Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyadan Hindistan həmləsi...

Rusiyadan Hindistan həmləsi...

08.12.2021 [11:08]

Vladimir Putinin Nyu-Dehliyə səfəri Kremlə nə qazandıra bilər?

P.İsmayılov

Rusiya Prezidenti Vladimir Putinin Nyu-Dehliyə işgüzar səfəri beynəlxalq medianın diqqət mərkəzindədir. Səfər çərçivəsində tərəflər arasında strateji tərəfdaşlıq və terrorizmlə mübarizə, həmçinin Asiya-Sakit okean regionundakı və Əfqanıstandakı vəziyyət müzakirə olunan əsas məsələlər olsa da, başlıca məqam hələ də NATO-Rusiya münasibətləri olaraq qalır. İstər ABŞ, istərsə də Rusiya açıq şəkildə öz ətraflarında müttəfiqləri yenidən müəyyənləşdirməklə məşğuldur. Dünyanın ən böyük dövlətlərindən sayılan Hindistanın da hansı tərəfdə yer alacağı bir o qədər vacib məqamdır.

Vurğulanmalıdır ki, Hindistan və Rusiya mühüm strateji tərəfdaşlardır və ABŞ-ın təzyiqlərinə baxmayaraq, bir-biri ilə konstruktiv dialoqu davam etdirməkdədirlər. Burada, əsas etibarilə, hərbi-texniki və strateji əlaqələr xüsusilə diqqəti cəlb edir. 2018-ci ildə Rusiya liderinin Nyu-Dehliyə səfərindən sonra Putin ilə Modi arasında Hindistana beş alay dəsti S-400 Triumf zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə imzalanmışdı. Sövdələşmə 5,43 milyard dollar dəyərində qiymətləndirilib. Hava hücumundan müdafiə raket sisteminin birinci divizionu 2021-ci ilin sonuna kimi Hindistan tərəfinə veriləcək. Rusiyanın 2025-ci ildə müqavilə öhdəliklərini tam yerinə yetirəcəyi gözlənilir.

Qeyd edək ki, səfər öncəsi Rusiyanın Hindistandakı səfiri Nikolay Kudaşev Nyu-Dehlidə jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, iki dövlət başçısı arasında danışıqların dünyada davam edən gərginlik kontekstində aparılması nəzərdə tutulub. Onun sözlərinə görə, səfər çox çətin beynəlxalq dövrə təsadüf edib. Xarici İşlər naziri Sergey Lavrov isə səfər öncəsi “Gələcək üçün Dialoq 2021” elm və təhsil proqramının iştirakçıları ilə görüşdə bildirmişdi ki, Birləşmiş Ştatlar AUKUS (ABŞ, Böyük Britaniya və Avstraliya ittifaqı) və Quad (ABŞ, Yaponiya, Avstraliya və Hindistan təhlükəsizliyə qarşı dördtərəfli dialoq formatı) kimi hərbi ittifaqlar bağlamaqla dünyada vəziyyəti sarsıtmağa çalışır. Bu baxımdan, nazir çoxqütblü dünya düzəninin möhkəmləndirilməsi üçün yeni iqtisadi artım, maliyyə gücü, siyasi təsir mərkəzləri ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayaraq Hindistanı belə dövlətlərdən biri adlandırmışdı. Lavrov qeyd etmişdi ki, Rusiyanın yanaşmalarını bölüşən tərəfdaşlar ən yaxın mühitdir. “Buna Aİİ, KTMT, MDB, eləcə də daha geniş tərəfdaşlıqlar - əsas Avrasiya təşkilatı - ŞƏT, BRİKS assosiasiyası daxildir. Rusiya - Hindistan - Çin (RİC) üçlüyü də öz əhəmiyyətini saxlayır”, - deyə xarici işlər naziri bildirmişdi.

Yeri gəlmişkən, dekabrın 6-da keçirilən Putin-Modi görüşü isə maraqlı nəticələrlə yadda qalıb. Belə ki, tərəflər arasında 15 saziş imzalanıb, liderlər 99 bənddən ibarət birgə bəyanat qəbul ediblər. Bununla yanaşı, tərəflər Əfqanıstan xalqına humanitar yardım göstərməyə razılaşıblar, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəyə sadiq olduqlarını bəyan ediblər. Vladimir Putin görüşdən sonra çıxışında bildirib ki, Moskva və Nyu-Dehlinin beynəlxalq aləmdə mövqeləri bir çox məsələlərdə üst-üstə düşür. “Şübhəsiz ki, biz terrorizm və ona qarşı mübarizə, o cümlədən narkotiklərlə, mütəşəkkil cinayətkarlıqla bağlı hər şeydən narahatıq”, - deyə Rusiya prezidenti bildirib. O əlavə edib ki, biz həm Hindistan ərazisində, həm də Rusiya ərazisində birgə hərbi təlimlər keçiririk və bu istiqamətdə işi davam etdirmək niyyətindəyik.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli Vladimir Putinin Hindistana səfərinin məqsədinin bəlli olduğunu diqqətə çatdırıb. O bildirib ki, Ukrayna sərhədinə Rusiya hərbi kontingentinin yığılması vəziyyətin gərginliyini tam izah edir. Q.Hüseynlinin sözlərinə görə, bu mənada, hətta yaxın zamanda Putinin Çinə səfəri də istisna deyil: “Güman edirəm ki, Rusiya Prezidenti Hindistandan sonra Çinə də səfər edəcək. İndiki halda məqsəd Hindistanla anti-NATO xarakterli razılaşmalar əldə etməkdir. Hindistanın isə açıq surətdə anti-ABŞ xətti tutacağı inandırıcı görünmür. Bu, Hindistan üçün arzuolunmaz nəticələrə yol aça bilər. Üstəlik, son dövrlərdə Hindistanın ABŞ ilə münasibətlərində yaxınlaşma, həlimləşmə hiss edilməkdədir. Hətta ABŞ Hindistana F-35 təyyarələri, hava hücumundan müdafiə sistemləri sata bilər. Bu, çox böyük güzəştdir”.

Politoloq bildirib ki, hazırda ABŞ-ın ətrafında mühüm hərbi ittifaqlar formalaşdırılır. AUKUS və üstəgəl NATO özündə dünyanın çox böyük hissəsini birləşdirir. Qüvvələr nisbətində ABŞ koalisiyası daha böyük görünür. “ABŞ ilə Hindistan arasında da ciddi danışıqlar və sövdələşmələr olub. Hindistan, belə demək olarsa, hələlik balansı qoruyur. Rusiyadan da xeyli silah, hərbi məhsullar alır, digər tərəfdən, bu ölkə tərəfindən qazla təchiz edilir. Fikrimcə, Rusiya Hindistana məhz qaz məsələsi yolu  ilə təsir göstərə və istəyini həyata keçirə bilər”, - deyə Q.Hüseynli əlavə edib.

 

 

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 244 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31