Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Üç ölkənin hərbi əməkdaşlığı genişlənir

Üç ölkənin hərbi əməkdaşlığı genişlənir

29.11.2023 [10:40]

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşündə regionda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub

Nardar BAYRAMLI

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq davamlı olaraq genişlənir. Noyabrın 27-də hər üç ölkənin müdafiə nazirləri arasında keçirilən görüş də bunu təsdiqləyir. Qeyd edək ki, əvvəlcə nazirlər arasında ikitərəfli görüşlər baş tutub.  Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Respublikasının milli müdafiə naziri Yaşar Gülerin görüşündə iki ölkə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu bildirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanlarını yüksək dəyərləndirdiyini xüsusi vurğulayan Zakir Həsənov əlaqələrimizin daha da genişləndirilməsi baxımından belə görüşlərin zəruriliyini qeyd edib.

Şuşa Bəyannaməsinin önəmi...

Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən Y.Güler göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb. Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.

Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüşdə də  hərbi sahədə də əlaqələrimizin daha da inkişaf etdiyini qeyd edilib. C.Burçuladze Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb. Qarşılıqlı səfərlərin, belə görüşlərin ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.

Hərbi əməkdaşlıq planı imzalanıb

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb. Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Sonda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

10-cu görüşdə nələr müzakirə olunub?

Müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə isə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib. Görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.

2024-cü ildə yeni planlar var

Mətbuat konfransında çıxış edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib ki, bu görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir. Nazir bildirib ki, görüşdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, onların gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb: “Müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı. Xüsusilə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğunu, eləcə də regiondan kənar ölkələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbul edilməz olduğunu qeyd etdik. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasının vacibliyi bir daha vurğulandı”.

“2024-cü ildə Azərbaycanda üçtərəfli formatda müxtəlif hərbi əməkdaşlıq sahələri üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, dövlətlərimiz arasındakı səmimi münasibətlər və qarşılıqlı etimad müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığımız sülh naminə tərəfdaşlığın hər kəsə örnək ola biləcək nümunəsidir. Bu mənada, üçtərəfli birgə fəaliyyətlərimiz regionda sabitliyin qorunub saxlanılmasına yönəlmiş sülhməramlılıq mesajı kimi qiymətləndirilməlidir”,- deyə Zakir Həsənov vurğulayıb.

Sülh üçün bundan sonra...

Türkiyənin milli müdafiə naziri Yaşar Güler də deyib ki, ölkələrimiz regionda sülh və inkişaf üçün birgə əməkdaşlığı bundan sonra da davam etdirəcək. O bildirib ki, “3+3” formatındakı görüşlərin Cənubi Qafqazda problemlərin həllində, qalıcı sülhün əldə olunmasında mühüm əhəmiyyəti var: “Amma Ermənistan sülh üçün yaranan şəraiti lazımınca dəyərləndirmir”.

“Bizim region çox çətin gərginlik vəziyyətindədir. Ona görə də üçtərəfli görüş çox əhəmiyyətlidir”,-deyən Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze isə qeyd edib ki, 2024-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda görüşü Gürcüstanda keçiriləcək.

Ekspert: İndiki mürəkkəb şəraitdə üç ölkənin hərbi əməkdaşlığı önəmlidir

Ümumiyyətlə, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşdirilməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyəti də  qeyd edilib. Belə birgə təlimlərin keçirilməsi hərbi birləşmələrimiz arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsi üçün zəminin yaradılmasına və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcək.

Müdafiə nazirlərinin üçtərəfli görüşünü şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə baş verən hadisələrin fonunda kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyət mövcuddur: “Belə bir vəziyyətdə Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli formatda hərbi əməkdaşlığının inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi çox vacib prioritetlərdəndir. Üç qonşu ölkənin strateji tərəfdaşlıq platforması ilk növbədə bölgədə sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olmasına hesablanıb. Eyni zamanda, hərbi təlimlər təhlükəsizliyin təmin olunması baxımından çox böyük əhəmiyyət daşıyır”.

Ekspertin sözlərinə görə, Azərbaycan Türkiyə və Gürcüstan  həm “Eternity”, həm də “Qafqaz Qartalı” təlimlərində birgə iştirak edirlər. Buraya hərbi qulluqçular ilə bərabər, aidiyyəti dövlət qurumlarımızın nümayəndələri də cəlb edilir. Həmçinin, regionda baş verən təhdidlərin aradan qaldırılması üçün  tapşırıqların yerinə yetirilməsi bu təlimlərin əsas ssenari xəttidir. Ə.Verdiyev qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan  birgə təlimləri hər üç tərəfdaş ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı uzlaşmanın təmin olunması üçün kifayət qədər önəmli tədbirlərdir: “Bu görüşlər üç qonşu ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri üçün geniş imkanlar yaradır”.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Maraqlı

MEDİA

Milli ideologiyamız!

22 Fevral 10:50

Siyasət

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29