Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Pandemiya bitir?

Pandemiya bitir?

13.10.2021 [10:40]

Artıq iki ilə yaxındır ki, gündəlik həyatımız çağırılmamış qonaqla - yeni növ koronavirusla (COVID-19) bağlı keçir. 2019-cu ilin dekabrında dünya nəhəngi Çinin Uhan şəhərində baş qaldıran və qısa müddətdə dünyanın təxminən 200 ölkəsinə yayılan təhlükəli xəstəlik özü ilə bərabər bir sıra çətinliklərdə gətirib. İlk növbədə, həyat tərzimiz dəyişib, cəmiyyətlərdə sosiallaşma tendensiyası səngiyib, insanlar bir-biriləri ilə təmaslardan qaçaraq özünütəcridə üstünlük verirlər. Dünyada tüğyan edən COVID-19 pandemiyası, eyni zamanda, ölkələrin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərib. Verilən xəbərlərə görə, dünya üzrə 150-dək ölkə pandemiya səbəbindən artan xərclərini qarşılaya bilmədiklərinə görə bir sıra sosial layihələrin icrasını təxirə salıb və kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib.

Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli rakursdan diqqət çəkir. İlk növbədə, onu vurğulayaq ki, güclü dövlət olan Azərbaycan yeni növ koronavirus pandemiyasına qarşı mübarizədə sırf öz gücünə arxalanıb. Respublikamızda COVID-19-a ilk yoluxma faktı qeydə alınandan dərhal sonra Azərbaycan hökuməti bu təhlükəli xəstəliklə mübarizəyə həssas yanaşma sərgilədi. Ölkəmizin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə gündəliyi elə ilk günlərdən kifayət qədər geniş olub və müxtəlif aktual məsələləri əhatə edib. Pandemiyanın ilk günlərində Prezident İlham Əliyev bəyan etdi ki, yeni şəraitdə hökumətin qarşısında iki mühüm vəzifə durur. Bunlardan biri əhalinin sağlamlığının qorunması, digəri isə insanların sosial müdafiəsinin təşkili idi. Sosial dövlət olan Azərbaycan pandemiya dövründə də çətin vaxtlarda vətəndaşların yanında olmaq ənənəsinə sadiq qalır. Belə ki, respublikamızda 2020-ci ildə məşğulluğa və rifaha dəstək tədbirləri reallaşdırıldı, dövlət və özəl sektorda çalışanların əməkhaqları ödənildi, dövlətdən yardım alan və yaxud ödənişli ictimai işlərə cəlb olunan ailələrin əhatə dairəsi genişləndirildi. Bütövlükdə, ölkədə ötən il Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan böyük sosial paket təxminən 5 milyon insanı - əhalimizin yarısını əhatə etdi.

Pandemiya dövründə hökumətin əhalinin sağlamlığının qorunması məqsədilə reallaşdırdığı tədbirlərin də əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan MDB məkanında pandemiya ilə mübarizəyə ən böyük büdcə ayıran ölkələr sırasında yer alır. Ötən ilin əvvəlindən başlayaraq, ölkənin ən yaxşı səhiyyə müəssisələri yeni növ koronavirus xəstələrinin müayinə və müalicəsi üçün ayrıldı. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında ayrılan böyük həcmlərdə maliyyə vəsaiti hesabına paytaxtda və bölgələrdə modul tipli xəstəxanalar inşa olundu. Qısa müddətdə tibbi maska, xüsusi geyimlərin istehsalı müəssisələri işə salındı, ölkə üzrə bir neçə müasir laboratoriya istifadəyə verildi. Çarpayı sayının artırılması, lazımi sayda tibbi personalın koronavirus xəstələrinin müalicəsinə cəlb olunması və digət tədbirlər ölkəmizdə pandemiyaya qarşı mübarizənin səmərəliliyinin yüksəlməsinə müsbət təsir göstərdi - təhlükəli yoluxucu xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısını almaq mümkün oldu. Buna, əlbəttə ki, respublikamızda həyata keçirilən bir sıra məhdudlaşdırıcı tədbirlər də öz müsbət təsirini göstərdi. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiyaya qarşı nümunəvi şəkildə mübarizə aparan ölkə kimi səciyyələndirib.

Bəs təhlükəli xəstəlik həyatımızdan nə vaxt tamam geri çəkiləcək? Ümumiyyətlə, COVID-19-la birdəfəlik vidalaşmaq mümkün olacaqmı? Əlbəttə, hamı gözləyir və arzulayır ki, bu suallara müsbət cavab verilsin. Ancaq hələlik yalnız onu deyə bilərik ki, respublikamızda son vaxtlarda COVID-19-a yoluxma sayında azalmanın müşahidə edilməsi müəyyən nikbin ümidlər yaradır. Ölkəmizdə 2021-ci il oktyabrın 11-də  cəmi 611 nəfər yeni növ koronavirusa yoluxub. Sağalanların sayı 938 nəfər olmaqla yeni yoluxanların sayını üstələyib. Gün ərzində 5575 test aparılıb və 13 ölüm hadisəsi baş verib.

