Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbin demokratik maskası düşəndə...

Qərbin demokratik maskası düşəndə...

06.03.2024 [10:38]

Yeni dördlük təklifinin əsl məramı...

Yunanıstanın dili ilə Mərkəzi Asiya, Cənubi Qafqaz, hətta Uzaq Şərq təhdid edilir

Uzun illərdir ki, “demokratiya”, “sülh” kimi pərdələrlə özünün əsl simasını gizləyən Qərbin maskası düşür. Son 4 ildə Cənubi Qafqazda baş verənlərə münasibətdə tutulan mövqe, nümayiş etdirilən davranışlar, regionda sabitliyin və sakitliyin əbədi bərqərar olmasından keçirilən narahatlıqlar bir sıra gizli nüansları gün işığına çıxardı. Kollektiv Qərbin bəzi nümayəndələri hələ də “fırçalanmış kolonializm” siyasətindən əl çəkməyib - tam əksinə, bu siyasətə yeni don geyindirərək, yeni rəngə boyayaraq daha aktiv şəkildə icrasına start verib. Sadəcə, rollar və şərtlər daha fərqli məcrada inkişaf etdirilir.

Geriyədönüş və ya Qərbin yeni planı...

Siyasi-iqtisadi proseslərin daha aktiv və ya qaynar şəkildə inkişaf etdiyi regionlar dövrə görə dəyişir. Məsələn, 1990-cı illərin sonunda bu proses ümumilikdə, post-sovet regionu üçün xarakterik idisə, 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində daha çox Şərqə doğru “yol aldı”. 2007-ci ildən etibarən isə bu proses Yaxın şərq regionundan “geridönüş” edərək yenidən post-sovetə qayıtdı. Ard-arda Gürcüstan və Ukraynada baş vermiş rəngli inqilablardan “ruhlanan” bəzi mərkəzlər nüfuz dairələrini, təsir imkanlarını daha da genişləndirmək üçün hazırladıqları planlarını fərqli üsullarla - daha çox lokal qarşıdurmaları daha geniş müstəviyə keçirmək arzusu və ya açıq qütbləşmə kimi lazımsız ştrixlərlə “bəzəməyə başladılar”. Burada bir sıra əsas nöqtələr xüsusən seçilirdi:

- Cənubi Qafqaz;

- Mərkəzi Asiya;

- Qara dəniz hövzəsi və Mərkəzi Avropa.

Üçüncü regionu qeyd etməkdə tək məqsəd illərlə Rusiya ilə “centlemen sazişi” əsasında korporativ maraqlarından əl çəkmiş kimi görünən Qərbin fürsət gözlədiyini sübut etmək deyil - Qərbin yeni planlar üzərindən öz təsir rıçaqlarını müstəqil dövlətlərin müstəqil xarici siyasət kurslarına pərçimləmək ideyasının nəticələrini ortaya qoymaqdır. Qərb öz maraqları xatirinə artıq 10 illərdir ki, post-sovetin Şərqi Avropa hissəsinə rahatlıq vermək istəmir. Son dövrlərdə xüsusilə aktivləşməsinin səbəbi isə...

“Qan qırmızı” zonadan “yaşıl zona”ya keçid - Azərbaycan bunu bacardı...

