Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Anam gənc qadın idi, müharibə bitənə qədər saçları ağardı

Anam gənc qadın idi, müharibə bitənə qədər saçları ağardı

16.12.2021 [11:27]

XTQ-nin oğlanları kimi olmaq istəyirəm, onlar canavardılar!

İlhamə Rəsulova

Redaksiyamıza nur üzlü bir qonaq gəlib. 44 günlük Müqəddəs Vətən Müharibəmizin iştirakçısı, 4 medallı gənc bir qəhrəmandır Əzimov Altay Telman oğlu.

1 il öncəyə qədər qayğısız, universitet bitirmiş şən, gənc bir oğlan idi. Bu gün isə müharibə alovundan çıxmış, polad kimi bərkimiş, amma savaşın bütün dəhşətlərinə baxmayaraq, içindəki işığı itirməmiş güclü bir kişiyə çevrilib. Qismətində ömrünün 23-cü ilini Vətən müharibəsi iştirakçısı kimi qarşılamaq da varmış. Hərbi xidmətdən 3 ay öncə qayıdıb. Xidmət dövrü müharibəyə təsadüf edib və o, bu döyüşlərdən 4 medalla dönüb. Füzuli, Cəbrayıl, Xocavəndin azad edilməsinə görə, eləcə də  “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Altay deyir ki, əslən bu günə qədər gedib gəzib, görmək qisməti olmasa da, özünü ordubadlı hesab edir. Xırdalanda boya-başa çatıb. Azərbaycan Memarlıq və İnşaat Universitetini inşaat texnologiyası mühəndisliyi ixtisası üzrə bitirib. Təhsilini başa vurduqdan sonra, əsgəri xidmətə gedib və heç xəyalından da keçməyib ki, 3-4 ay sonra filmlərdə gördüyü o müharibə səhnələrinin  real iştirakçısına çevriləcək.

“Mən Qusar rayonunda xidmət edirdim. Müharibə başlayanda düzü düşünmədik ki, bizi də apararlar. Səfərbərlik xidmətlərinin çağırışları ilə çoxlu sayda döyüşçülər gəlmişdi. Düşünürdük ki, yəqin, ilk növbədə, onları aparacaqlar. Hətta, öz aramızda onlar üçün pay da toplamışdıq. Çöldə-bayırda bir əsgərə nələr lazım ola bilərsə onları. Amma ayın 27-də hamımız birdən ayaqlandıq. Bizi Füzuliyə apardılar. O günə qədər müharibə barədə kitablardan oxumuşdum, kinolarda görmüşdüm. Filmlərdə gördüyüm və özüm iştirak etdiyim müharibə. Bu ikisini müqayisə edəndə fərq də tapıram, bənzərlik də. 

Müharibə əsgərləri bir-birinə daha çox bağlayır, daha mehriban edir, insanlar arasında daha çox birlik olur. Hər kəs yanındakını özünə arxa dayaq bilir. Kimin haralı olması, hansı xarakterdə olması önəmini itirir. Hər kəs Azərbaycan əsgəridir, bir məqsəd üçün döyüşür və biz bir-birimizi qorumalıyıq. Bir-birimizə ehtiyacımız var, birimiz yaralanacağımız anda bilirik ki, digəri mütləq köməyə gələcək. Müharibə dostluğu adi əsgər dostluğundan daha möhkəm, daha əbədidir məncə. Çünki sınaqdan keçib. Dostlarımızın gözümüz önündə şəhid olması, ağır yaralanması - əlbəttə, bu müharibənin ən ağır yanı idi. Ölüm qaşla gözün arasındadır, 5 dəqiqə sonra kim öləcək, kim qalacaq bilinmir. Ora qaç, bura qaç, yatmaq, dincəlmək yox, döyüş tapşırığı uğurla yerinə yetirilməlidir. Sən səhv etsən bu səhv neçə yoldaşının həyatı bahasına başa gələ bilər.

Mən minaatanlar  bölüyündə xidmət edirdim. Minaatanlar piyada əsgərlərin arxasında dayanır və onların önünü açır. Ona qədər bu silahla işləməyi əsgərlikdə öyrətmişdilər. İlk 3 ayda güclü öyrənmişdiksə də, praktiki olaraq məşğul olmamışdıq.  Müharibədə olduğumu tam olaraq bir də döyüşlər başlayandan 4 gün sonra dərk etdim. Dostum yaralanıb, qollarıma düşəndə. Ona qədər bu mənə qəribə gəlirdi. Özümü sanki bu günə qədər filmlərdə, kompyuter oyunlarında gördüyüm müharibədəki kimi hiss edirdim. Qavramırdım. Hətta, əyləncəli gəlirdi bir az. Dostum yaralanıb qanı üz-gözümə çilənəndə anladım ki, deyəsən bu oyun deyil, çox ciddidir”. 

Altay bunları danışa-danışa gülümsəyir. Müharibədən qayıdanların əksəriyyətinin ruh halı bir başqa cür olur. Bu da normaldır. Əsəbi, kədərli, düşüncəli, özünə qapananlar olur. Bunların heç biri Altayda yoxdur. Nur çilənmiş təmiz, işıqlı üzündə uşaq məsumluğunu qoruyub saxlayıb. Təbəssümünü itirməyib.

Lakin dediyi bir cümlə ilə müharibənin necə ağrılı bir dünya olduğunu da gözəl təsvir edir. 

“Heç birimiz özümüzdən narahat deyildik. Eləcə düşünürdük ki, bizə bir şey olsa, evdəkilər nə edəcək? Ən çox anamı düşünürdüm. Ağlım onda idi. Mən əsgər gedəndə anam sizin kimi gənc, gözəl bir qadın idi. Mən müharibədən qayıdanda saçları ağappaq olmuş, yaşlanmışdı”.

