-Azərbaycan arasında yollar açılacaq. Bu yollar da bizi Mərkəzi Asiyaya aparacaq və Türk dünyası bundan sonra daha da güclənəcək”.

Yeganə Bayramova

 

Paylaş
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31