Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu

Heydər Əliyev - müstəqil Azərbaycanın xilaskarı və qurucusu

10.05.2022 [11:05]

Biz Ümummilli Liderimizin yolunda, ölkə başçımızın izindəyik!

Səadət Musayeva

BDU-nun hüquq fakültəsinin tələbəsi

Milli mücadilə tariximizin həlledici kəsimində Heydər Əliyevin bioqrafiyası dayanır. Atamın Ümummilli Liderimiz haqqında söylədiyi bir fikri var - “Heydər Əliyev Azərbaycan tarixinə bir işıq kimi gəldi”. Onun haqqında söylənilən ən gözəl cümlədir mənim üçün.O işıq Azərbaycana həqiqətən də ən parlaq aydınlığı bəxş etdi. Hər zaman düşünürdüm ki, biz gənclərin ən böyük məhrumiyyəti Ümummilli Liderimizin olduğu dövrdə olmamaq idi. Onun haqqında kitablardan öyrənir, keçmiş müsahibələrindən məlumat alır, valideynlərimizdən eşidirik. Lakin zaman keçdikcə bu hiss tamam fərqli bir hisslə əvəz olundu mənim üçün...

Atam Heydər Əliyevdən danışanda hər zaman gözündə bir işıqla danışır, fəxr hissi ilə söhbət edir bizimlə. Çox təəssüf edərdim ki, mən bunları görüb, yaşaya bilməmişəm. Lakin həddi-büluğa çatıb bir fikir sahibi olanda gördüm ki, atamın Heydər Əliyev haqqında danışarkən gözündəki işıq, daşıdığı fəxr hissi liderimiz İlham Əliyev üçün daşıdığım hisslərlə eynidir... Heydər Əliyev biz gənclərə təkcə müasir Azərbaycan deyil, həm də qürur duyacağımız bir Lider bəxş edib.

Ümummilli liderimiz həqiqətən xilaskardır!

- O, Azərbaycanı yenidən var edib.

- O, beynəlxalq aləmdə söz sahibi olmağımızın ilk səbəbkarıdır.

Tarix dərsliklərində müxtəlif dövlətlərin liderləri haqqında hər zaman oxumuşuq. Bəzilərinin hakimiyyət dövrü dövlətləri üçün qızıl dövr adlandırılıb, bəzilərinin isə, sadəcə adı qeyd edilib. Qızıl dövrü adlandırdıqları liderlər isə hansısa islahat həyata keçirib tarixdə qalmaq istəyib, ölkəsinin qalan məsələlərini həll etmədən hakimiyyət dövrünü başa vurub. Oxuduqlarım içərisində tarixə öz imzasını həkk etdirən lider Heydər Əliyev olub. Çünki Heydər Əliyev bir dövləti var etməkdən əlavə özünün həll etmək istədiyi, lakin həyata keçirə bilmədiyi məsələləri digərlərindən fərqli olaraq kənar qoymayıb. Heydər Əliyevi tarixi lider edən məhz budur! O, Qarabağ probleminin həll olunmasını İlham Əliyevə vəsiyyət edib. Dövlətçilik tariximizdə Heydər Əliyev kimi Liderin olması böyük fəxrdir. O, Azərbaycan dövlətinin sabahını fikirləşərək yaşayıb. Məhz belə bir xilaskarın qurduğu bir dövlətdə yaşamaq bizim üçün qürurvericidir.

Qarabağ məsələsinin həlli tariximizin ən şanlı səhifəsi oldu. Heydər Əliyev bütün problemlərin həllini də, həmin problemi kimin həll edəcəyini də bilirdi!

Heydər Əliyevi görə bilməsək də onun haqqında yaranan təsəvvürlərimizi Müzəffər Liderimizdə, Azərbaycan tarixinə adını Şuşanın fatehi kimi qızıl hərflərlə həkk edən İlham Əliyevdə görürük.