Qeyd edilən “aktiv siyasi dönəm” payı artıq 4 ildir ki, müəyyən bir xətt üzrə inkişaf edir. 2020-ci il Vətən müharibəsi qlobal siyasətin diqqətini Cənubi Qafqaza fokuslayıb. Məntiqlə hər kəs nəticələri gözləməlidir - amma bəzi güclər nəticəni özləri müəyyənləşdirmək arzusuna düşürlər. Məsələn, Vətən müharibəsindən sonra Fransanın qanunverici orqanları, eyni zamanda, bəzi beynəlxalq statusa malik Avropa təşkilatları Azərbaycanın addımlarını “təftiş etməyə” cəhd göstərdilər. Separatizmə açıq dəstək xarakteri daşıyan bu “təftiş” cəhdi Qərbin özünün idellaşdırdığı nizama və “məhək daşı” sayılacaq hüquqi detektorlara zidd idi. Azərbaycan BMT-nin Nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT, AŞPA, Aİ kimi qurumların zirvə görüşlərinin və ya sammitlərinin yekun sənədlərində qeyd edilən məqamlara və nəhayət, uğradığı təcavüzün, işğal faktının aradan qaldırılmasını zəruri edəcək ali məqamlara əsaslanmışdı. 2023-cü il antiterror tədbirləri isə 30 ildən artıq çəkmiş qanunsuzluğun, hüquq tapdanmasının, beynəlxalq konvensiyalara zidd əməllərin başa çatması kimi tarixə düşdü.

Bəli, son 4 il qlobal siyasi-iqtisadi atlasa yeni “rənglər” qazandırıb. Məsələn, Cənubi Qafqaz artıq bu atlasda “qan qırmızısı” deyil, sabit “yaşıl zona” kimi qeyd edilir. Bunun müəllifi isə Azərbaycandır. Bu “yaşıl zona” isə Avroasiya üçün mühüm “üstünlüklər paketi” yaradıb:

- İllərdir ki, davam edən “yol müharibəsi”nin yekunlaşması üçün fürsət;

- Qlobal ticarətin vahid və effektiv trayektoriyasının müəyyənləşməsi;

- Yol uğrunda döyüşlərə xərclənən izafi pulların ayrı-ayrı dövlətlərin sosial problemlərinə istiqamətlənməsi şansı;

- Yol mübahisələrinin doğurduğu “radikal din faktoru”nun aradan qaldırılması;

- Nəhayət, Azərbaycanın xarici siyasət kursunun ən ümdə şərti sayılan BƏRABƏRTƏRƏFLİ siyasi, iqtisadi və ticari əlaqələr başqa ölkələr üçün də keçərli sayılıcaq.

Sonuncu bənd həyati və ən mühüm şərtdir - Azərbaycan bütövlükdə region üçün bu şərti aktuallaşdıdı. Hətta illərlə özünün işğalçı siyasəti ilə regionun ümumi inkişaf perspektivini əngəlləyən Ermənistana belə bu şans tanındı... Əfsuslar olsun ki, Ermənistan tanınan bu şansı dəyərləndirmir.

Türk xofu - Qərbin yeni “itkiləri”...

Qayıdaq yenidən Qərbin nüfuz “davasına”. Vurğulandığı kimi, son 4 ildə Azərbaycanın yürütdüyü siyasət Qərbin ayrı-ayrı regionlara təsir mexanizmlərini sıradan çıxarır. Bu, tək Cənubi Qafqaza şamil edilmir. Cənubi Qafqaz bu məsələdə “nüvə” rolunu oynayır və prosesin mərkəzində yer alır. “Yan təsirlər” Qərbi daha böyük coğrafiyada hüznə uğradır. Azərbaycanın Türkiyə ilə bağladığı “Şuşa bəyannaməsi” özlüyündə mühüm əhəmiyyət daşıyır - Qərb də ilk vaxtlarda bu sənədi sadəcə, iki dövlət arasında hərbi-siyasi-iqtisadi müttəfiqlik sazişi kimi görürdü. Bu gün isə Qərbin dəyərləndirməsi daha fərqlidir. Hər zaman “siyasi üstünlükləri” ilə öyünən Qərb bu dəfə “qış yuxusu”ndan gec ayıldı. Bu birlik böyük bir coğrafiyanın iqtisadi, hərbi müstəqilliyinin təmini ilə bağlı AKT idi. Sonuncu TDT toplantısında bəzi məqamlarla bağlı arayışlar səsləndi - məsələn, ölkələrarası gömrük məsələsi, hərbi əlaqələndirmə məsələsi müzakirə predmetidir. Qarşıda TDT-nin hərbi strukturunun formalaşdırılması ehtimalı meydana çıxır. Hətta bəzi məqamlarda TDT-nin sərhədlərinin genişləndirilməsi planları da var. Və yayda baş tutacaq Şuşa Zirvəsi bu məsələlərin reallaşması üçün ən məntiqli platformadır. Qərbin “qarın ağrısı” Türk patronajlığında yeni hərbi gücün ortaya çıxmasıdır. Bu birlik dünyadakı bəzi “balansları” yenidən poza bilər. O baxımdan ki, Türk birliyinin regiondakı böyük dövlətlər tərəfindən açıq dəstəklənməsi Qərb üçün tək siyasi-hərbi itki deyil - həm də, yeni iqtisadi YOLun nəzarətdən tam çıxmasıdır.

