Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təbii balı bir Allah bilir, bir də arı

Təbii balı bir Allah bilir, bir də arı

28.10.2021 [11:17]

Bal yarmarkasında saxta bal sorağı - bal çoxdur, müştəri az

Bir qaşıq bal dərmanınız da ola bilər, dərdiniz də

Arıçıların və bal həvəskarlarının səbirsizliklə gözlədiyi arıçılıq məhsullarının yarmarkası oktyabrın 20-dən etibarən fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 21-ci Respublika sərgi-satış yarmarkasında satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov mətbuata açıqlamasında bildirib ki, ardıcıl olaraq hər il təşkil edilən yarmarka ötən il pandemiya ilə əlaqədar kütləvi tədbirlərin təxirə salınması səbəbindən keçirilmədi. Bu isə arıçılara öz məhsullarını satmaqda müəyyən çətinliklər yaratdı. Çünki yarmarka arıçıların bir qismi üçün əsas satış platformalarından biridir. Nəticə etibarilə, mövcud vəziyyət dəyərləndirilərək, bu il yarmarkanın keçirilməsi qərarı verildi. Qeyd olunub ki, bal yarmarkası noyabrın 7-dək davam edəcək.

Kəlbəcər və Laçın balı ilk gündən satılıb

Xatırladaq ki, ötən illərdə keçirilən yarmarkalarda kilosu 15 manata bal tapmaq mümkün idi. Bəs bu il vəziyyət necədir? Balların qiyməti dəyişibmi? Təmiz balı saxta baldan necə ayırmaq olar? Suallarımıza cavab tapmaq üçün “Yeni Azərbaycan” qəzeti olaraq, biz də Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanına (metronun “Gənclik” stansiyasının yaxınlığı) yollandıq. Müşahidələrimizə görə, həftəsonu olmasına baxmayaraq, alıcı qüvvəsi az idi.

Builki yarmarkanın özəlliyi isə işğaldan azad olunmuş ərazilərdəki arıçılıq təsərrüfatları nümayəndələrinin öz məhsullarını alıcılara təqdim etməsi olub. Çoxları kimi biz də Kəlbəcər və Laçın balının sorağı ilə yarmarkaya üz tutduq. Öyrəndik ki, bu məhsullara çox ciddi tələbat olduğu üçün məhsullar yarmarkanın ilk günündəcə satılıb.

- Saxta balı necə ayıra bilərəm?

- O arıçının insafına baxır.

Bəs digər regionlardan öz ballarını satmaq üçün yarmarkaya gətirən arıçılar necə, razıdılar?  Daşkəsəndən gələn Aqil Əlişov bizi görən kimi şükür etməyə başladı. Bir neçə ildir ki, yarmarkada iştirak edən arıçı hər dəfə nəticədən razı qaldığı üçün yenə gəldiyini dedi. Ballarını isə nə az, nə çox, 20-50 manat arası satdığnı deyən Aqilin sözlərinə görə, bu qiymət onun məhsulu üçün hələ azdır: “Çünki ömrümü arıçılığa həsr etmişəm. Gözümü  açandan qapımızda arı olub. Öz zəhmətimizlə saxlayıb artırmışıq. Məhsullarımdan da əminəm. Hamısı xalis baldır. Ona görə də bu qiymət heç də baha deyil”.

Aqilin həmyerlisi Tural İsayev gənc arıçılarımızdandır. 33 yaşlı Tural deyir ki, dədə-baba sənətini davam etdirir: “5 ildir ki, yarmarkada iştirak edirik. Arılarımızı Qoşqar dağının ətəyində, meşə qırağında aparıb saxlayırıq. Yarmarkanın ilk günləri qiymətlər 25-40 manat arası dəyişirdisə, indi daha ucuz satmağa çalışırıq. Alıcının büdcəsini nəzərə alıb endirimlər edirik. Təki hər kəs bal yeyə bilsin”.

“Saxta balı təbii baldan necə ayıraq?” sualına arıçının verdiyi “Təbii balı bir Allah bilir, bir də arıçı” cavabı bizi bir növ təəccübləndirdi.

Elə bu sualın sorağı ilə digər arıçılara yaxınlaşdıq. Hər kəs böyük həvəslə təbii balı saxta baldan ayırmağın yollarını öyrətməyə çalışırdı. Bu əsnada yaxınlaşdığımız piştaxtanın arxasında mübahisə də diqqətimizdən yayınmadı. Görünür, müştəri davasına çıxan arıçıların aralarında konflikt yaranmışdı.

Əlqərəz, növbəti həmsöhbətimiz isə qadın arıçılarımızdan Gülşad Hüseynovadır. Gülşad xanım Gədəbəy balı ilə yarmarkaya qatılıb. Deyir ki, biz arılarımzı  sahə-sahə gəzdiririk, bir sahəni bitirəndə isə o birisinə köç edirik: “Təbii yolla əldə etdiyim ballarımı 25-35 manat arası satıram. Mənim balım həm keyfiyyətli, həm də müalicəvidir. Heç vaxt saxta bal düzəltməmişəm deyə, necə seçməyin yollarını da bilmirəm”.

