Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Suallarımız cavabsız qaldı - “Hara gedirsiniz, müəllim?..”

Suallarımız cavabsız qaldı - “Hara gedirsiniz, müəllim?..”

08.06.2022 [10:45]

Ömrü jurnalistikayla bağlı olan Nəsir müəllim

İnsanın ömrünün hər anında müəllimə ehtiyacı olur. Həmin müəllimlər həm təhsil, həm də şəxsi həyatımızda təsir buraxırsa, onları itirəndən sonra onlara olan ehtiyacımızı daha yaxşı dərk edirik. Bəzi müəllimlər də var ki, tələbəsini öyrənci olduğu müddətdə necə göz önündə saxlayırsa, azad həyata atılanda, öz ayaqları üstündə durandan sonra da gözündən buraxmaq istəmir. BDU-nun Beynəlxalq Jurnalistika kafedrasının professoru Nəsir Əhmədli də öz tələbələrini daim diqqət mərkəzində saxlayan müəllimlərdən idi. Bir dəfə onunla hazırladığımız müsahibədə bunu özü etiraf etmişdi. Ömrünü gələcəyə savadlı kadrlar yetişdirməyə həsr edən, onlara yol açan Nəsir müəllimin ömrünün şam kimi sönməsi bu gün bütün tələbələrini kədərə qərq edib.

Nəsir müəllim Jurnalistika fakültəsinin ən dinamik, gülərüz müəllimlərindən idi. Onu sevməyən, intellektli zarafatlarına ürəkdən gülməyən tələbə tapılmazdı. Bəzi insanların həyatda heç kimə zərəri dəymir, əksinə hamıya faydalı olmağa çalışırlar. Nəsir müəllim yaxşı müəllim olmaqla bərabər, həm də yaxşı insan idi. Tələbələrə təkcə universitetdə dəstək olub öyrətmirdi, həyatın hər məqamında keçmiş tələbələri, yaxınları ona müraciət edirdilər. Əsl ağsaqqal olan Nəsir müəllim tələbələrlə yeri gələndə zarafat etməyi də yaxşı bilirdi. Gülərüz, gümrah müəllimimiz bizi bundan əvvəl bir dəfə də ağciyər xərçənginə tutulması xəbəri ilə üzmüşdü. Fakültənin müəllimləri onunla şəkil paylaşıb şəfa diləyəndə dağ kimi adamı xəstəliyin zəif saldığı cüssəyə heç yaraşdırmamışdım. Elə o gün də bugünkü qədər kövrəlmişdim. Kövrəlmişdim, amma sağalacağına olan inamımı özünə də ifadə etmişdim. Həmin gündən sonra hər dəfə Nəsir müəllimi ziyarət etmək istəyəndə gözlərimin önündə fotodakı siması canlanırdı. Düşünürdüm ki, onu belə çarəsiz görəcək qədər cəsarətli deyiləm...

Nəsir müəllimin bu halı təkcə tələbələri yox, özünü də üzürdü. Sanki gündən-günə şam kimi əriyən ömrünün artıq sona çatdığını hiss edirdi. 4 ay əvvəl bu hisslərini təcəssüm etdirən bir şeir də yazmışdı. O misraları oxuduqca hər birimiz müəllimimizin ağrısını ürəyimizdə hiss etmiş, ona şəfalar diləmişdik. Sən demə, Nəsir müəllim bu şeirlə, əslində şəfasının olmadığını bizə çoxdan çatdırmağa çalışıb. Şeirdə ifadə etdiyi kimi, gənclərlə ülfət quran, elm öyrədən Nəsir müəllim saf yaşadı, saf qocaldı, var-dövlətə isə heç vaxt yar olmadı. Onun dilinə ölüm sözü yaraşmırdı, amma şeirin sonunda israrla ömrünün sona çatdığını vurğulayır, öz gözəl dünyası ilə sağollaşıb, bir də var olmayacağını deyirdi. Adamın inanmağı gəlmir, ardında bu qədər imza, əməyi ilə yetişən tələbə buraxan bir insan heç vaxt yox ola bilməz.

Haqqında yazılanları oxuyanda onun bu dünyadakı yerini daha yaxşı dərk etdim. Nəsir müəllimin minlərlə yetirməsi olub, indi onlar müəllimləri ilə olan xatirələrindən bir neçəsini bölüşürlər. Onda bilirəm ki, tanıdığım hər kəsdə bir az Nəsir Əhmədli var. Bu tərifsiz sevginin qarşısında uzun zamandır üzərində düşündüyüm bir qərardan əmin oluram, hökmən müəllim olmalıyam. Bu dünyadan köçəndə arxasında sevgi, sayğı, əmək buraxan insanlar çox azdır. Onlardan birinə çevrilmək üçün yalnız Nəsir müəllimin məktəbini keçmək lazım idi. Zamanında ondan öyrənə biləcəyim qədərini öyrənmişəm. Nə xoşbəxtəm ki, müəllimimdən müsahibə almaq şərəfinə də layiq olmuşam. Bu müsahibədə onun öz tələbələrini və Azərbaycan dilinin qaydalarını nə qədər sevdiyinə şahidlik etmişəm. Nəsir müəllim deyirdi ki, tələbələrə dildən düzgün istifadəni öyrətmək onun ən böyük amalıdır. Dilimizin nəzəri-praktik incəliklərinin mahir bilicisi, Jurnalistika fakültəsinin istinadgah və sütunlarından biri olan N.Əhmədli ömrünün son günlərində də bu missiyasını yerinə yetirirdi. Dil qaydaları ilə bağlı mütəmadi paylaşımlar edirdi. Həyatının hər dövrünü jurnalistika ilə bağlayan Nəsir müəllimin axır vaxtlar sosial mediadakı hesabında fakültə ilə bağlı paylaşımlar edirdi. Elə onun son paylaşımı da fakültə ilə bağlı olmuşdu.

Həyatı ilə bağlı hər şeyi öncədən görən Nəsir müəllim qardaşına üz tutub o dünyanı sahmana salmasını, dostları tərk edib ona üz tutduğunu demişdi. Şeirində yavaş-yavaş yeridiyini desə də, gedişi tələsik oldu. Ölümə bu qədər tələsməzdilər, müəllim... Nəsir müəllimin vəfat etdiyini öyrənəndə bir məqamı xatırladım və kövrəldim. 4 il əvvəl Azad Şükürlü Nitq mədəniyyəti dərsində auditoriyamızda qonaq idi. Dərsin başlamağına bir-iki dəqiqə qalmış Nəsir müəllim tələbələri qonaqla tanış edib qapıya tərəf yönəldi. Otaqda bir qədər səs-küy olduğundan səsimi eşidəcəyini düşünmədim və yanımda əyləşən yoldaşımdan “müəllim hara gedir”, - deyə soruşdum. Bütün qrupun susması ilə yoldaşımla bərabər Nəsir müəllim də sualımı eşitdi. Gülərək “narahat olma, qayıdacağam”, dedi... Onda Nəsir müəllim auditoriyanı tərk edəndə hamı həm mənim sualıma, həm də aldığım cavaba görə gülmüşdü. Nəsir müəllim bu gün də bizləri tərk edir. Amma daha duyğular, illər dəyişib, gülə bilmərik, çünki Nəsir müəllim bu dəfə qayıtmayacaq...

P.S. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının professoru, Əməkdar jurnalist Nəsir Əhmədliyə “Yeni Azərbaycan” qəzetinin redaksiyası adından rəhmət diləyirik.

Günel ABBAS

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30