Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Assalomu alaykum, Toşkent!

Assalomu alaykum, Toşkent!

30.10.2021 [00:02]

Orta Asiya mirvarisində 5 gün...

Yeddi yoldaş olub yola düzəldik

Özbəkistanda prezident seçkilərinin keçiriləcəyi haqqında hələ ötən ildən xəbər tutmuşduq. Təbii ki, bu rəsmi tədbirdə iştirak etmək dəfələrlə xarici ölkələrdə prezident, parlament seçkilərini izləmiş biri kimi mənim də arzum idi. Amma arzu gerçəkləşməyəndə, elə arzu olaraq qalır. Mənim arzum isə gerçəkləşdi. Özü də Özbəkistanın Azərbaycandakı səfirliyinin vasitəsilə. Səfər hazırlıqları başladı. Məlum oldu ki, bu ölkənin müqəddəratını həll edən siyasi prosesi izləmək üçün Azərbaycanın müxtəlif media orqanlarından 7 nümayəndə seçilib. Seçilmişlər arasında bəndənizin olması nə qədər sevincli idi, bir biləsiniz...

“Region Plus” jurnalından Namiq Mayılov, Elçin Hüseynov, "Mədəniyyət/Culture" jurnalı və medeniyyet.info saytından Zöhrə Əliyeva, “Kaspi” qəzetindən Təranə Məhərrəmova, “İnterfaks” agentliyindən Anar Əzizov, “Report”dan Fuad Hüseynəliyev və mən...oktyabrın 22-də yeddi yoldaş olub yola düzəldik.

Bakıdan Daşkəndə birbaşa reyslər pandemiya ilə əlaqədar bağlı olduğuna görə İstanbul Hava Limanından tranzit kimi istifadə etdik. Əlqərəz, gecə saatlarında Özbəkistanın baş kəndinə - Daşkəndə çatdıq. Açığını deyim ki, əvvəlcədən düşünürdüm ki, gecənin bu saatında (ora çatanda saat 01:30 göstərirdi) bizi qarşılamağa gələnlər könülsüz, yarıyuxulu halda adi protokola riayət edib bizi otelədək ötürəcəklər, sonra da başlarını atıb yatacaqlar. Yanılırammış. Qarşılama qapısında gül-çiçəkləri görəndə, özüm də ani olaraq ayıldım. Təranə Məhərrəmovanın təbirincə desəm, lap sovet vaxtlarında zəhmətkeşlərin gurultulu qarşılanmağına bənzəyirdi... Yol yorğunluğum bizi qarşılayanların simasındakı səmimi təbəssüm, gözəl çiçəklər fonunda yox oldu.

Adətən, nümayəndə heyəti bir mikroavtobusda hərəkət edir. Və bir bələdçi təyin olunur. Özbəkistan isə 7 nəfər jurnalistin hər birinə bir bələdçi, bir könüllü, bir avtomobil ayırmışdı. Bu, təbii ki, dost ölkənin Azərbaycana göstərdiyi hörmət və diqqətin təzahürü  id i.

Bu da Daşkənd. Şərq üslubu, Şərq dəst-xətti və hava soyuq olsa da,  Şərqin isti nəfəsi hər yerdə duyulurdu - ilk dəfə rastlaşdığımız insanlardan aldığım pozitivlik, isti münasibət yorğunluğumu əritmişdi elə bil.

Səhər tezdən bələdçilərimizi otelin foyesində görəndə duruxdum. Sən demə, onlar bizi elə buradaca səhərədək gözləyiblərmiş. Təəccüblüdür, deyilmi? Hansı ölkədə qonağı otağına yola salıb, aşağıda səhərədək gözləyirlər? Dilfuzə xanım, Nilufər xanım, Gülruxsar xanım, Zafar aka, Uluqbek aka, Orifcon aka təbəssümlə bizi salamladılar – Assalomu alaykum!

