Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AZƏRBAYCAN QADINI VƏ ELM

AZƏRBAYCAN QADINI VƏ ELM

05.06.2018 [09:59]

İradə Hüseynova,
Bakı Dövlət Universitetinin
“Qafqaz xalqları tarixi”
kafedrasının müdiri, tarix elmləri doktoru, professor

 

Bu gün dünyada qadınların həyatımızın bütün sahələrində, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir. Qadınlar elm sahəsində aktiv iştirak edir, çalışdıqları strukturlarda öz töhfələrini verirlər. Hazırda institutların və böyük elmi-tədqiqat qruplarının rəhbəri kimi alim qadınlara dünyada çox yerdə rast gəlmək mümkündür. İxtiraçı-qadınlar, mühəndis-qadınlar, müxtəlif “ilklər”ə imza atan qadınlar həyatımızı sürətlə dəyişməkdədirlər.
Qədim dünyanın yazılı mənbələrində elmli qadınların mövcudluğu haqqında məlumatlara rast gəlinir. Elmlə məşğul olmaq cinsindən və yaşından asılı olmayaraq, zəngin və əsil-nəcabətli adamların qisməti idi. İlk alim-qadın qədim Misirdə yaşayıb. Merit-Ptax adlı bu həkim qadın 5000 il əvvəl yaşamışdır. Peseşet, Kleopatra və başqa qədim misirli qadınlar özlərindən sonra təbabətin əsasları ilə bağlı traktatlar qoymuşlar. Qədim Yunanıstanda qadınlar fəlsəfi məktəblərə sərbəst gedə bilirdilər. Pifaqor məktəbinin müəllim və şagirdləri arasında təxminən 30 qadın olmuşdur. Eramızdan əvvəl 387-ci ildə təsis edilmiş Platon Akademiyasında zərif cinsin təmsilçiləri təhsil alırdılar. İsgəndəriyyəli Hipatiya öz dövründə bir çox astronomik və elmi cihazların yaradıcısı idi. Qədim Romada təbabətə böyük maraq var idi. Gənclərə həkimlik sənətinin sirlərini öyrədənlər arasında Filista adlı qadın da vardı.
Lakin Roma imperiyasının süqutundan sonra qadınlara olan münasibət tamamilə dəyişdi və qadınlar üçün elmlə məşğul olmaq şeytanla əlbir olmaq sayılırdı. Məsələn, 415-ci ildə dindar fanatiklər Hipatiyanı təkcə ona görə qətlə yetirmişdilər ki, o, Platon və Plotinin fəlsəfi baxışlarının tərəfdarı idi və İsgəndəriyyədə bütpərəstlərin təqibini dəstəkləmirdi.
Qadınların elmdə yenidən fəal iştirakı üçün 1200 il vaxt keçməli oldu. Belə ki, Avropada İntibah dövründə ilk alim-qadın Marqaret Kavendiş sayıla bilər, o, fizika ilə bağlı bir sıra traktatların müəllifidir. Elə XX yüzilliyin əvvəllərində belə, alim-qadınlar Kainatın və bəşər tarixinin sirlərinin açılmasında kişilərin onları özlərinə bərabər qəbul etmələri üçün nə qədər çətinlikləri dəf etməli olmuşdular. Ötən yüzilliyə nəzər salsaq, bir çox kəşflərin məhz qadınlar tərəfindən edildiyinin şahidi olarıq. Pyer və Mariya Kürilərin birgə tədqiqatları elm tarixində ailə tandeminin ən məşhur nümunəsidir. Lakin xanım Kürinin kəşflərinin çoxu və onun ikinci dəfə Nobel mükafatına layiq görülməsi Pyerin ölümündən sonrakı dövrə təsadüf edir. Əslən Avropadan olan Hedi Lamarr Hollivud aktrisası və bəstəkar olmaqla yanaşı, siqnalların kodlaşdırılmasının yeni üsulunu tapmışdır. O, İkinci dünya müharibəsi zamanı təkcə ABŞ donanmasının bir çox gəmilərini düşmən torpedolarından xilas etməmişdir, həm də müasir Wi-Fi və Bluetooth standartlarının ilk nümunələrini yaratmışdır. Qreys Xopper adlı xanım ilk proqramı - kompilyatoru yaratmış, proqramlaşdırma dilləri ideyasını təbliğ etmişdir. Onun nailiyyətləri o qədər əhəmiyyətli olmuşdur ki, hərbi xidmətdən istefaya yalnız 80 yaşında kontradmiral rütbəsində göndərilmişdir.
Elm aləmində qadınların böyük xidmətlərindən yalnız bir neçəsini nümunə göstərdik. Xanımların bu cür böyük nailiyyətləri davam edir və qadınlarımız bəşəriyyəti heyrətləndirməkdədirlər. Ümumiyyətlə, ötən yüz il ərzində fizika, kimya və təbabət sahəsində 17 alim-qadın, ədəbiyyat, iqtisadiyyat və sülhün dəstəklənməsi üzrə isə 31 qadın Nobel mükafatına layiq görülmüşdür.