Ölkəmizdə yeni növ koronavirusa yoluxma sayının əhəmiyyətli dərəcədə azalması ilə paralel şəkildə, bir sıra məhdudlaşdırıcı tədbirlər də oktyabrın 1-dən etibarən aradan qaldırılıb. Mütəxəssislər ölkəmizdə pandemiyaya yoluxma sayının azalmasına müxtəlif amillərin öz təsirini göstərdiyini bildirirlər. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov KİV-ə bildirib ki, pandemiyanın növbəti dalğası sönməyə doğru gedir, lakin vəziyyət dəyişə bilər. O, fikrini yoluxma sayının azalması, xəstəlikdən sağalanların sayının yeni yoluxanların sayını üstələməsi və xəstəliyi aşkar etmək üçün istifadə olunan spesifik test nümunələrində pozitiv nəticələrin səviyyəsinin azalması əsasında söyləndiyini vurğulayıb.

Mütəxəssislərin yekdil qənaəti belədir ki,  virusun yayılma arealının kiçilməsində respublikamızda vaksinasiya prosesinin uğurla həyata keçirilməsi mühüm rol oynayır. Son vaxtlarda aparılan maarifləndirici tədbirlərin müsbət nəticəsi olaraq ölkədə peyvəndlənmədən kənarda qalmağa çalışanların sayı azalıb. Müxtəlif yaş qruplarından olan vətəndaşlar könüllü şəkildə müəyyən edilmiş məntəqələrə gələrək peyvənd olunmaq istəklərini bildirirlər. İndiyədək respublikamızda 4889404 nəfər  birinci mərhələ üzrə vaksinasiya olunub.  İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4107885 nəfərə çatıb.

Bu arada qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın tezlikə bitəcəyi ilə bağlı məlumat verib. Qurumun qənaətinə görə, dünya artıq COVID-19-la mübarizənin 60 faizini tamamlayıb. Odur ki, tezliklə pandemiya bitəcək və insanlar normal həyata qayıdacaqlar. Lakin ÜST tərəfindən virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirmək çağırışı edilib.

Professor Adil Qeybulla qəzetimizə açıqlamasında deyib ki, dalğanın enməsi, vəziyyətin stabilləşməsi və xeyli insanın vaksinasiya olunması buna işarədir: “Əvvəllər insanlar vaksinasiyaya daha çox tərəddüd edirdilər. Bu istiqamətdə daha çox problemlər var idi. İndi isə könüllü vaksinasiyaya gedənlər çoxalıb. Bu prosesin gedişində sanki bir dönüş əmələ gəlib”.

Həkimin sözlərinə görə, artıq həm xəstələrdə, həm də vaksinasiya olunanlarda immunitet yaranıb: “Bunlar əhalini kollektiv immunitetə yaxınlaşdırır və pandemiyanın sona çatmasına daha çox imkan verir. Çünki SARS-COV-2 mutasiyaya uğramaq qabiliyyətinə malikdir. Vaksin olunan və ya xəstəlik keçirməklə immuniteti yaranmış insanda bu qırılmış olur. Yəni o insan ya yoluxmur, ya da kimisə yoluxdurmur. Kollektiv immunitetin bu baxımdan önəmi var.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumat əslində, Xəstəliklərə Nəzarət Profilaktika Mərkəzlərinin verdiyi proqnozlara uyğundur”.

Onu da vurğulayaq ki, Azərbaycan dünyada vaksin millətçiliyinin qəti əleyhinədir. Məlum olduğu kimi, Azərbaycan qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürüb. Respublikamız pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon dollar ianə edib, 30-dan artıq ölkəyə dəstək göstərib. Azərbaycan, həmçinin təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib. Azərbaycanın belə həssas yanaşması fonunda dünyada peyvəndlərin ədalətsiz şəkildə bölüşdürülməsi təəssüf doğurur. Prezident İlham Əliyev  oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıdakı çıxışında ölkəmizin peyvəndlərin bölüşdürülməsi ilə bağlı birmənalı mövqeyini növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq vurğulayıb: “Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”.

Yeni növ koronavirusun həyatımızdan tam geri çəkilməsi həm də bizim davranışlarımızdan asılıdır. Davranışlarımızla bağlı qarşıya qoyulan tələblər isə elə də mürəkkəb deyil. Qoyulan qaydalara əməl etsək, müxtəlif məkanlarda sosial məsafə saxlasaq, ictimai yerlərdə, nəqliyyatda maska taxsaq, digər belə sadə qaydaları gözləsək, çağırılmamış qonağı həyatımızdan, ümumi evimizdən daha tez çıxara bilərik.

Mübariz ABDULLAYEV

 

 

Paylaş
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31