Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yaşamaqdan qorxmayın!

Yaşamaqdan qorxmayın!

21.06.2022 [11:10]

Uşaq valideynin qulu, yaxud əşyası deyil

Bizim küçədəki “bomj” bəzi ölkələrdəki milyonerdən daha xoşbəxt görünür...

Müşfiqə BAYRAMLI

Budəfəki qonağımız biznes sahəsində uğurlara imza atan, ölkəmizi Almaniyada və İsveçrədə layiqincə təmsil edən, Vətəninə bağlı, bir o qədər də azad ruhlu, “EKM Global Consulting GmbH” şirkətinin rəhbəri Elşən Musayevdir.

İki dəfə iflas edən iş adamı yenidən öz ayaqları üstündə durmağı bacarıb. İflas olmaq onun üçün dünyanın sonu deyil, əksinə, gücünü toplayıb yenidən başlamaq üçün keçid mərhələsi oldu. Bu mərhələdə çox dostlar itirsə də, yerini daha yaxşıları ilə doldurdu. Belə bir insanla həmsöhbət olmaq fürsətini əldən verməyib görüşmək qərarına gəldik. Dəvətimizi yerə salmayan azərbaycanlı iş adamına veriləcək suallar çox, vaxt isə az idi. Yenə səfərə hazırlaşırdı...

-  Həyat təcrübələrinizi oxucularımızla bölüşə bilərsiniz?

- Yetkinlik dövrü, biznes inkişaf dövrü və Almaniyaya köçmək dövrü... hər biri həyatımın təcrübə mərhələsidir. Biz bilirik ki, ailə kiçik bir dövlətdir və bütün ailənin öz qanunları var. Bu qanunlara uyğun ailə yaşayır. Nə qədər uşaq daha çox valideynlərin diqqətindədirsə, o qanunlar daha çox işləyir və uşağı inkişaf etməyə qoymur. Valideyn elə hesab edir ki, uşaq onun quludur və yaxud əşyasıdır. Onun üçün həyatda nəyin yaxşı, nəyin pis olduğunu o təyin edir. Valideynlər öz həyatlarını yaşasalar, uşaqların həyatına çox müdaxilə etməsələr, hər iki tərəf də xoşbəxt olacaq. İnsan öz həyatını maraqsız hesab etdiyi üçün həyatını uşağa sərf edir. Bu zaman uşaqdan tələblər də çoxalır.

- Düşünürsünüz ki, ailə qanunlarından kənara çıxmaq lazımdır?

- İnsan azad olmalıdır. Azad olmaq üçün də məsuliyyəti boynuna götürməyi bacarmalısan. Məsuliyyəti daşımaq istəməyənlər onu kiminsə üzərinə atırlar. Bu insanlar ümumiyyətlə, həyatda özlərini tapa bilmirlər. Çünki heç vaxt özləri problem həll etməyiblər deyə kimisə köməyə gözləyirlər.

- Bəs onların sonunu necə görürsünüz?

-Siz bir dönün cəmiyyətə baxın. İnsanların həyatı standart formada keçir. Ümumiyyətlə, daim şikayət, narazılıq edilər və o narazılıq içində həyatlarını sonlandırırlar.

- Deyirsiniz ki, özümüz öz qərarlarımızı verək. Bəs yanlış qərar versək?

- Yalnış qərar versəniz də bu qərar sizindir. Günahkar özünüz olacaqsınız. Heç kimdə günah axtarmayacaqsınız.

- Nələr etmək lazımdır?

- Hər bir insan öz üzərində işləməyi bacarmalıdır. Birincisi, özünüzə sual verməlisiniz ki, mənim güclü və zəif tərəflərim hansılardır? Bu gün insanların özünü təhlil etdiklərini görmürəm. Dünyadakı bütün uğurlu insanlar yazırlar ki, həftədə bir dəfə heç olmasa yarım saat (self-assesment) özünüqiymətləndirməyə sərf etmək lazımdır. İnsanlar nəyə qadir olduqlarını bilsinlər. Siyahı tutub özündə olan mənfi və müsbətlərin çox olduğunu araşdırsınlar.

- Daha çox mənfi cəhətləri görənlər nə etsinlər?

- Təbii, ola bilər. Deməli, bu insanlar daha çox kritik yanaşırlar. Ancaq pis tərəfləri görürlər. Belə bir sual yaranır. O, pis tərəflərlə kimə görə pisdir? Ətrafdakılara, ya özünə? Kimin üçünsə pis görünən digəri üçün yaxşı ola bilər. Əsas insanın özü özünü qəbul etməyidir.

- Özügüvən problemi yaşayan gənclərimiz var. Onlar bu problemi necə dəf etsinlər?

-Bax, bunun da hamısı birinci özünüqiymətləndirmədən və öz  yerini tapmaqdan ibarətdir. Məktəb layihələri ilə məşğul olmuşam. 6 saylı məktəbdə beynəlxalq bakalavriat sistemini mən yaratmışam. İnsanlara peşə seçimi, universitet seçimi ilə bağlı kömək edirdim. Bu ərəfədə bir nəfər mənə yaxınlaşıb dedi ki, Londonda rəssamlığı bitirən qohumum yaşayır, amma pul qazana bilmir. Bilmirlər nə etsinlər. Burada da qiymətləndirmə modeli işə keçməlidir. Sən rəssam olmadan öncə pul qazanıb, qazanmayacağın barədə dəqiqləşdirməli idin. Məşhur rəssamların heç biri sağ ikən pul qazanmayıblar. Onlar öləndən sonra onların əsərləri satılıb. Ona görə də nəzərə almaq lazımdır ki, sən bu problemlərə hazırsansa, o zaman rəssam ol. Mən Baden-Badendə yaşayıram. Bizim küçədəki “bomj” bir çox ölkədəki milyonerdən daha xoşbəxt görsənir. Bir gün yolu keçəndə baxıram ki, əlində kappuçino və kurasan ilə oturmuşdu. Üzündə o qədər xoşbəxt sima var idi ki, indi belə xoşbəxt insanları tapmaq çətindir. Yəni ona lazım olan xoşbəxtlik onun əlində idi. Onun üçün qarnının doyması prosesi artıq önəmli deyildi. Artıq o istədiyinə nail olmuşdu.