Bizim gənclik həm də ən şanslı gənclikdir. Hər dövlətin bir tarixi dövrü, liderləri olur. Biz İlham Əliyevin sayəsində bunları görürük. Tarix boyu gördüyümüz ən güclü lider bizə tarixin ən şanlı günlərini yaşatdı. İlham Əliyev hər kəsdən öncə Ümummilli Liderimizin qüruru oldu. Bir övlad üçün atasının onunla qürur duymasından ən ülvi bir duyğu ola bilməz. Bu gün Ümummilli Liderin ruhu və bütün Azərbaycan Onunla qürur duyur! Heydər Əliyev bizim üçün hər zaman ən böyük qürur mənbəyidir. İllər keçsə də dəyişməyəcək! Biz gənclərə güc, mübarizə timsalıdır, bizə ən birinci amalımızın Vətəni sevmək olmasını öyrədəndir.

Heydər Əliyevlə bağlı mənim üçün ən təsirli səhnə “Azərbaycan” şeirini oxuduğu səhnədir. Sanki şairin yazdığı sözləri deyil, öz qəlbindən keçənləri deyir Heydər Əliyev. Ümummilli Lider deyir - “Ayrılarmı könül candan?”. Və bu heç vaxt da dəyişmədi. Heydər Əliyev Azərbaycandan heç vaxt ayrılmadı. Onun xilaskarı və qurucusu olduğu Azərbaycan regionun deyil, artıq dünyanın ən nüfuzlu dövlətlərindən biri hesab olunur. Onun yaratdığı Azərbaycan geosiyasəti müəyyənləşdirir, yön verir. Həlledici məqamlarda Azərbaycan çıxış edir.

Heydər Əliyev Azərbaycan gəncliyinin istiqamətini müəyyənləşdirib. Ümummilli Lider Heydər Əliyev deyir - “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Azərbaycan gəncliyi Heydər Əliyevin dediyi sözləri çox yaxşı anlayır, başa düşür. Və deyilən bu sözlərin bizim çiyinlərimizə qoyduğu məsuliyyəti çox yaxşı dərk edirik. Tək amalımız Heydər Əliyevin təsəvvüründə olan Azərbaycan gəncliyinə layiq olmaqdır. Tək bu məqamda deyil, Liderimizin dediyi bütün sözlər diqqətli təhlil olunmalıdır. Çünki, biz Onun söylədiyi hər bir sözün bir nəticəsi olduğunun şahidiyik. Heydər Əliyev hər zaman deyirdi ki, inanın biz Qarabağa qayıdacayıq. Əlbəttə, Ümummilli Liderimizin sözlərə heç vaxt inamımızı itirməmişdik və İlham Əliyev bizə bunu bir daha sübut etdi. İlham Əliyev bizim üçün təkcə dövlət başçısı olaraq deyil, həm də Heydər Əliyevin övladı olaraq onun vəsiyyətini yerinə yetirən oğul kimi qürur mənbəyimizdir.

İlham Əliyev 44 günlük müharibə dövründə verdiyi bütün müsahibələrdə təkcə dövlət başçısı olaraq deyil, həm də Heydər Əliyevin adından tarixi dərs verdi. Hər çıxışında, hər müsahibəsində ölkəmizin qüruru oldu. Və Azərbaycan tarixi daha bir əvəzolunmaz Lider qazandı. Heydər Əliyevin qurucusu olduğu Azərbaycan indiki Lideri, ordusu və xalqı ilə daha güclüdür. Tarixdə görülməmiş addımlar atırıq. Düşməni müharibə şəraitində məhv etməyimiz bəs etmir, diplomatiya zəminində heç edirik.

Şuşanın alınması Heydər Əliyev Azərbaycanının ləyaqət zirvəsidir. Azərbaycan dövlətinin güc simvoludur. İlham Əliyev düşməni diz çökdürdü, bizim istəyimizə əməl etməyə məcbur etdi. Məhz Şuşada Xarı bülbül festivalının keçirilməsi düşmən ictimai fikrini məhv etdi.

