Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milad adətləri niyə unudulur?

Milad adətləri niyə unudulur?

08.01.2022 [00:44]

İp əyirmək, toxumaq və tikmək olmaz...

Yanvarın 7-də Azərbaycanın pravoslav icması Milad bayramını qeyd edir. Ənənəvi Milad mərasimi Azərbaycandakı Pravoslav kilsələrində xüsusi təntənə ilə qeyd edilib. Milad bayramı Azərbaycan xalqı üçün də əzizdir və mədəniyyətimizin bir parçasıdır. İslam dinində İsa Məsihin doğum günü xüsusi qeyd olunmasa da, dində özünəməxsus yer tutan bu insana böyük ehtiram göstərilir. Qurana görə, İsa Allaha çox yaxın bir peyğəmbər olub. Quranda “Məryəm” surəsi var və İsanın dünyaya gəlməsi barədə ayələr yer alıb.

Xristian inancına görə, İsa Tanrının bədəndə təzahürüdür. Onu Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar da adlandırırlar. Xristianlığa görə, İsa Beytləhmdə (Beyt Lahm) doğulub, Qüdsdə çarmıxa çəkilib.

Müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. IV əsrin əvvəllərində Qərb kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayının 7-nə təsadüf edir. Milad 1918-ci ilə qədər Rusiyada Avropanın əksər ölkələri ilə birlikdə dekabrın 25-də qeyd olunurdu. Müasir xronologiyaya keçidlə bayram yanvar ayından qeyd olunmağa başladı. Qriqori təqviminə keçidlə əlaqədar, katoliklərlə pravoslavların bayramı arasında 14 gün fasilə yaranıb.

Milad ənənələri barədə ölkəmizdə yaşayan pravoslavların öz dilindən eşitmək istədik. Bakılı müəllimə Olqa Nikalayevna Romanova “Yeni Azərbaycan”a bildirdi ki, rus pravoslavları üçün Milad Pasxadan sonra ikinci ən müqəddəs bayramdır. “Bayramdan əvvəl 40 günlük Milad orucu tutulur. Bu bədənimizin, ruhumuzun təmizlənməsi anlamını verir. Pravoslav Milad bayramı yanvarın 6-da ilk ulduzun görünməsi ilə qeyd olunmağa başlayır. Bu, İsa peyğəmbər doğularkən görünən Beytləhm ulduzunun görünməsini yad etmək üçündür. O cümlədən Milad ağacının başında yanan ulduz da bu hadisənin simvoludur. Bayram ailə, qohumlar və dostlarla keçirilir. Ənənəyə görə, Müqəddəs Axşam Milad şamının yandırılması və dua ilə başlayır. Pravoslav xristianlar 12 həvarinin xatirinə 12 növ yeməkdən ibarət bayram süfrəsi açırlar. Süfrənin altına İsanın doğulduğu axurun simvolu olaraq, bir dəstə saman qoyulur. Xristianlar bayram ərəfəsində bütün köhnə inciklikləri unutmağa çalışır, incitdikləri şəxslərdən bağışlanmalarını istəyərdilər. Köhnə ənənəyə görə, Milad ərəfəsində gənclər müxtəlif heyvanların geyimlərini geyinərək ev-ev gəzər, Milad mahnıları oxuyardılar. Yeni ildə uğurlar gətirmək üçün mahnıların əvəzində şirniyyat, hədiyyə istəyərdilər. Milad Koloda bayramı ilə üst-üstə düşərdi. Koloda yayın qış üzərində qələbə çalması üçün qeyd edilən bayram idi və dekabrın 25-də qeyd olunardı”,- deyə o qeyd edir.

Burada bir haşiyəyə çıxım ki, bu, bir növ bizim Novruz bayramında Kosanın pay yığımasına bənzəyirdi. Ümumiyyətlə, qədim Milad ənənələrinin Novruz bayramı ilə bənzərlikləri çoxdur. Qızların Milad bayramında bəxt falı açması, qapıları gəzərək pay yığmaq, küsülülərin barışması, qışın yaman, günəşin yaxşı olaraq simvolizə edilməsi və s.

“Miladda bir qayda olaraq ailə üzvləri günorta vaxtı birlikdə nahar süfrəsinə əyləşir. Miladın maraqlı adətləri var. Milad süfrəsini hindtoyuğu və tərəvəzlə bəzəyirlər. Belə bir inanc var ki, ip əyirmək, toxumaq və tikmək olmaz. Kəndlilər yemək masasının ayaqlarını kəndirlə bağlayırdılar ki, mal-qara sürüdən qaçmasın. Bu, bir növ bərəkəti çağırmaq ayini idi. Miladda şam yeməyinə tanışları, tənha insanları və yolda qalmış səyahətçiləri dəvət edərdilər.