Yalnız bu sözləri deyərkən gözlərindən bir bulud ötür, düşüncə qatarlanır. Amma tezcə mövzunu dəyişir. Yenə cəbhə günlərində başa verən maraqlı hadisələrə qayıdır.

“Gülüb-danışmasan, ürəkli olmasan olmaz. Döyüşdə gərək ruh yüksəkliyini qoruyasan. Yaxşı uşaqlar  var idi. Döyüşlər səngiyən kimi mütləq bir əyləncə tapıb, hamını stressdən çıxarmağı bacarırdılar. Bir dəfə arxa ilə əlaqəmiz kəsilmişdi, ərzaq çatışmırdı. Təbii ki, özümüzü təmin etməliyik. Bir baməzə  əsgər var idi, hardansa balaca bir südəmər quzu tapmışdı. Dedik yazıqdı, onu kəsmək olmaz, ahı tutar bizi. Güldü. Dedi “siz bilmirsiniz, mən bunu kəsməyəcəm, indi bu balaca quzunun hesabına onun bütün “qohum-əqrabalarını” yığıb gətirəcəm hüzurunuza. Quzu o qədər mələdi, bir də gördük təpənin arxasından bir dəstə qoyun gəlir. Qovalayıb bir qoçu  tutub kəsdik. Bu hadisəyə çox gülüb əylənmişdik”.

Yenə şən-şən gülür. Təbii ki, qorxu insanın ilk instinktlərindən biridir və ölümlə üz-üzə gələrkən qorxu duyğusunun meydana çıxması da normaldır. Ona görə, verdiyim suala təəccüblənmir.

“Bəs döyüşlərdə özünü itirən, təlaş keçirib nə etməli olduğunu unudanlar var idi?”

“Var idi. Füzulidə qəfildən  atəş başladı. Orada itkimiz çox oldu. Bizim əraziyə atmağa başladılar, təcili minomyotların yanından çəkilib, hər kəs yerə uzandı ki, qəlpə yarası almayaq. Minomyotçu yoldaşım var idi. Ayaqüstə durub donmuş vəziyyətdə baxırdı. Nə irəli getmir, nə geri, nə qaçmır, nə əyilmir. Qışqırdım ki, uzan yerə, eşitmir. Sürünə-sürünə gedib ayağından dartıb yıxdım. Minomyotun “tavası” ilə də üstümüzü örtdüm ki, qəlpə filan dəyməsin. Sonra onu da, özümü də ərazidən çıxara bildim. Belə qəfil koordinatlarımızı tapıb bizi atəşə tutanda  özümüzü  kol-kosa vururduq. Heç böyürtkən ağaclarının tikanları gözümüzə görünmürdü. Bircə  bilirdik ki, sağ qalmaq lazımdır, sonra yenidən düşmənə qarşı sipər almaq  vəzifəmiz var. Bir də silahlarımıza sahib çıxmaq”.

 Altay deyir ki, müharibə başlayana qədər hərbçi olmaq barədə heç düşünməyib. Amma indi hesab edir ki, əgər sənətimə uyğun iş tapmasa, bu sahəyə  üz tuta bilər.

“Amma, elə-belə yox. Məhz ən peşəkar səviyyədə. XTQ sıralarında hazırlaşmaq, onlar kimi mükəmməl olmaq şərtilə. Onlar canavar kimi oğlanlardır. Adam baxanda həvəsə gəlir. Müharibə başa çatdı, amma istənilən an “yenidən başlayırıq” desələr, məncə bu dəfə bizim döyüşümüz əvvəlkindən daha mükəmməl, daha möhtəşəm olacaq. Bu dəfə  düşmənin izi-tozu da qalmayacaq. Çünki artıq bir dəfə döyüş praktikamız oldu.  Sınaqdan keçirdik. Dünənə qədər mən gənc bir tələbəydim. Amma indi döyüş təcrübəsi olan bir gəncəm. Eləcə mənim kimi minlərlə oğlan. Ona görə bu dəfə düşmənin heç bir şansı qalmaz deyə düşünürəm. “Yenə olsa, yenə gedərsənmi?” deyə soruşurlar məndən. Əminliklə deyirəm, gedərəm. Bu dəfə tamam başqa cür olar. Düzdür, müharibə gözəl bir şey deyil. Lakin bəzən böyük sülh naminə böyük müharibələr lazım gəlir. Tarix boyu görmüşük. Həm biz bu müharibəylə özümüzü hamıya, hətta elə özümüzə də tanıtdıq. Hər kəs bildi ki, Azərbaycan oğulları lazım gələrsə, necə döyüşür”.

 Altay gedir, özündən sonra pozitiv bir enerji, xoş bir xatirə buraxır. İstər-istəməz ürəyimizə bir güvən dolur. Bu Vətən Altay və onun kimi oğulların çiyinləri üzərində dayanaraq ayaqda qalacaq. Altay kimi dağ qürurlu, şir ürəkli oğullarımızın sayı isə minlərlə, milyonlarladır. Biz Vətən naminə döyüşdük, qarşımızdakılar işğal  üçün. O səbəblə, bu döyüş cihad, şəhadət, şərəf, bu müharibə müqəddəs oldu. 30 il ərzində Qarabağdan sarı narahat qalmış bütün şəhid ruhlarına ithaf idi bu qələbə. Qələbəmizdə payı olan hər bir AZƏRBAYCANLIYA salam olsun!

 

 

 

Paylaş:
Baxılıb: 694 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30