Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Keyfiyyətli xidmət və təhlükəsizlik məqsədilə...

Keyfiyyətli xidmət və təhlükəsizlik məqsədilə...

16.10.2025 [09:57]

Taksi xidmətində icazə və kvota sisteminin tətbiqi taksi parkının müasirləşməsinə səbəb olacaq

Nazirlər Kabineti (NK) avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə yeni qərar imzalayıb. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min ədəd müəyyən ediləcək. Həmin taksilərin sahibləri sərnişindaşıma fəaliyyəti üçün icazə (lisenziya) əldə etməlidir. İcazələr Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq növbəlilik nəzərə alınmaqla veriləcək. NK bu məsələlərlə bağlı tənzimlənməni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) tapşırıb. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir.

Hökumətin qərarı ictimaiyyətdə və sosial mediada müxtəlif müxtəlif suallar doğurduğundan və fərqli müzakirələrə səbəb olduğundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövzuya aydınlıq gətirib. AYNA bəyan edib ki, “Avtomobil nəqliyyatı haqqında” qanunla, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdır. Yeni mexanizm paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, daşınmalarda fərqli nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədi daşıyır.

Daşıyıcı şirkətlər arasında davamlı rəqabət yaranacaq

Əslində, nəqliyyat sektoru ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, taksi fəaliyyətinə dövlət nəzarətinin artırılmasına xeyli müddətdir ki, ciddi ehtiyac duyulurdu. Məhz bu səbəbdən mövcud problemlərin hərtərəfli araşdırılaraq hökumət tərəfindən zəruri addımların atılması aktual çağırış kimi dəyərləndirilə bilər. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur. Çünki bu tədbirlər taksi xidməti sektorunda daşıyıcı aqreqatorlar arasında rəqabətin artmasını və həmin şirkətlərin daha müasir və təhlükəsizlik baxımından, eləcə də ətraf mühitə zərərləri azaldan nəqliyyat vasitələrinin dövriyyəyə cəlb edilməsini motivasiya edir. Nəticədə, kvota tətbiqi sayəsində taksi bazarında qalmaq və öz dayanıqlı fəaliyyətini saxlamaq üçün şirkətlər və fiziki şəxslər arasında taksi parkını daim yeniləmək məsuliyyəti artır. Şirkətlər çalışır ki, hər il taksi parkını daha da müasirləşdirsin ki, kvotadan kənarda qalmasın.

Bu reallıqları nəzərə aldıqda Azərbaycanın taksi parkındakı mənzərə xidmətin keyfiyyətində çoxsaylı nöqsanların qalmasından xəbər verir. Statistikaya əsasən ölkəmizdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin 50 faizindən çoxunun yaşı 15-dən çoxdur. Bu, ölkəmiz üçün istər ekoloji tələblərin pozulması, istərsə də təhlükəsizlik baxımından qəbulolunmaz risklərdir. Doğrudur, son illərdə taksi parkının müasirləşdirilməsi ilə bağlı aparılan tədbirlər nəticəsində qısa zaman kəsiyində mühüm nailiyyət əldə olunub və hazırda parkın 67 faizini istismar müddəti 8 il təşkil edir. Ancaq problemlər yenə də qalır və ciddi addımların atılması olduqca zəruridir.

Ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin sayı artacaq

Hazırda taksi parkının yeni və ekoloji baxımdan təmiz nəqliyyat vasitələri ilə əvəz olunması əsas şərtlərdən biridir. Köhnə avtomobillərin isə xidmətdən kənarlaşdırılması və taksi fəaliyyətinin ləğvi günün tələbidir. Bu amillər sərnişinlərin təhlükəsizliyi üçün də əsas faktorlardan biridir, çünki istismar müddəti bitən avtomobillərin yaratdığı qəza hallarının sayı daha çoxdur. Bu baxımdan taksi fəaliyyətində xidmət parkının yenilənməsi həm keyfiyyətə səbəb olur, həm də dövlətin müəyyən etdiyi qaydaların möhkəmləndirilməsini təmin edir.

Yeri gəlmişkən, hazırda taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 min, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 mindən çoxdur. Həmin avtomobillərin təxminən 55 faizi və yaxud 18,8 min ədədi son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir. Ağ və qırmızı rəngli nəqliyyat vasitələrinin sayı isə taksi parkının 79 faizini təşkil edir. Yəni sərnişin nəqliyyatı sahəsində aparılan islahatlar sayəsində taksi parkında fərqli nəqliyyat vasitələrinin, yəni müasir tələblərə cavab verən taksilərin sayının artmasına səbəb olur.

Qeyd edilən məsələləri nəzərə aldıqda, taksi sektorunda tətbiq olunacaq kvota mexanizmi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı, keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək. Kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcək.

Taksi sürücülərinin əmək hüquqlarının qorunması üçün fürsət

Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək. Lisenziyalaşdırma həm də taksi sürücülərinin özlərinin əmək hüquqlarının qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Statistikaya əsasən, taksi şirkətlərinin 90 faizindən çoxunda işçilərlə əmək müqaviləsi bağlanılmır. Çünki müqavilə bağlansa, işçiləri 8 saatdan çox işlədə bilməzlər. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, ölkəmizdə iş saatları tam və natamam olmaqla 8-10 saat müddətə müəyyən edilib. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Taksi şirkətləri lisenziyalaşdırma və “Avtomobil nəqliyyat haqqında” qanunun tələblərini yerinə yetirmədiyindən sürücülərlə əmək müqaviləsinin bağlanmasından yayınır.

Göründüyü kimi, dəyişikliklər yüz minlərlə sərnişinin mənafeyinə və təhlükəsizliyinə xidmət etməklə bərabər, taksi xidməti sektorunda azad rəqabət mühitinin tam təmin edilməsi, bu sektorda intizamsızlığın aradan qaldırılması, dağınıq və pərakəndəliyin nizamlanması, sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi, həmin taksi şirkətlərinin sürücülərinin əmək və sosial hüquqlarının qorunması məqsədi daşıyır.

Beləliklə, NK-nin müvafiq qərarı taksi fəaliyyəti sektorunda nizam-intizamının, qanunçuluğun təmin edilməsində mühüm dönüş yaratmaqla, həm vətəndaşların rahatlığı və təhlükəsizliyi, keyfiyyətli xidmətlərə təmin edilmələrinə şərait yaradacaq, həm də taksi sürücülərinin normal əmək şərtləri əsasında çalışmalarına səbəb olacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

3 badam, 1 qoz

15 Oktyabr 15:07  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31