Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cığır idi... Zəfər yolu oldu

Cığır idi... Zəfər yolu oldu

12.11.2021 [10:22]

Noyabr idi. Payızın son ayı özü ilə Şuşaya qış soyuğu gətirmişdi. Artıq ətrafdakı dağlara qar da düşmüşdü. Əvvəllər bu vaxtlar Şuşa qonaq-qaralı olar, aşıb-daşardı - Azərbaycanın hər yerindən insanlar dağlar qoynunda qərar tutan şəhərin əsrarəngiz payız lövhələrini seyr etmək üçün bura böyük həvəslə gələrdilər. İndi isə o çal-çağırlı, toy-düyünlü günlərdən əsər-əlamət belə yox idi. Şəhər suyu sovrulmuş dəyirmana bənzəyirdi. Burada əsasən erməni hərbçiləri gəzib-dolaşırdılar ki, onların da nə danışdıqları Şuşaya aydın deyildi. Şuşanın onları görməyə gözü yox idi, zəndeyi-zəhləsi gedirdi hamısından. Yad insanların burada varlığı düz 30 ilə yaxın idi ki, Şuşaya əzab verirdi. Hara gedib doğma insanlar? Niyə Cıdır düzündə  məclislər qurulmur, şənliklər keçirilmir? Niyə burada daha muğam sədaları eşidilmir? Minarələrdən gələn azan səsini kim kəsib? Şuşa öz-özünə bu kimi suallar verərək yaşayırdı. Daha yorulmuşdu. Halı özündə deyildi, çox üzgün idi. Son günlərdə narahatlığı daha da artmışdı. Ermənilər özlərini həmişəki kimi aparmırdılar. Əsəbi və qəzəbli olmuşdular, az qalırdılar ki, bir-birlərini didib parçalasınlar. Küçələrdə hərbi texnikanın, barrikadaların sayı da artmışdı. Bu nə ilə bağlı idi? Ermənilər nəyə hazırlıq görürdülər? Şəhərə kim gələcəkdi? Diqqət çəkən həm də o idi ki, uzaqlarda tez-tez, bəzən saatlarla arası kəsilmədən atəş səsləri eşidilirdi...

Bir neçə gün belə keçdi. Atəş səsləri isə ötən hər gün daha yaxınlaşırdı. Növbəti gün Şuşa səsə diksindi. Bu dəfə eşitdiyi səs erməni hərbçilərinin “ilan dilində” qəzəbli danışıqları deyildi. Cığır tərəfdən, Daşaltı səmtindən qulağına dəyən səs yaddaşında qalan, üç onillik ərzində hər gün xatırladığı o doğma insanların doğma səsi idi. Şuşa bunu yuxu zənn etdi, tənha qaldığı 28 il ərzində belə yuxular çox görmüşdü. Ancaq yox, bu dəfə hər şey fərqli idi. Cığır tərəfdə, deyəsən, nələr isə baş verirdi. Şuşa bunu hissiyyatı ilə duyurdu, ötən hər dəqiqədə, hər saatda doğma nəfəs ona bir az da yaxınlaşırdı. O yanılmamışdı - gələnlər onunkular idilər. Onlar dağları dırmaşaraq şəhərə girəndə Şuşada eşitdiklərinin və duyduqlarının yuxu, xəyal olmadığına tam əminlik yarandı. Sevindi, sanki çiçəyi çırtladı. 28 illik həsrətin, nisgilin sonu idi bu görüş! Cığır tərəfdən keçib gələn əsgər və zabitlər necə də məğrur, qüdrətli və yenilməz idilər. Erməni hərbçilər onları görən kimi, qaçıb canlarını qurtarmağa çalışırdılar, düşmənin qurduğu pusqular, barrikadalar da bir işə yaramadı, əsgər və zabitlərimiz onları yararaq erməni hərbçilərinin başlarına od ələyirdilər. Ona doğma olan hərbçilərin şücaəti Şuşanın ruhunu canlandırdı. “Bilirdim, əmin idim ki, gələcəksiniz. Laçından, Xankəndidən gələn yollarda çoxlu sayda erməni hərbçiləri və texnikası cəmlənmişdi, bizimkilərin oradan gələcəklərinə gümanım az idi, ümidim meşələrdən, qayalardan qıvrıla-qıvrıla keçən cığıra idi və gözləntilərim doğruldu”, - deyə öz-özünə məmnun-məmnun pıçıldadı Şuşa.

Cığırlardan keçib Şuşaya çatan hərbçilərimiz misilsiz şücaətlər göstərdilər. Vətən müharibəsi günlərində KİV-də bir foto manşetlərdə təqdim olundu. Həmin fotoda əlində silah, çiyinlərində yaralı səngər yoldaşını daşıyaraq həmin o cığırla Şuşaya doğru irəliləyən Azərbaycan əsgəri təsvir olunmuşdu. Budur, bizim hərbçilərin sərhəd tanımayan Vətən, torpaq və Şuşa sevgisi!   Noyabrın 8-i. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azadlığa qovuşduğu barədə xoş müjdəni Azərbaycan xalqına çatdırdı. Şuşanın azad olunması 44 günlük müharibənin taleyini həll etdi. Düşmən bundan sarsıldı və müqavimət göstərməyin mənasız olduğunu anladı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra hərbçilərlə görüşdəki çıxışında əsgər və zabitlərimizin Şuşa uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıqları bir daha xatırladaraq vurğulayıb: “Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.

Vətən müharibəsində hərbçilərimizi Şuşaya aparan cığır indi Zəfər yoluna çevrilib. Azərbaycan  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Yolun uzunluğu 101 kilometrdir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Zəfər yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə Şuşa şəhərinədək uzanır. Yolun çətin relyef şəraitində inşa olunmasına baxmayaraq, inşaatçılarımız fədakarlıqla çalışaraq mürəkkəb bir layihənin icrasını qısa müddətdə uğurla tamamlayıblar. Bu, Azərbaycan dövlətinin gücünü və iradəsini təcəssüm etdirir.

Zəfər yolunun inşası böyük rəmzi məna daşıyır. Vaxtilə hərbçilərimizin Şuşanı azad etmək üçün yararlandıqları cığırın yerində müasir yolun salınması ideyasını Prezident İlham Əliyev irəli sürüb. Dövlətimizin başçısı Qarabağın tacı olan Şuşanı işğaldan azad edən hərbçilərimizə böyük ehtiramının ifadəsi olaraq yeni çəkilən yolu Zəfər yolu adlandırıb. Bu, xalqımızın Şuşa ilə bağlılığını təmin edən əbədi bir yol olacaq!

Mübariz ABDULLAYEV

 

 

Paylaş
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31