Daşkənddə sükut günü – dünyaya sual verildi

Daşkəndin küçələrindəki sakitlik (seçkidən öncəki gün – 23 oktyabr sükut günü olduğuna görəymiş – N.N) şəhərin payız rənglərilə bir harmoniya təşkil edirdi. Bakımızdan fərqli olaraq göydələnlər gözə az-az dəyirdi, amma yolboyu sarımtıl-qırmızı rənglərə boyanmış xiyabanlar şəhərin heç də adında deyildiyi kimi daşlardan deyil yaşıllıqlardan ibarət olduğuna işarə edirdi.

Daşkəndə ilk səfərim olsa da, bu ölkə haqqında müəyyən qədər bilgilərim vardı. Bilirdim ki, digər postsovet ölkələri kimi Özbəkistan da müstəqillik illərinin ağrı-acısını dadıb, son dövrlər iqtisadi inkişafını turizm sahəsinə yönəldib, qızıl yataqları çoxdur, amma emal sahəsində çətinlikləri var və s...

İlk üz tutduğumuz məkan yenicə istifadəyə verilmiş Media Hall oldu. Burada müxtəlif ölkələrdən gələn mətbuat nümayəndələrinin hökumət üzvləri və ayrı-ayrı partiya təmsilçiləri ilə görüşü keçirilirdi.  Brifinqdə müxtəlif yerli və xarici jurnalistlərin sualları arasında Əfqanıstandan olan media eksperti Məhəmməd Nurinin Özbəkistan xarici işlər nazirinin müavininə ünvanladığı sual isə heç vaxt yadımdan çıxmayacaq. Sualdan çox imdad diləyən bir xalqın harayına bənzəyirdi: “İndiki rəhbərliyə görə (Əfqanıstanı nəzərdə tutur – N.N) Özbəkistanın bəzi sosial layihələrini çıxmaq şərtilə, heç bir ölkə bizimlə maraqlanmır. Nə vaxt Əfqanıstandakıların yaşadıqlarına son veriləcək? Axı orada yaşayanlar da insandırlar”. Bu, Özbəkistandan dünyaya verilən sual idi...

Seçkilər başladı

Oktyabrın 24-də Daşkənd ötəngünkünə bənzəmirdi. Şəhərdə də, yollarda da yaranmış sıxlıq insanların bu tarixi prosesdə iştirak etmək üçün can atdıqlarından xəbər verirdi. Seçki məntəqələrinə baş çəkərkən ahıl insanların, körpələrini qucaqlarına alıb məntəqələrə gələn gənc ailələrin necə sevinc içində olduqlarını duymamaq mümkün deyildi. Verəcəkləri səsin Özbəkistan üçün nə qədər vacib olduğunu bilirdilər.

Əhalisi Azərbaycandan 3-4 dəfə çox olan Özbəkistanda 5 siyasi partiya var. Özbəkistan Xalq Demokratik Partiyası, Özbəkistan Milli Dirçəliş Partiyası, Ədalət Sosial Demokrat Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, Özbəkistan Ekoloji Partiyası. Prezident seçkilərində də hər partiyanın bir nümayəndəsi namizəd olaraq iştirak edirdi. Qeyd edim ki, Ekoloji Partiyası ilk dəfə idi ki, Prezident seçkilərinə öz namizədini irəli sürmüşdü. 

Məntəqələrin birində Türkiyədən gəlmiş millət vəkili, əslən Gədəbəydən olan Şamil Ayrımla görüşdük, maraqlı söhbətimiz oldu. Millət vəkili Eldar İbrahimovu görüncə Şamil Ayrım doğmasını uzun ayrılıqdan sonra görürmüş kimi ona sarıldı. Bu məqam xarici jurnalistlərin də nəzərindən yayınmamışdı. Türkiyə və Azərbaycanın millət vəkillərinin isti və səmimi münasibəti xarici media mənsublarının kameralarına da həkk olundu.