2015-ci ilin dekabrında BMT Baş Assambleyası 11 fevral gününü “Beynalxalq qadın və qızların elmdə iştirakı günü” elan edib. BMT dünyanın bütün dövlətlərini, insanlarını və təşkilatlarını kişilərin və qadınların təhsildə, elmdə və elmi biliklərin inkişafı ilə bağlı digər sahələrdə bərabər iştirakına şərait yaratmağa çağırır.
Əski türklərdə kişi-qadın ayrı-seçkiliyi olmadığı və qadın kişinin tamamlayıcısı kimi qəbul edildiyindən qadınsız heç bir iş görülməzdi. Azərbaycan xalqının milli adət-ənənələrinin, milli mentalitetinin ana kitabı sayılan “Kitabi-Dədə Qorqud” eposunda qədim azərbaycanlıların qadına, anaya münasibəti “Ana haqqı - Tanrı haqqıdır” milli modeli müstəvisində qurulub, qadın cəmiyyətdə ucalıq, müqəddəslik, ehtiram, hörmət simvolu kimi qəbul edilib. Eposda təsvir edilən qadınlar, qızlar kişilərlə bərabər ovda, savaşda, ziyafətlərdə iştirak edir, onların həqiqi silahdaşına çevrilir, cəsarət və mərdlik nümayiş etdirirlər.
Bəşər sivilizasiyasına bənzərsiz töhfələr vermiş Azərbaycan xalqı həm də zəngin təhsil, maarifçilik ənənələri ilə seçilmiş, milli mentalitetində qadına, qadınlığa yüksək, bəşəri münasibətilə fərqlənmişdir. Azərbaycanın elm, təhsil, mədəniyyət sahəsində ötən XX əsr müstəsna yer tutmuş, bu əsrdə xalqımız köhnə dünyadan sürətlə uzaqlaşmış, elm, təhsil, mədəniyyət, bir sözlə, milli intibah yoluna qədəm qoymuşdur. Ötən əsr Azərbaycan qadınının həyatında da çox əlamətdar bir mərhələ olmuş, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, neft sənayesinin sürətli inkişafı qadınların da maariflənməsinə, onların ictimai-siyasi həyata fəal qoşulmalarına şərait yaratmışdır. Əsası 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan və sonralar Azərbaycan SSR (1920-1991-ci illər) dövründə davam və inkişaf etdirilən qadın siyasəti nəticəsində qadınların hərtərəfli inkişafı üçün geniş üfüqlər açıldı. Qısa zaman kəsiyində Azərbaycan qadınları arasında savadsızlıq ləğv edildi, onların təhsillənmə səviyyəsi ölçüyəgəlməz dərəcədə yüksəldi. Ölkənin sosial-siyasi və mədəni həyatında qadınların rolu artdı.
Azərbaycan qadınlarına 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə kişilərlə bərabər seçmək və seçilmək hüququ verilmiş, 1918-20-ci illərdə Azərbaycanda qadınlara ana dilində təhsil almağa imkan verən orta ümumtəhsil, orta ixtisas, ali təhsil müəssisələri şəbəkəsi yaradılmış, Azərbaycan qadını dövlət idarəçiliyinə aktiv cəlb edilmişdir. Müqayisə üçün demək lazımdır ki, XX əsrdə qadınlara ilk dəfə seçkilərdə iştirak etmək hüququnun verilməsi tarixinin təhlili göstərir ki, Azərbaycan dövləti bu sahədə dünyada öncüllərdən biridir. Belə ki, XX əsrdə qadınlara seçmək və seçilmək hüququ verən 73 dövlət arasında Azərbaycan 8-ci yerdə durur. İftixar etməli haldır ki, bu baxımdan Azərbaycanda dünyanın inkişaf etmiş ABŞ, Almaniya, Fransa kimi dövlətlərindən, eləcə də Şərq ölkələrinin hamısından əvvəl qadınlara seçmək-seçilmək hüququ verilib.
Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbər təyin olunanda qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başladı. O dövrdə bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdı. Nazir və nazir müavinləri arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi.
Alim qadınlarımızdan danışarkən ilk növbədə akademik Zərifə xanım Əliyevanın adını çəkmək lazımdır. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Elə ilk gündən görkəmli alim ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bilmişdi. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Beləliklə, Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.