“Dendiasın arzuları”...

Qərbin son çırpınışları bununla bağlıdır. 4 ildir ki, Fransa üzərindən yürüdülən siyaəst isə tam bir fiaskodur - Paris bütün “cəbhələrdə” Azərbaycana uduzub. Həm beynəlxalq səviyyədə, həm də regional tənzimləmələrdə açıq məğlubiyyətini elan edən Fransa Qərbin etimadını puça çıxarıb. Ermənistan kimi ən zəif bölgəsəl halqa üzərindən effektiv siyasət qura bilməyən Paris bütün sferalarda ifşa edilib. Girişdə haqqında bəhs açdığımız “demokratiya maskası” Parisin üzündən düşüb və “oMi(a)kron” ştammının bütün çirkinlikləri görünməkdədir. Paris 4 ildir ki, Ermənistanı “oğurlaya” bilmir. Paşinyanın “KTMT-də donmaq” arzusu üzərindən qurulan siyasət “qəzaya uğrayıb” - “mexanizm yoxdur” arqumenti Makronu “düşüncəyə qərq edib”.

Belə bir halda Qərb yeni plan üzərindən çıxış etməyə niyyətlənir - Yunanıstanın müdafiə naziri Nikos Dendias dördtərəfli “müdafiə əməkdaşlığ” formatını irəli sürür: “Biz Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli müdafiə əməkdaşlığı yaratmışıq. Lakin Fransa və Hindistanla, mühüm ölkələrlə, mühüm güclərlə, Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə başqa üçtərəfli və ya dördtərəfli əlaqələr də ola bilər”.

Uzaq Şərqdə kimə “barmaq silkələnir”?

Birincisi: yuxarıda qeyd etdiyimiz Türk faktorundan qorxu artıq bütün dərəcələr üzrə ortaya qoyulur. Yunanıstanlı nazirin “misal çəkdiyi” birliyin formatı bütövlükdə, anti-Türk mahiyyət daşıyır və paralelləşdirmə də onu da göstərir ki, planlaşdırılan “yeni ittifaq” da eyni xarakterə malik olacaq;

İkincisi: Qərb bu fikri ortaya atmaqla yeni dünya müharibəsinin bütün parametrlərini biruzə verir. Bu bəyanat tək Azərbaycana və ya Rusiyaya və ya Türkiyəyə ünvanlanmayıb. Hindistanı da “sıralarına” qatan Qərb bu açıqlama ilə Uzaq Şərqdəki partnyorunu ortaya çıxardı. Bu o deməkdir ki, yaranma ehtimalı olan “təhlükə”nin Uzaq Şərq “ayağı” həmin regionda Qərbin “vassalığını” yürüdəcək - bu isə regionun digər böyük dövlətləri üçün siqnala çevrilir;

Üçüncüsü: Yaranma ehtimalından bəhs edilən bu “birlik” təbii ki, Qərb arzularının daşıyıcısı kimi meydana çıxır. Belə olan təqdirdə “bu ideya” regionda Qərb maraqlarını oturuşdurmağa hesablanıb. Bəs axı, regionda İran, Rusiya, Türkiyə kimi dövlətlər nəzərə alınmır - demək ki, Ermənistanın “müttəfiqlik sərhədləri” də bu ideya əsasında cızılır. Yəni yaranma ehtimalı ortada olan bu birlik həm Rusiya, həm Türkiyə, həm də İran üçün potensial təhlükə mənbəyidir...

