Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Maralların, qunduzların, balinaların insana verdiyi möcüzə

Maralların, qunduzların, balinaların insana verdiyi möcüzə

11.02.2022 [23:05]

Ətirlər barədə çox maraqlı faktlar

İlhamə RƏSULOVA

Burunun xoşbəxtliyə nə dəxli var?

Məşhur bir mahnıda deyilir.

Gözü açılınca səhərin

Qoxusu gəlir bir nəfərin

Ekspertlər müəyyən edib ki, hər kəsin bədəninin özünəməxsus ətri var. Bu ətrin tərkibi feromondan ibarətdir. Burnumuz, daha dəqiqi beynimiz feromonun qoxusunu “göydə” tutur. Qarşı tərəfin feromonları sənə uyğundursa, adına sevgi dediyimiz o “kimyəvi” proses başlayır. Feromonlar saç və dəridən də  ifraz olur. Ona görə də hər insanın dərisinin və saçlarının spesifik qoxusu var. Maraqlıdır ki, insan stressli və ya əsəbi olan zaman feromonlar tamamən fərqli və itələyici qoxu verir. Ona görə də bir insanın sizə uyğun olub-olmamasını əsəblər sakitkən hiss edə bilərsiniz. Kişi və qadın öz yarısının ətrini tapmayıbsa, onun beyni daim gəzir, öz partnyorunu axtarır. Əgər tapa bilmirsə, ya da tapıb birləşə bilmirsə, rahatlıq tapmır, xoşbəxt hiss edə bilmir. Bu mənada öz ətrimizi parfüm altında gizlətməklə beyni kor etmiş oluruq. Psixoloqların fikrincə, çox təmizkar  qadınların ərləri onlara daha çox xəyanət edir. Çünki beyin feromonların ətrini tuta bilmir. Ətirlərdən danışacağam, amma  bu yerdə renoplastikanın verdiyi ziyandan danışmasam, olmaz. Əməliyyat keçirmiş burunlarda iybilmə qabiliyyəti dəyişir və başqa sözlə, renoplastika etdirmiş qadın və kişilər  öz “yarı”larını tapmaqda çətinlik çəkirlər. Çünki öz “kəşfiyyat orqanlarına” zərbə vurmuş olurlar. 

Qoxu yaddaşı insanın ən güclü yaddaşı hesab edilir. Ona görə, uşaq vaxtı oyuncaqlarımızın, çantamızın, kitab-dəftərin, qələmimizin qoxusunu  belə hiss edirik və ömürlük unutmuruq.

Hər insanın bədəninin qoxusu onun şəxsi xüsusiyyətidir. İllər keçsə də, biz bu qoxuları unutmuruq və hətta qoxu bir çox hadisələri xatırlamamıza səbəb olur. Odur ki, özümüzü sevdirmək və xatırlatmaq üçün ən güclü “silahımız” barədə danışaq.

Müasir ətirlər

Qutusunun üzərinə Perfum və ya Extrait yazılan ətirlər tərkibinə ən çox konsentrat daxil olan  ətirlərdir (20-30% və bəzən də daha çox). Belə ətirlərin qalıcılıq qüvvəsi yüksək, qiymətləri baha olur. Parfüm suyu adlanan ətirlərin tərkibinə 15-25% parfüm konsentratı daxildir. Qiymətinin münasib olması, tərkibindəki yüksək konsentrasiya və qalıcılıq qüvvəsinə görə ən çox satılan ətirlər onlardır. Bir çox brendlərdə bu, ətirin ən yüksək növü hesab edilir. Parfüm şirkətlərinin hamısı yüksək konsentrasiyalı ətir istehsal etmir. Tualet suyunun (EDT - Eau De Toilette) ətir konsentratı 10-20% (kişi parfümlarında 6-12%), qalıcılığı 2-3 saat təşkil edir. Odekalon  3-5% parfüm ekstraktından, dezodorant  3-5% parfüm ekstraktından ibarət olur.

Ətirlər çiçək, şipr və şərq qoxulu olmaq  üzrə 3 əsas qrupa bölünür.

