Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindəndir

Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindəndir

21.12.2018 [09:38]

Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür
Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və çoxşaxəli islahatlar bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını təmin edib. Buna paralel olaraq ölkəmizdə səmərəli və məqsədyönlü sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Yeri gəlmişkən, Prezident İlham Əliyev dekabrın 19-da “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5,0 (beş) milyon manat ayrılacaq. Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı həyata keçirilən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir və aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir.
Ümumiyyətlə, əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub və bu istiqamətdə davamlı addımlar atılır. Eyni zamanda 2006-cı il yanvarın 1-dən etibarən aztəminatlı ailələrə ünvanlı yardımlar verilməyə başlanıb, hazırda da bu proses davam etdirilir. 2010-2011-ci illərdə isə Dünya Bankı və Azərbaycan hökuməti birlikdə əhalinin özünüməşğulluq layihəsini icra ediblər.
Hazırda əhalinin bu təbəqəsinin istehsala cəlb edilməsi, əmək birjasında tələb olunan peşələrə yiyələnmələri üçün də proqramlar icra olunur. 2017-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə aztəminatlı ailələrə aktivlər verilməsi onların məşğulluğunun təmin edilməsi istiqamətində çox mühüm addım olub. 2018-ci ildə 7 min belə ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış Ailə Biznesinə Asan Dəstək” (ABAD) mərkəzləri tərəfindən isə dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Bu ilin avqustunda yaradılmış “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) publik hüquqi şəxs isə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına imkan verir.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Millət vəkili əlavə edib ki, ölkəmizdə əmək pensiyaları və sosial müavinətlər getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür: “Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür”.
Ölkəmizdə əhalinin aztəminatlı hissəsinin dövlətin həmişə diqqət mərkəzində olduğunu deyən Milli Məclisin deputatı vurğulayıb ki, 2003-cü ildə yoxsulluğun azaldılması haqqında ilk Dövlət Proqramının təsdiqlənməsi, 2008-ci ildə növbəti belə proqramın qəbul edilməsi xüsusi vurğulanmalıdır: “Bu istiqamətdə səmərəli tədbirlər mütəmadi xarakter daşıyıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsində, sahibkarlığın, xüsusən də kiçik və orta sahibkarlığın dəstəklənməsində, o cümlədən məşğulluq səviyyəsinin artırılmasında əsas məqsədlərdən biri məhz əhalinin yoxsul və işsiz təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi olub”.
“Son 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanılıb. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi hətta bir sıra Avropa ölkələrindən də aşağıdır”, - deyə A.Hüseynov vurğulayıb.
“Azərbaycanda bütün sahələri əhatə edən məqsədyönlü, səmərəli sosial-iqtisadi islahatlar həyata keçirilir və sistemli xarakter daşıyır. Məhz bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatların - reytinq agentliklərinin hesabatlarında da Azərbaycanın inkişaf göstəriciləri ilə əlaqədar müsbət məqamlar əks olunur. Bu, şübhəsiz ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir”. Bu fikirləri isə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Millət vəkili əlavə edib ki, Azərbaycanda səmərəli və məqsədyönlü sosial siyasət həyata keçirilir, əhalinin rifah halının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Ölkəmizdə son 15 ildə yoxsulluq 49 faizdən 5 faizə düşüb ki, bu da həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin real nəticəsidir: “Hazırda Azərbaycanda işsizlik səviyyəsinin Avropa və MDB məkanında ən aşağı göstəricilərdən biri olması da təqdirəlayiq haldır”.
“Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı dövlətin məqsədyönlü sosial siyasətinin növbəti təzahürü olmaqla yanaşı, aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir. Ümumiyyətlə, əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində daim diqqət mərkəzində olub. Dövlət tərəfindən məqsədyönlü sosial siyasətin həyata keçirilməsi, davamlı və səmərəli tədbirlərin reallaşdırılması, şübhəsiz ki, ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasını təmin edir”, - deyə T.Rzayev vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31