- Bəzən insanlar istədiyi həyat tərzinə müəyyən zamanlıq da olsa düşürlər. Bitəndə isə boşluq hissi onları bürüyür. Bu zaman nə edirsiniz?

- Elə bil uşağın əlindən oyuncağını almış kimi olur insan. Bu situasiyada insan keçmiş anılarla yaşamağa başlayır. Deməli, həmin insan anı yaşamağı bacarmır. Geriyə və irəliyə baxmadan bu günü yaşamaq lazımdır. Bəzən deyirlər ki, layiq olduğum yerdə deyiləm. O zaman soruşuram ki, layiq olduğun yer üçün nə etmisən? Heç nə etməmisənsə, deməli, elə öz yerindəsən. Komfort ortamından çıxmadan hər gün maraqlı bir hadisənin baş verməyini istəyirsinizsə, bu, mümkün deyil. Azərbaycanda insanlar özlərini sevə bilmirlər. Çalışın, ətrafınızda həyatda nəyəsə nail olmuş uğurlu insanları tutun.  Mən hesab edirəm ki, insan istədiyi kimi yaşamalıdır. Şüuraltı düşüncələrdən qorxmaq lazım deyil. İnsanların əksəriyyəti ancaq şikayət və narazılıqlarını dilə gətirirlər. Sanki hər kəs günahkardır, onlardan başqa...

- Psixologiya ilə məşğul olmusunuz? İnsanları necə çözə bilirsiniz?

- Psixologiya ilə məşğul olmamışam. İnsanlarla danışıq apardığım zaman bu danışığı uğurla aparmaq üçün insanları öyrənməyə başlamışam. Qarşındakı insanı tanımasan, onunla danışıq apara bilməzsən. Həyatınızı dəyişəcək qərarlar verin. Sonra çox gec olacaq. Biz həyata bir dəfə gəlirik. 20 yaşında və 40 yaşında yaşamaq arasında çox fərq var. Hər duyğunu zamanında yaşamaq lazımdır. İnsanların sizi görmək istədiyi kimi yox, özünüzün istədiyi kimi yaşayın. Həyat düşündüyünüz qədər ciddi deyil.

- Bir neçə dəfə müflis olub yenidən necə inkişaf etdiniz...

- İlk mərhələlər çox çətin idi və özümə gəlmək müəyyən zaman aldı. Əsas məsələ insanın beynində uğursuzluq anlayışını yığışdırmaqdır və qorxmamaqdır.  Həyatda risk eləməyi xoşlayan adamam. Mənim üçün elə də çətin bir addım deyil, amma insanların səndən üz döndərməyi bir az ağrılı olur. Zaman keçəndən sonra normal həyata dönürsən. Birinci dəfə iflas edəndə özümü toparlamaq bir il çəkdi. İkincidə isə daha az vaxt apardı. Əhatəm çox böyük idi. Qalanlar da var, amma gedənlər daha çox idi. Onların yerini isə qətiyyən doldurmağa çalışmadım. Məndən asılı olmadan insanlar öz-özünə həyatımda peyda oldular...

- Gənclərə səslənəsiniz bəlkə?

- İnam... inam hissi ən vacib hisslərdən biridir. İnsan özünə inandığı halda nəyisə etmək istəyirsə, bunun doğru və ya səhv olmasını sonra qiymətləndirməlidir. Bu təcrübələr insana gələcəkdə daha çox uğur qazanmağa kömək edəcək. Bəzi hallarda uğursuzluq daha yaxşı dərsdir. Nəinki tez baş verən uğur. Mən heç vaxt uduzmamışam. Ya udmuşam, ya da öyrənmişəm. Həyat öyrənməkdir. Etməyib peşman olmaqdansa, edib peşman olmaq daha yaxşıdır. 9 il əvvəl də belə düşünürdüm. Əvvəl mən nəyəsə nail olmaq istəyirdimsə, qarşımda durmaq mümkün deyildi. Ola bilsin ki, müəyyən dəyişikliklər olsun, amma indi daha sakit və soyuqqanlıyam. Bir daha təkrar edirəm, çevrənizi dəyişin, daha uğurlu insanlardan öyrənməyə çalışın. İnsanların nə düşündüyü sizin üçün vacib olmasın. İnsanlar səni müzakirə edirsə, deməli onlar üçün vacib adamsan.

Gənclər uğura çatmaq istəyirlərsə, birincisi nə istədiklərini müəyyənləşdirsinlər. Unutmasınlar ki, yaxın adamlar ən birinci düşmənləridir. Hamısı deyir ki, səndə alınmayacaq. Bunlara qarşı durmağı bacarmaq lazımdır. İstənilən biznesi quranda kritik suallara cavab tapsınlar. Tapa bilməsələr, uğur qazanmayacaqlar. Yıxılmaqdan qorxmaq lazım deyil. Məqsədi qoyandan sonra ona çatmaq lazımdır. Ən ağıllı və uğurlu insanlar məqsədə doğru getməyi bacaran insanlardır. Sizə verilən şanslar kifayət qədərdir ki, uğura doğru addımlayasınız. Nə çatmırsa, onu öyrənmək olar. Yaşamaqdan qorxmayın!

Paylaş:
Baxılıb: 141 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31