Parfüm dedikdə ağıla ilk gələn fransız ətirləridir. Fransız mütəxəssislər isə ətirləri daha çox təsnifata ayırıblar. Aldehidlər  qrupuna  daxil olan ətirlər  süni yaradılmış maddələrdən istifadə etməklə, qoxuların müxtəlifliyini yaratmağa imkan verir. Dəri ilə təmasda ətrin qoxusu güclənir. Müasir parfumeriyada elit ətirlərdə aldehidlər demək olar ki, istifadə edilmir. Ənbər ətirlər qrupuna şirin ədviyyə tərkibli ətirlər daxil edilir.  Ağac ətirlər qrupuna  çiçək-ağac ətirli, meyvə-ağac ətirli, ədva-ağac ətirli parfümlar aiddir. Əsasən, yay ətirləri hesab olunurlar. Yaşıllar qrupuna yeni biçilmiş ot və yarpaqların çox yüngül, sadə qoxusu  daxildir. Dəri qrupuna  aid olan ətirlər əsasən kişilər üçün nəzərdə tutulub. Onlarda tütün, tüstü, bal, qatran qoxuları üstünlük təşkil edir. Ozon ətirlər qrupa daxil olan ətirlər daha təravətli olur. Oriyental-Şərq ətirlər qrupu vanil, müşk, səndəl, qətran və s. qoxularla zəngindir. Bu qrupun ətirləri əsasən, qış mövsümü və gecə ziyafətləri ilə əla səslənir.

Ətrin saatı

Parfümları gündəlik, günün müxtəlif vaxtı, ilin fəsli, əhval-ruhiyyə və  gecə həyatına görə seçmək daha düzgündür. Səhər işə gedərkən yüngül ətirlərdən, gecə ziyafətlərində tünd ətirlərdən istifadə edilməlidir. 

Ətir almağın ən doğru zamanı səhər saatlarıdır. Həmin müddətdə hələ qoxu hissetmə duyğusu oyanıq olur və gündəlik qoxular hələ havaya qarışmamışdır. Ətir alarkən 6 fərqli ətri iylədikdən sonra  burun “yorulur”, ayırd etməkdə çətinlik yaranır. Bu səbəblə parfüm satılan mağazalarda qəhvə  dolu qablar qoyulur. Qəhvə qoxusu digər ətirlərin qoxusunu öldürür. Yeni qoxuları hiss etmək asanlaşır.

Ətirlərdən duşdan sonra istifadə etmək daha doğrudur. Əl biləyinə sürtülən ətir  faydasızdır. Biləklər ətrafdakı əşyalara daha çox sürtünür deyə ətir tez itir. Qoxunu əvvəl havaya sıxıb, sonra yaranan qoxu buludunun altında durmaqla zərif ətir əldə etmək olar və eyni zamanda, bir neçə nəfər ətirlənə bilər.

Qoxunun qalıcılığı gicgahda, sinə və saçda daha çox olur. Qulaq arxasına ətir çəkmək düzgün deyil. Bu bölgədə dəri daha çox yağ ifraz edir, qoxu ilə yağ bir-birinə qarışıb xoşagəlməz  iy verir.

Ətirlər, spirt, bir sıra aromatik yağ və sudan meydana gəlir. Bu yağlar dəri ilə təmasda olanda hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yumşaq, digər bədəndə güclü reaksiyalar da qoxuların fərqli şəkildə iy vermələrinə səbəb olur.

Ətrin qalıcılığı dərinin tipi ilə yaxından əlaqəlidir. Quru dərilər qoxunun aromatik tərkibini az, yağlı dərilər daha çox saxlayır.

O əfsanəvi müşk və ənbər

Dünyada olan bütün ətirlərdən fərqli olaraq müşkün insanlara təsir göstərən  cazibə xüsusiyyəti barədə əfsanələr danışılır. Bu barədə qədim ərəblər və yəhudilər də bilirdilər. Hələ Musa peyğəmbərin dövründən insanlar müşkdən xəbərdar idilər. Müşk sözü Quranda da bir neçə dəfə istifadə olunub.

İndi ətriyyatda istifadə olunan müşk sintetik yolla alınır. Çünki 1979-cu ildən müşkün təbii yolla hasilatı qadağan edilib. Səbəb isə heyvanları qorumaq idi. Onu kabarqa, müşk maralı, müşk qoçu, ceyran və s. kimi cütdırnaqlı heyvanların göbəyindəki  yumurta böyüklüyündə olan vəzlərdən əldə edirlər. Heyvanların yaşından və növündən asılı olaraq onların müşkləri ətir və keyfiyyətinə görə fərqlənirlər.

Müşk maralı olmayan yerlərdə bu maddəni almaq üçün qunduzlar ovlanır. Müşk maralı ilə müqayisədə qunduz müşkü daha zəifdir. Hələ orta əsrlərdə, Şərqdə  qunduz vəzlərindən bu maddə alınır və adına cünd deyərdilər. Bu maddə əttar dükanlarında satılırdı. Müşkdən qədim Şərq təbibləri müxtəlif xəstəlikləri sağaltmaq məqsədi ilə istifadə edirdilər. Məşhur həkim İbn Sina da bu barədə əsərlərində bəhs edib. Hazırda bahalı fransız ətirlərinin tərkibinə qunduzdan alınan cənd qatılır.

Müşk- xoşqoxulu, qatı, dənəvari, qırmızı-qonur rəngdə olan maddədir. Onun qoxusunun 0,5-2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir.