Arıçı məsləhəti: Balın təbii olub-olmadığını laboratoriyada yoxlayın

Bəlkə sualımıza Şəmkir rayonundan cavab tapılar deyə, Asif Qarayevlə söhbətləşdik. Asif isə deyir ki, balın təbii olub-olmadığını laboratoriyada analiz verməklə bilmək olar. Təbii ki, büdcəsi 20 manat olan müştəri üçün bu yol elə rahat deyil. Başqa yolu varmı deyə soruşanda isə: “Alıcı heç vaxt təmiz balı tanıya bilməz. Baxıram, müştərilərin çoxu bal seçməyi bacarmır. Hamısı ətirli ballar almağa can atırlar. Amma bilmirlər ki, təmiz balın özünəməxsus ətri var. Çox adam adətən aldanır. Bax, təmiz balı ətrindən tanıya bilərsiniz”.

“12 ildir ki, arıçıyam. 76 arıdan 52-ni qeydiyyata saldırmışam. Ən böyük neməti belə mənə versələr, arıçılıqdan əl çəkmərəm, bu sənətin fədailəriyik biz. Yarmarkada iştirak etməyimin səbəbi arıçılıq bazarına daha yaxından bələd olmaqdır, yoxsa mənim sifarişçilərim çoxdur. Burada 10 kiloqram satmaqla deyil, arılarımız artdığı üçün yeni müştəri toplamağa çalışırıq”, - deyə arıçı söyləyir.

Buranın qocaman arıçılarından biri də Astaradan gələn Rəhim Ağadır. Rəhim dayının 69 yaşı var. 17 yaşından arıçılıqla məşğuldur. Deyir, yarmarka açılan ildən burada ballarını satır. Azərbaycanda arıçılıq peşəsinin inkişaf etdiyini söyləyən Rəhim dayı onu da vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə arıçılıq sənətinin davam etdirilməsi bu peşəyə marağın artırılmasına da vəsilə oldu. 150 arısı olan ağsaqqalın ən yaxın köməkçiləri də elə öz nəvələridir. Babasından öyrəndiyi arıçılıq sənətinin sirlərini indi öz nəvələri ilə bölüşür. Elə bizimlə də sirlərini paylaşan arıçı deyir ki: “Təbii balı saxta baldan ayırmağın bir neçə üsulu var. Məsələn, kağızın üzərinə bir az bal yaxırsan. Əgər kağızın əks tərəfi yaş olmayıbsa, deməli təbiidir. Yaş olubsa, o sudur, bal deyil. Yaxud yarım stəkan suya bir qaşıq bal töküb qarışdırırsan. Suyun rəngi bulanmırsa, saxtadır. Balın təbiiliyini bir çay qaşığı bala 3 damcı yod tökməklə də bilmək olar. Qarışdırandan sonra yod uçub gedirsə, bala qarışmırsa, təbiidir. Bir üsul da var ki, qədimlərdən bizə gəlib çatıb. Belə ki, balın içinə ət qoyursan. Əgər ətin rəngi dəyişmirsə, deməli o bal xalis baldır”.

Həmkarlarından fərqli olaraq, Səmərqənd İbrahimova satışdan heç də razı deyil. 4 gündə sadəcə 3 kiloqram bal sata bilən Səmərqənd xanım deyir ki, təbliğatın aparılmasına ehtiyac var: “Astara rayonundan gəlmişəm. Demək olar ki, alver yoxdur. Müştərilər azdır. Məncə, reklam zəifdir. Arıçıların çoxu mənim kimi düşünür. 400 kilo baldan sadəcə 3 kilo sata bilmişəm”.

İnşallah Kəlbəcərə gedib arıçılıq peşəsini orada davam etdirəcəyəm

Kəlbəcər rayonundan olub indi İsmayıllıda məskunlaşan Qabil Həsənovla da söhbətləşmək imkanımız oldu: “Özüm Kəlbəcər rayonundanam, amma İsmayıllıda yaşayıram. Bildiyiniz kimi, bu il yarmarkada Kəlbəcər balı da satılırdı. Bu, biz kəlbəcərlilər üçün çox böyük stimul oldu. İnşallah Kəlbəcərə gedib arıçılıq peşəsini orada davam etdirəcəyəm”.

Qeyd edək ki, yarmarkada yalnız bal deyil, bir çox arıçılıq məhsulları da satılır. Qabil kişi də bizə məhz çiçək tozu haqqında məlumat verdi. Deyir ki, min bir dərdin dərmanı olan çiçək tozunu bala qarışdırıb içmək daha faydalıdır. Bu toz soyuqdəymənin, mədə-bağırsağın dərmanıdır. Onu suya qarışdırıb sirop kimi içmək, eləcə də bala qarışdırıb yemək olar.

Bir qaşıqdan hər kəs istifadə edir

Söhbət əsnasında hər kəs bizə öz ballarından dadmağı təklif edirdi. Diqqət çəkən məqam isə birdəfəlik istifadə qaşıq?arından bir neçə dəfə istifadə edilməsi oldu. Xüsusilə pandemiya zamanı bu mənzərə ilə qarşılaşmaq heç də ürəkaçan deyildi. İstifadə olunan qaşığı atmaq üçün zibil qabı da qoyulmamışdı. Təbii ki, qaydalara əməl edənlər də vardı.

Beləliklə, alıcılardan da apardığımız sorğudan o qənaətə gəlmək olar ki, qiymətlər ötən illərlə müqayisədə bahadır. Keyfiyyəti isə zaman göstərəcək.

Müşfiqə BAYRAMLI

 

 

 

Paylaş
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31