Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İndi də aşağıda oturub yuxarıya baxmaq istəyirəm

İndi də aşağıda oturub yuxarıya baxmaq istəyirəm

23.02.2023 [10:22]

Heydər Əliyev əsrinin 23-cü ili

Heydər Əliyev: O zaman mən vəzifədə deyildim, amma siz məni qurultayınıza yenə dəvət etdiniz...

Mən çox sevinirəm və xoşbəxtəm ki, ilk dəfə Azərbaycanın yazıçılarının qurultayında 27 il bundan əvvəl nitq söyləmişəm, o qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda da daim iştirak etmişəm, yazıçılarımızla, şairlərimizlə, mədəniyyət xadimləri ilə bir yerdə olmuşam, bu gün də sizinlə bir yerdəyəm. Bunun da səbəbi var. Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam. Bəlkə də bu əsərlərin bəzilərini ondan sonra oxumamışam, ancaq o illərdə - o uşaqlıq, gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, “oxumuşam, unumamışam” sözləri sadəcə, bir fikir deyil. Yəni, onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam.

Mən 1971-ci ildə Azərbaycan yazıçılarının qurultayında ilk dəfə Azərbaycanın rəhbəri kimi iştirak edirdimsə, ondan əvvəlki qurultaylarda da kənarda olmamışdım. O zaman mən Azərbaycanın rəhbəri deyildim, başqa vəzifələr tuturdum, ancaq yazıçıların qurultayını daim izləyirdim və imkan olanda gəlib salonda oturub yazıçıları dinləyirdim. Mən hər dəfə yazıçılarımızın görüşlərinə gedirdim və onlarla görüşməyi özüm üçün böyük bir hadisə hesab edirdim. Bu, həmin məsələyə mənim şəxsi münasibətimdir. Ancaq, eyni zamanda, 1969-cu ildən tale mənim üzərimə böyük bir vəzifə, böyük bir məsuliyyət qoymuşdur. Mən o məsuliyyəti dərk edərək, o vəzifəni layiqincə yerinə yetirməyə çalışaraq, həmişə hesab etmişəm, bu gün də hesab edirəm ki, ədəbiyyata, mədəniyyətə diqqət yetirmək, qayğı göstərmək lazımdır, ədəbiyyatdan, mədəniyyətdən həyatın başqa sahələrində işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün istifadə etmək lazımdır. Mən məhz bunlara görə yazıçıların bütün qurultayları ilə bağlı olmuşam, onlarda iştirak etmişəm. Çox məmnunam ki, siz onları unutmamısınız, xatırlayırsınız. Ancaq bir halda ki, mən söhbəti bu tərəfdən başladım, onu qeyd etmək istəyirəm ki, qurultay işə başlayandan mən burada oturmuşdum, sizə diqqətlə qulaq asırdım, fikirləşirdim, çox şeyləri xatırlayırdım. Yazıçılar Birliyi ilə bu əlaqələrimi şəxsən mən özüm üç mərhələyə bölürəm. Birinci mərhələ həmin illərdir ki, - xatirimdədir, bir dəfə biz o vaxtkı Siyasi Maarif evində qurultay keçirdik, sonra başqa yerdə keçirdik. Xatırladılar, 1981-ci ildə burada, bu salonda keçirdik, - o mərhələ idi ki, mən Azərbaycana rəhbərlik edirdim və qurultayın işində Azərbaycanın rəhbəri kimi iştirak edirdim. İkinci mərhələ 1991-ci ildə sizin qurultayın işində mənim qısa müddətdə iştirak etməyimdir. Yadınızdadır ki, o zaman mən vəzifədə deyildim, amma siz məni qurultayınıza yenə dəvət etdiniz. Üçüncü mərhələ isə indiki mərhələdir, Azərbaycanın dövlət müstəqilliyi, azadlığı şəraitində keçirdiyimiz ilk qurultaydır və mənim burada iştirak etməyimdir. Mənim həyatımda çox çətin dövrlər, anlar olubdur. Ancaq bununla yanaşı, tale çox vaxtlarda mənə kömək edibdir və mənim arzularımı yerinə yetiribdir. Ona görə də görürsünüzmü, mən bu üç mərhələdə bu qurultaylarda iştirak edirəm. Hər dövrün özünəməsus əhəmiyyəti, mənası vardır. Mən özümün özüm üçün müəyyən etdiyim bu dövrlərin, - ola bilər, kimsə bununla razı olmasın, ancaq bu mənim şəxsi fikrimdir, - hər birinin həm yazıçılarımız üçün, həm də Azərbaycanın həyatı üçün, o cümlədən şəxsən mənim bu işə münasibətim üçün çox əhəmiyyətli, çox məhsuldar olduğunu görürəm.