Müşkü ətriyyatda istifadə etməzdən əvvəl onu xüsusi avadanlıqla emal edib, tərkibindəki sərt və lazımsız maddələri (zülal, yağlar və s.) yığışdırırlar. Maralın ayrıca növü olan “müşk maralı”ndan əldə olunan müşk xüsusi ilə qiymətlidir.  Bir kiloqram müşk əldə etmək üçün 200 erkək Hindistan maralı ovlanırdı. 3,5 kiloqram müşkdən isə cəmi 30 qram muskon əldə etmək mümkün idi.

Bu maddəni keçmişdə Azərbaycana və digər Şərq ölkələrinə  Çinin şimalında uyğurların yaşadığı Xotan və Uyğurustan vilayətlərindən gətirirdilər. Təsadüfi deyil ki, Şərq poeziya nümunələrində rast gəlinən “Xotan müşkü” ifadəsi  öz kökünü buradan alır.

Müasir dövrdə heyvanlardan müşkün daha ziyansız üsullarla alınması mümkündür. Heyvanların müşk vəzisi il ərzində bir neçə dəyişmə mərhələsindən keçir. Müşk heyvanın vəzində əvvəlcə süd rəngli maye şəklində olur. Sonra tədricən bərkiyərək, lobya toxumu boyda dənələrə çevrilir. Əgər quruyubsa, dənəni gümüş mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürmək olar. Malanı 2,5 santimetrdən dərinə daxil etmək olmaz.

“Ənbər balinası”

Ənbər Qütb dənizləri xaric bütün okean və dənizlərdə yaşaya bilən  “Physeter macrocephalus” adlı balinanın (biz onu kaşalot kimi də tanıyırıq)  dənizə axıtdığı ifrazatdan hazırlanır. Hərçənd indi ənbərin də sintetik yolla əldə edilməsinə başlanılıb.

Bu balinaların baş nahiyəsindəki  vəzlər  yağlı və mumu xatırladan  bir maddə ifraz  edir. Beynəlxalq Balina Ovu Komissiyası 1984-cü ildə ticarət məqsədilə balina ovunu tamamilə qadağan etdi. Bu balinanı digər balina növlərindən fərqləndirən mühüm xüsusiyyət həzm sistemindən ifraz olunan ifrazatda ənbər adlı ətirli kimyəvi birləşmənin olmasıdır. Bu ətirli kimyəvi birləşmənin balina üçün hansı faydası  olduğu hələ də bilinmir. Bəzi tədqiqatçılar balinanın istəmədən udduğu sərt və kəskin maddələrin həzm sisteminin qıcıqlanması nəticəsində ənbər ifrazının stimullaşdırdığını irəli sürür. İfraz edilən ənbər onun bədəndən iyirmi santimetrdən kiçik  “yumurtalar” şəklində atılır və suyun üzünə yayılır. Bir balinanın ildə 300 kiloqrama qədər  ənbər ifraz etməyə qadir olduğu təxmin edilir. Ölü balinaların qarnı açıldıqda orta hesabla 45 kiloqram ənbər əldə etmək olar.

Elmi adı “Anbergris” olan ənbər  Çin və Yapon dənizlərinin sahillərində və Madaqaskar, Benqal, Yava və Sumatra, Baham adaları  kimi tropik ölkələrdə toplanır. Sudan yüngül olduğu üçün dənizin üstündə üzür və sahilə atılır.

Ənbər kül rəngli, bal mumu sərtliyində bir maddədir. İçəridə sarımtıl ləkələr görünür. Onun sıxlığı təxminən 0,9 q/sm3 təşkil edir. Zərif qoxusu var, dadı  aromatik və yandırıcıdır. Suda həll olunmur. Yanan zaman xüsusi bir qoxu yayır və çoxlu kül buraxır.

Rəvayətlərə görə, Məhəmməd peyğəmbər  müşk və ənbərdən istifadə etməyi sevərmiş. Ona görə, müsəlmanlar bu ətirləri sevirlər, dini mağazaların hamısında bu ətirlər satılır. Ərəb ölkələrində, xüsusən də Məkkə və Mədinədə  ənbər xam halda xüsusi kiçik qutularda  satılır. Əvvəllər qızıla bərabər tutulan müşk və ənbərin kilosu indi o qədər də baha  deyil. Təxminən 300 manata əldə etmək olar. Söhbət əlbəttə süni yollarla alınan müşk-ənbərdən gedir.

Bax, belə-belə işlər. Balina kimi heyvanın ifrazatında insanı bihuş edən ətir gizlənirsə, bu dünyada pis görünən hər şeydə bir fayda mütləq var, sadəcə, hələlik kəşf etməmişik.

Paylaş:
Baxılıb: 1133 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31