Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsas iddia sənədi...

Əsas iddia sənədi...

25.01.2023 [10:20]

Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib

Nardar

Azərbaycan hökuməti yanvarın 23-də əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır. Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir. Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb. Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası həqiqətən də dəhşətlidir.

Ermənistanın “yandırılmış torpaq” siyasəti

Məlumatda qeyd olunub ki, Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub. Bugünədək yüzminlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib. Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır.

Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb. Azərbaycanın müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb. “Azərbaycan tərəfi sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında vurğulanıb.

Beynəlxalq məhkəmə ədalətli qərar qəbul etməlidir

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, 30 illik işğal dövründə Ermənistan bir çox hərbi cinayətlər törədib. Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi cinayətlər?? bir qismi sənədləşdirilərək müvafiq beynəlxalq məhkəmələrə təqdim olunub, digər qisminin isə sənədləşdirilməsi prosesi davam etdirilir. Belə ki, törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlanılıb. Mülki əhali, infrastruktur, dini, tarixi və mədəni abidələrə, ekologiya və ətraf mühitə dəymiş ziyanın müvafiq təhlili aparılır. Hər bir fakt sənədləşdirilərək zəruri addımlar atılacaq. Onun sözlərinə görə, Ermənistan dövləti işğal  dövründə humanitar hüquq normalarının kobud şəkildə pozulması hallarına yol verib. Hələ işğal dövründə Azərbaycanın təkidi ilə ATƏT-in iki faktaraşdırıcı missiyası erməni əsarətində olan torpaqlarımızda monitorinq aparmışdılar. Həmin missiyalar Ermənistanın qanunsuz əməllərini, cinayətlərini öz hesabatlarında əks etdirməyə məcbur olmuşdular. Çünki bu cinayətləri inkar etmək mümkün deyildi. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərə xarici ekspertlərin, diplomatların, jurnalistlərin səfərləri təşkil edilir. Onlar Ermənistanın hərbi cinayətlərinin - yaşayış məntəqələrinin tam dağıdılmasının, təbiətə vurulan ziyanın, qeyri-qanuni məskunlaşmanın şahidi olublar.

Millət vəkili qeyd edib ki,  Ermənistanın cinayətləri təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib: “Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı, yəni günahsız insanların, qocaların qadınların, uşaqların amansızcasına qətlə yetirilməsi, işğal altında olmuş şəhər və kəndlərin yer üzündən silinməsi, təbiətə qarşı terror bütövlükdə ermənilərin bəşəri dəyərlərə qarşı cinayətləridir. Ona görə də, bu cinayətlərə müvafiq beynəlxalq instansiyalar səviyyəsində hüquqi qiymət verilməlidir. Bu baxımdan, dövlətimiz tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunmuş əsas iddia sənədi olduqca vacibdir. Beynəlxalq Ədalət Məhkəməsi məsələyə obyektiv baxmalı və ədalətli qərar qəbul etməlidir”.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31