Bu siyahını daha da artırmaq olar. Amma proseslərin gedişi ilə ortaya çıxacaq nüanslar həm də gələcək “üfüqlərdə” nələrin baş verə bilmə ehtimalını formalaşdırır...

Bəsit məntiq - kim, nə, hara qədər...

Bəs görəsən, bu “dördlük” doğurdanmı hansısa bir potensiala malikdir? Yunanıstan ilə Fransa “oxunmuş kitabdır”. O baxımdan ki, onlar üzvü olduqları NATO-ya güvənərək bütün “qazanlarda bişməyə” hazırdır. Bu ölkələr güman edir ki, onların hər hansı bir təhdid və ya təcavüzü qarşılıq görə bilməz - amma unudurlar ki, regionda yarana biləcək hər hansı bir təhdid NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyə üçün də keçərlidir. Yəni Fransa və Yunanıstan bölgədə yaratmağa çalışdıqları yeni distabilliyin sərhədlərini müəyyənləşdirərkən “ehtiyatlı” olmalıdırlar. Digər tərəfdən, KTMT-də “dona bilməyən” Ermənistanın fərqli “platformaya” can atması ona nələrə başa gələ bilər, hesablanmalıdır. Hətta erməni Armen Petrosyan belə etiraf edir ki, Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan və Rusiya nümayəndə heyətlərinin görüşünün baş tutmaması xeyirli heç nə vəd etmir. Onun fikrincə, Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Moskvanın Ermənistana qarşı daha aydın addımlar atacağını gözləmək olar. “Məsələn, Rusiya Ermənistanda qazın qiymətini artırarsa, bu, ciddi iqtisadi problemlər yaradacaq”.

Bu qədər bəsit... Ermənistan üçün bu dördlük xülyası daha böyük problemlərə yol açacaq. İqtisadiyyatı olmayan, ianələr əsasında başını girləyən bir dövlət üçün ən yaxın müttəfiqindən imtina etmək aşılması mümkün olmayan çətinliklər yaradacaq...

Fransa ictimaiyyəti Makrondan yaxa qurtarmaq istəyir

Bu məsələnin əsas “təşkilatçısı”nın isə arxa planda yer tutan Fransa olduğu şübhə doğurmur. Amma Fransa son 4 ildə apardığı qeyri-mütənasib siyasi xəttinin ağrılarını görüb və görməkdədir. Məsələn, Fransanın kolonializmə əsaslanan siyasi xəttinin ifşası, bu dövlətin daxilindəki irqçilik problemlərinin daha qabarıq şəkildə oratya çıxması, fermerlərin üsyanı və nəhayət, siyasi böhran Parisi düşündürməlidir. Təsadüfi deyil ki, artıq Makronun impiçmenti müzakirə predmetinə çevrilir. Xatırladaq ki, Fransa “Vətənpərvərlər” Partiyasının rəhbəri Florian Filippo hökuməti ölkə Prezidenti Emmanuel Makronun impiçment olunmasına çağırış edib. O, bu barədə “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Makron Fransaya nifrət edir və onu üçüncü dünya müharibəsinə sürükləməyə çalışır: “Deputatların hərəkətə keçməsi üçün petisiya hazırlanmalıdır. Konstitusiyanın müharibə məsələsi üzrə səsverməni tələb edən 35 və 68-ci maddələr impiçmentini nəzərdə tutur”.

Bəli, Fransa kolonist təfəkkürü ilə “dördtərəfli” platforma qurmazdan öncə öz daxilindəki problemləri həll etsə, daha yaxşı olar. Çünki Ermənistana “başı qarışan” Yelisey sarayındakı “sükan idarəediciləri” dövlət maşınını artıq neçənci dəfədir ki, qəzaya uğradır...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30