Özbəkcə “Arşın mal alan”

Məntəqələrə baş  çəkəndən sonra bizə şad bir xəbər də verildi. Daşkənddə Baxodır Yuldaşevin Gənclər Teatrında “Arşın mal alan”ımız səhnəyə qoyulmuşdu. Biz də bu tamaşaya dəvətliydik. Səhnələşdirilmənin əsasən özbək dilində olmasına baxmayaraq, yeri gəlincə Azərbaycan dilində də replikalar olurdu. Bu da tamaşaya yeni bir rəng qatırdı. Saatyarımlıq tamaşa bizi Daşkənddən Azərbaycanımıza, Qarabağımıza aparıb gətirdi. Onu da deyim ki, yanaşı  əyləşdiyimiz özbəklər də bizimlə bərabər əsərin bütün musiqi və mahnılarını əzbərdən oxuyurdular. Uzaq bir yerdə bunun nə qədər xoş bir hal olduğunu təsəvvür edə bilməzsiniz. Bu, dost xalqın Azərbaycana, onun mədəniyyətinə verdiyi yüksək dəyərdən irəli gəlirdi. Hər addımbaşı əllərini sinəsinə qoyub “Xuş kelibsinqiz”, “Rehmet” ifadələri eşidəndə bir daha əmin olurdum ki, Özbəkistanda Azərbaycanın özünəməxsus yeri var.

Səmərqənd – Mərkəzi Asiyanın elm-mədəniyyət mərkəzi

25 oktyabr. Saat 08:00. Yolumuz Səmərqəndədir. Özbəkistan dəmir yollarının sıxlığına görə Orta Asiyada birinci yeri tutur. Daşkənd-Səmərqənd-Buxara  istiqamətində hərəkət edən sürət qatarı Afrosiab 2 saat 40 dəqiqəyə bizi Daşkənddən Səmərqəndə (məsafə 270 kilometrdir) çatdırdı. Mərkəzi Asiyanın dini, mədəni və elmi mərkəzi Səmərqənd heyranedicidir. Əmir Teymurun uyuduğu Gur-Əmir məqbərəsi, qumlu səhralıqda  çoxsaylı mədrəsələri ilə şöhrət qazanmış Uluqbəy rəsədxanası, minarələrində gizli şifrələri olan möhtəşəm Registan meydanı, Xoca Doniyar məqbərəsi, Bibixanım məscidi, Şahi-Zində məqbərəsi Səmərqənddədir. Bibixanım  məscidi İslam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Bu tarixi və müqəddəs yerlərin hər birinin özünəməxsusluğu ilə tanış olduq. Müqəddəs yerlərdə xalqımız üçün, Azərbaycanımız üçün dualar etdik.

Axşam yenidən Daşkəndə qayıtmalıydıq. Çünki Vətənə dönmək üçün hələ uzun bir yol qət etməliydik...

P.S. Təəssüratlarımı yazarkən Özbəkistanda prezident seçkilərinin nəticələrinin rəsmən təsdiqləndiyi barədə məlumat gəldi. Özbək xalqı öz bəylərini - Prezidentlərini seçmişdilər - Şevket Mirziyoyev! Biz də “Yeni Azərbaycan” olaraq Özbəkistanın yeni Prezidentini və özbək xalqını təbrik edir, dost ölkənin hər zaman yalnız xoş xəbərlərini yaymaq arzusunda olduğumuzu bildiririk.

P.P.S. Bu kiçik yazıda Özbəkistan səfərindən təəssüratlarımı tam bölüşə bilmədim. Daşkəndin ekobazarından,  özbək mətbəxindən maraqlı məqamları gələn saylarımızda ətraflı işıqlandıracağam.  Тез кунда кўришгунча!

Nəzirə Nurullayeva

Bakı-Daşkənd- Səmərqənd-Bakı

22-27oktyabr 2021

 

Paylaş
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30