***

İkinci dövr mənim üçün maraqlı olmuşdur. Çünki, bu, 1991-ci ilin əvvəli idi. Unutmamışamsa, martın 21-i idi. Bu, elə bir vaxt idi ki, Azərbaycan çox ağır bir dövr yaşayırdı. Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin torpaqlarının - Dağlıq Qarabağın işğalının başlanması dövrü idi. Qanlı 20 Yanvar faciəsinin - sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzün ağrılarını yaşadığımız bir dövr idi. Bu dövr, eyni zamanda, Sovetlər İttifaqının dağılması prosesinin getdiyi bir dövr idi. Azərbaycanda vəziyyət həddindən artıq gərgin, çətin idi. Çox sevindirici haldır ki, məhz o vaxt, o çətin zamanda, dövrdə siz yazıçılar öz sənətinizə sadiq qalaraq o qurultaya toplaşmışdınız. İş elə gətirdi ki, mən sizin qurultayda oldum. Çünki bilirsiniz ki, o vaxt mən Naxçıvanda yaşayırdım. Oradan Azərbaycan Ali Sovetinə deputat seçilmişdim və Ali Sovetin sessiyasında iştirak etmək üçün fevralın əvvəlində Bakıya gəlmişdim. Mən fevralın əvvəlində bir sessiyada iştirak etdim, sonra martın əvvəlində keçirilən sessiyada iştirak etdim. Ondan sonra bir müddət burada qaldım. Martın sonunda yenə də Naxçıvana döndüm. O vaxt Elmira xanım Axundova gəlib mənə bildirdi ki, yazıçılar qurultayı keçəcək, Sizi oraya dəvət edirlər.

***

Fikirləşdim ki, bəlkə xatir naminə dəvət ediblər, bilirlər ki, getməyəcəyəm. Sonra da məlum olacaq ki, dəvət etdilər, mən gəlmədim. Ondan xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir. Sonra o mənə zəng edib dedi ki, mən Anar müəllimlə bu barədə danışdım. Anar müəllim dedi ki, biz onu ürəkdən dəvət etmişik, bu, formal bir xarakter daşımır, ona görə də əgər gəlsə, biz məmnun olarıq. Mən bundan sonra ürəkləndim, dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm yazıçılar necədirlər. Gəldim. Bunu burada xatırlatdılar, - siz məni hörmətlə rəyasət heyətinə dəvət etdiniz. Bu təklifi gərək ki, şair Məmməd Aslan vermişdi. Ancaq mən təşəkkür edib dedim ki, indi də aşağıda oturub yuxarıya baxmaq istəyirəm. O vaxt mən salonda oturarkən çox düşünürdüm. Gərək ki, mənim sağımda Xəlil Rza, solumda isə Rəfiq Zəka oturmuşdular. Ətrafımda da yazıçılar var idi, çox mehriban söhbət edirdik. Mən bu faktı niyə bir də xatırlayıram? Çünki müqayisə etmək istəyirəm. Mən o dövrdə, fevral-mart aylarında Ali Sovetin sessiyasında olmuşdum. Xatirinizdədir, Ali Sovetin sessiyasında o salonda oturanların 99 faizi mənimlə bir yerdə və mənim rəhbərliyim altında işləmiş adamlar idilər. Ancaq orada mənə çox hörmətsizlik etdilər, pis münasibət göstərdilər. Hətta mənim çıxışımı da kəsdilər və mənim çıxışımdan sonra cürbəcür böhtançı çıxışlar da etdilər. O cümlədən, o vaxt bir yazıçı da deputat idi, o da bunu etdi. Yəni o vaxt mənim orada müdafiəyə ehtiyacım yox idi. Bilirdim ki, mənə qarşı belə edəcəklər.

Heydər Əliyevin Azərbaycan Yazıçılarının X qurultaydakı nitqindən

4 noyabr 1997-ci il

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31