Milad bayramı gözləməklə başlayır. Bu gözləmədə əsas məsələ noyabrın 28-dən yanvarın 6-na kimi davam edən orucdur. Oruc ruhu və bədəni özünü dərk etməyə hazırlayır. Bu bayram həm də gözləməyin (səbrin) nə qədər vacib olduğunu anlatmağa çalışır. Evlərdə qurulan həmişəyaşıl Milad ağacı Məsihin bəxş etdiyi əbədi həyatın simvoludur. Ağaclarımıza tac qoyduğumuz ulduz, İsanın doğulduğu zaman səmanı işıqlandırmış Beytləhm ulduzunu təmsil edir. Milad ərəfəsində pəncərələrə yanan şam qoymaq adətdir. Şam Tanrı qarşısında yanan insan ruhunun simvoludur. Başqalarının yolunu yandırar və işıqlandırar. Eyni zamanda, Miladdan əvvəl pəncərədə yanan şam göstərir ki, həmin evdə Məsihin yolunu gözləyirlər.

Milad üçün hədiyyələr verəndə biz İsanın doğulduğunu eşidib, onu kral kimi qəbul etmiş, hədiyyələr gətirmiş müdrikləri yada salırıq. Onların hədiyyəsi qızıl, buxur və mirradan ibarət olub.

Süfrədə 12 növ yemək olmalıdır. 12 yeməyin hamısının dadına baxmaq lazımdır, ən azı üç qaşıq yemək lazımdır ki, gələn il evdə firavanlıq olsun. Hamı yeni paltar geyinməlidir, süfrə sabaha qədər yığışdırılmamalıdır. Söyüş söymək, sevdiklərinizlə mübahisə etmək, incimək, acgözlük etmək və yaxınlarınızdan uzaq qalmaq olmaz. Miladda balıq tutmağa və ova gedə bilməzsiniz. Deyirlər ki, Miladda təbiətin özü heyvanları qoruyur, ona görə də onları öldürmək olmaz. Ev işləri ilə məşğul olmaq düz hesab olunmur. Yoxsullar və zəiflər kömək istəsələr, “yox” demək olmaz. Həm də deyirlər ki, yemək masasında su içməməlisən, çünki bu, yeddi il davam edəcək uğursuzluğa səbəb ola bilər. Əfsanəyə görə, Milad bayramını tək və evdən uzaqda qarşılasanız, bütün il boyu “sərgərdan” gəzəcəksiniz. Miladda kilsəyə getmək,  “Məsih doğuldu”-”Onu şərəfləndirin” sözləri ilə qarşılamaq vacibdir. Bu gün İsa Məsihi mədh etmək, oxumaq, gəzmək və əylənmək lazımdır”, - deyə Olqa Romanova qeyd edib.

Milad bayramının ən əvəzedilməz atributu Santa Klaus, yəni Şaxta Baba obrazının prototipi 4-cü əsrdə yaşamış keşiş Müqəddəs Nikolaydır. O, yoxsul insanlara gizli olaraq hədiyyələr verən və kömək edən din adamı idi. Çar Rusiyasında lap əvvəllər evlərdə küknar ağacı  qoyulmazdı. Bu ənənəni 1817-ci ilin sonunda, Milad bayramı ərəfəsində imperatorun xanımı meydana çıxardı. Övladlarını sevindirmək üçün. Ağ Evdə isə Milad ağacı ilk dəfə 1961-ci ildə qurulub.

Bayramı evdən kənarda qeyd etməyə getməzdən əvvəl, ailə ilə birlikdə bir neçə dəqiqə oturub gözləmək lazımdır. Geri qayıda biləsən deyə. Ruslarda evdən çıxmazdan öncə bir neçə dəqiqə dayanmaq və oturmaq ənənəsi də bu bayramla əlaqədar yaranıb. Bayram günü edilən istənilən alış-veriş uğurlu sayılır.

Ancaq kilsə nizamnamələrində və dini kitablarda bu barədə heç nə yazılmayıb. Bu, sadə insanların inancıdır. Bu bayramda insanlar möcüzələrin olacağına, növbəti ilin daha gözəl keçəcəyinə inanırlar. Əslində elə inamın özü də möcüzə deyilmi? İnanaq, gözəl şeylərə inanaq ki, reallaşsın, dünya da gözəlləşsin.

İlhamə Rəsulova

 

 

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31