XX əsrin sonunda yenidən müstəqilliyini bərpa etmiş Azərbaycanda qadınlar demokratik, hüquqi, sivil, dünyəvi dövlət quruculuğunda fəal iştirak edir, sosial-siyasi və mədəni həyatımızın bütün sahələrində aktiv fəaliyyət göstərirlər. 1993-cü ildə xalqın təkidi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, gender siyasətində də islahatlara başladı. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu - gender bərabərliyini bir daha təsdiq etdi, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təmin etdi. 1998-ci ilin yanvar ayında ölkə başçısının Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan qadınlarına çox böyük bir hədiyyə oldu. 2000-ci ildə Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında qadın siyasətinin həyata keçirilməsi haqqında” yeni bir Fərman imzaladı. Bu Fərman qadınlarla bağlı dövlət siyasətinin ən yüksək səviyyədə qurulmasına real sübut idi. Belə bir siyasət həm də bərabər hüquqlar və bərabər imkanlar siyasətinə doğru açılan yeni bir yol idi. Bu Fərmandan sonra qadınlarımız arasında ictimai-siyasi fəallıq daha da artmışdı. Artıq respublikada 40-dan çox qadın təşkilatı fəallıq göstərir.
Ulu öndər Heydər Əliyev Beynəlxalq Qadınlar bayramına həsr olunmuş toplantıda demişdir: “Bizim çoxəsrlik tariximiz, mədəniyyətimiz vardır. Azərbaycanın keçmiş zamanlarda da görkəmli qadınları olmuşdu. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün böyük iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayırlar, bəzi sahələrdə aparıcı rol oynayırlar, böyük xidmətlər göstərirlər”.
Azərbaycan Respublikasının müstəqilliyə qovuşması nəticəsində qadınlarımızın beynəlxalq qadın hərəkatlarına inteqrasiyası sürətləndi. Bu gün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını demokratik, hüquqi dövlətimizin, vətəndaş cəmiyyətimizin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir.
Aydın həqiqətdir ki, cəmiyyətdə qadının savadlılığı, təhsili və peşə hazırlığı hər bir dövlətin nailiyyəti, hər bir xalqın milli sərvəti və üstün intellektual göstəricisidir. Görkəmli fransız şairi və ictimai xadimi Lamartin deyirdi ki, “Kitabı qadın oxumuşsa, deməli, onu bütün ailə, bütün xalq oxumuşdur”. Bu baxımdan, Azərbaycan istər qadınların hüquqi statusu və cəmiyyətdə rolu, istərsə də ümumi və peşə-ixtisas təhsilinin səviyyəsinə görə müasir dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aparıcı yerlərdən birini tutur.
Bu gün isə ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən respublikamızda sosial, iqtisadi və mədəni həyatda qadınların rolunun artmasına böyük önəm verilir. Çünki Azərbaycan qadını ictimai həyatda kişilərlə çiyin-çiyinə əmək fəaliyyəti ilə məşğul olur, alim olaraq elmimizə yeni töhfələr verir, ən başlıcası isə, ana olaraq gələcək nəsli tərbiyə edir. Bir sözlə, Azərbaycan qadını müstəqil Azərbaycan dövlətinin yorulmaz cəfakeşidir.
Bunun bariz nümunəsini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın simasında görürük. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Məqaləmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qadınlarımızla bağlı söylədiyi fikirlərlə yekunlaşdırmaq istəyirəm. Dövlətimizin başçısı demişdir: “...Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.
Müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin qadınların inkişafına, elminə və təhsilinə daim hədsiz diqqət və əhəmiyyət verməsi, Ulu öndərimizin həmişəyaşar ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində qadınlarımızın elmi və digər fəaliyyətləri daha məhsuldar olacaq, onlar ölkəmizin sürətli inkişafı yolunda əllərindən gələni əsirgəməyəcəklər.

Paylaş:
Baxılıb: 2415 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31