Bundan sonra Heydər Əliyevin dirçəldib, xilas edib qoyub getdiyi, İlham Əliyevin zirvələrə qaldırdığı Azərbaycanın daha güclü və bütöv bir şəkildə yeni bir tarixi başlayır. Artıq geosiyasi vəziyyət dəyişib. Və biz bu dəyişimə Liderimiz İlham Əliyev sayəsində nail olmuşuq. İlham Əliyev hər şeydən öncə geosiyasəti yaxşı bilir və bunun sayəsində dövlətimiz necə güclənəcəksə ona uyğun qərarlar alır. Heydər Əliyevdən öyrəndiklərimizdən, örnək aldıqlarımızdan əlavə İlham Əliyev bizə ən mühüm məqamlarda örnək oldu. Liderimiz bizə cəsur və təmkinli olmağı öyrətdi. Hal-hazırda Prezidentimiz çıxışlarında tək bir söz deyir - “Biz İrəvana qayıdacağıq!”. Bu söz düşmənin varlığını məhv edir, həm də dünyaya bizim gücümüzü bir daha göstərir. Dediklərimizi həyata keçirdiyimizə şahid oldular və buna görə də bundan sonra deyəcəyimiz hər bir sözə ehtiyatla yanaşırlar. Məhz İlham Əliyev Azərbaycana yeni yanaşma gətirdi. Anti-Azərbaycan qüvvələrin planlarını alt-üst etdi. Heydər Əliyevdən sonra Azərbaycan üçün ediləcək ən böyük yaxşılıq yalnız bu cür ola bilərdi.

Azərbaycan yeni tarixinə başlayır. Beynəlxalq layihələr, əməkdaşlıqlar, torpaqlarımızın bütövlüyü, yeni konmunikasiya xətlərinin açılması bizi tamam fərqli bir Azərbaycan edir. Güclənən Azərbaycanın dəyişməyən tək tərəfi Türkiyə ilə olan dostluğudur. Heydər Əliyevin dediyi kimi - “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaq”. Hər şey Heydər Əliyevin dediyi kimi də oldu. Biz heç nəyi unutmadıq. Bu müharibə dövründə də Türkiyənin bizə mənəvi dəstəyini heç vaxt unutmayacağıq. Dünyaya örnək olan bu dostluq tarix səhifələrindən heç vaxt silinməyəcək bir dostluqdur. Hər zaman bizim yanımızda olan Türkiyənin hər zaman yanında olacağıq!

Biz Ümummilli Liderimizin yolundayıq! Ölkə başçımızın izindəyik! Qürur duyduğumuz tariximizin yaradıcıları onlardır. Etiraf etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəlişi ilahi bir lütfdür. Bizim çıxış yolumuz, aydınlığımız Heydər Əliyevdə imiş və O, bu missiyanı yerinə yetirəcək tək insan idi. Bu gün İlham Əliyev o zamankından daha böyük güc nümayiş etdirir. Zaman keçdikcə dövlətlərin gücü də, marağı da dəyişir. Dövlət başçımız beynəlxalq arenada mövcud vəziyyətə adekvat davranır. Nəyi, nə zaman, necə etmək lazım olduğunu hamıdan yaxşı bilir. Biz onun bu uğurlu siyasətinə inanırıq və hər zaman yanındayıq. Azərbaycan gəncliyi torpaqlarımızın xilaskarına hər zaman borcludur. Bundan sonrakı fəaliyyət istiqamətimiz Heydər Əliyevin bizə əmanət etdiyi Azərbaycanı qorumaqdır. İlham Əliyevin rəhbərliyinə inanmaq, ona dəstəyimizi hər zaman bildirməkdir. Biz Azərbaycan xalqı olaraq xoşbəxt xalqıq. Vətənimiz əmin əllərdədir. Bunu bilərək yaşayırıq, Liderimizlə fəxr edir, onlara, Vətənimizə xidmət etməyə hər zaman hazırıq!

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Analitik

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

27 May 10:15

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31