Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xaraba qalmış uşaqlıq...

Xaraba qalmış uşaqlıq...

14.07.2022 [10:26]

Murad KÖHNƏQALA

Dünya tarixində baş vermiş bütün müharibələr haqlı tərəfə də, haqsız tərəfə də faciələr yaşadıb. Bu yazımda mən Qarabağ müharibəsi və Rusiya-Ukrayna müharibəsi zamanı baş vermiş iki hadisənin detallarından söz açmaq istəyirəm. Həmin hadisələrin timsalında müharibənin dünyaya bir dəfə gələn insanın həyatına nə qədər kədər həkk etməyə qadir olduğunu görəcəksiniz. 

Bəli, bizim də ömrümüz keşməkeşli müharibələr dövrünə düşdü. Orta məktəbdə oxuyanda sinəsi medallı II Dünya müharibəsi veteranları ilə görüşlər düzənlədik. Gəncliyimizdə Əfqanıstan müharibəsini, SSRİ dağılanda isə torpaqlarımızın itirilməsi ilə nəticələnən I Qarabağ savaşını gördük. Bunların arxasınca öz təbii sərvətləri hesabına “kökəlmiş” ərəb dövlətlərinin yağmalanaraq necə xaraba qoyulduğunun şahidi olduq. Dünya ictimaiyyətinə hələ də aydın olmayan məqsədlərlə ərəb əhalisini Amerikaya, Avropaya, Türkiyəyə səpələdilər. Nəhayət, Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda başlatdığı 44 günlük ildırımsürətli zəfər yürüşünü yaşadıq.

Silahlar hələ də susmur.

İndi də Ukrayna od içindədir...

Təxminən otuz il bundan əvvəl yurd-yuvasını məcburən tərk etmiş soydaşlarımız artıq azad olunmuş torpaqları ziyarət etməyə başlayıblar. Əslən Kəlbəcərin Zəylik kəndindən olan soydaşımız - 40 yaşlı Ədalət Quliyev də bu yaxınlarda öz kəndlərini görməyə gedib. Kəlbəcər işğal olunduğu vaxt 11 yaşlı Ədalət alüminium məftildən düzəltdiyi arabasını sürə-sürə qayğısız uşaqlığını keçirirmiş. Erməni yaraqlıları kəndə basqın edəndə Ədalət öz əlləri ilə düzəltdiyi “maşının” düşmən əlinə keçməməsi üçün qaya başına çıxaraq oyuncağını sıldırımın daldasında gizlədir. Beləcə, balaca Ədalət oyuncaqla bərabər uşaqlığını da Kəlbəcər dağlarına əmanət edib Bakıya köçür.

İllər keçsə də, Ədalət Kəlbəcərdə qalan uşaqlığını, oyuncağını unuda bilmir. Özü 40 yaşına çatsa da, daxilindəki araba sürən qayğısız usaq böyümür. Nə az, nə çox, düz 29 il o yurda dönüb arabasını tapmaq xəyalı ilə keçinir, doğma yurda qayıdıb uşaqlığının davamını yaşamaq haqda düşünür.

Nəhayət, günün birində Ədalət Kəlbəcərə, öz ata yurduna, uşaqlığına qovuşa bilir. Çatan kimi qaçaraq həmin qayalığa cumur və... orada gizlətdiyi uşaqlığını, uşaqlıq arabasını tapır. Heyhat, heç kim onun dağlarda yarımçıq qalmış uşaqlığını geri qaytara bilməz! Budur müharibə!..

Rusiya-Ukrayna savaşına baxın. Faciənin biri də budur ki, ukraynalılarla rusların qarışığından ibarət milyonlarla ailə var. Uşaqlar qalıb çaş-baş: düşmən atamdır, yoxsa anam?

Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskini mən çoxdan tanıyıram. Onun dostu Yevgeni Koşovoyla apardığı sonuncu şou verilişi “Komiki güldür” adlanırdı. Həmin verilişdə ölkənin gənc yumoristləri gəlib bir neçə dəqiqə öz mətnlərini oxuyur, münsifləri güldürərdilərsə, yüksək məbləğdə pul udurdular. Hiss olunurdu ki, Zelenski istedadlı iştirakçılardan pul qızırqalanmır. Onun vicdanlı bir insan olduğunu davam edən son savaş da üzə çıxardı. Lakin...

Hələ savaş başlamamışdan kənardan baxanlara elə gəlirdi ki, Zelenski şəxsən ABŞ dövlət başçısından açıq dəstək alıb, NATO da Ukraynanın arxasında dağ kimi dayanıb. Yəni Avropanın düz burnunun ucunda gedən müharibədən heç bir Avropa ölkəsi məmnun ola bilməzdi. Fəqət vəziyyət biz gözlədiyimiz qədər güvənikli deyilmiş!

Qələm adamı siyasi proqnozunda yanıla bilər, ancaq bir siyasətçinin, xüsusilə də dövlət başçısının yanılması yolverilməzdir. Kənardan müharibənin romantikasına uyaraq “İrəli, Ukrayna!” deyənlərin vecinə də deyil ki, artıq yüz minlərlə ailə öz səadətini, dincliyini itirib. Milyonlarla gəncin həyatı zəhərlənib. Milyonlarla uşaq uşaqlığını itirib. İnsanlar dogma şəhərlərini, küçələrini, binalarını, qonşularını, doğma mənzillərini itirə-itirə gedirlər. Yaşayış binalarının şən həyəti qəbiristanlığa çevrilib.

Ötən aylarda Ukrayna mətbuatı bir ailənin faciə fotosunu yayımlamışdı. Lvov şəhər xəstəxanasında çəkilmiş həmin fotoda ana və iki uşaq çarpayıda oturublar. Gənc ananın ayağının biri yoxdur, kəsilmiş yerində sarğı var. Özünün də 30 yaşı ola-olmaya. Sağında onun qızı oturub, hər iki ayağı dizlərinin biraz aşağısından kəsilib. Ana azacıq sağa əyilərək 11 yaşlı qızını öpür. Qız şəkildə gülümsəyir, o, çox gözəldir. Ananın solunda isə oğlu oturub, onun da 11 yaşı var. Yazıdan məlum olur ki, uşaqlar əkizdirlər. Oğlan salamatdır, lakin onun üzündə qoca bir kədər var. Belə bir ailə portreti. Faciənin şəkli!

Hadisə belə olub. Donetsk vilayətinin Novqorod qəsəbəsindən olan ailənin başçısı ruslarla vuruşmaq üçün qəsəbədə qalır. Ana - Natalya, qızcığaz - Yana və oğlan - Yaroslav qorxu zonasını tərk etmək üçün Kramatorsk dəmiryol vağzalına gəlirlər. Yana çay içmək istəyir. Ana oğlunu aşağıda yükün yanında qoyub könüllülərdən çay almaq üçün qızı ilə yuxarı qalxır. Ana-bala perrona qalxar-qalxmaz vağzala raket zərbəsi endirilir və... onlar gözlərini bir də Lvov xəstəxanasında açırlar.  

Ola bilsin şəkil çəkilən ərəfədə onlar hansısa antidepressant qəbul ediblər, müvəqqəti gülümsəyə bilirlər, yəni. Ancaq onların hər birinin bir ömürlük faciəsi hazırdır. Uşaqlığını yaşayan gözəl bir qızın ayaqları protez olacaq. Ana tək ayaqla qalan ömrünü əzab içində keçirəcək. Qardaşın uşaqlığı məhv olub, gəncliyi isə bəri başdan faciələrdən xəbər verir. Ana-bacısının ağır taleyi artıq onun balaca çiyinlərinə yüklənib. Ruslara qarşı döyüşmək üçün cəbhədə qalmış atadan isə hələ bir xəbər yoxdur.

O qızcığaz bir azdan gənc yaşlarına çatacaq, öz ayaqları üstündə yeriyən tay-tuşuna baxıb dəhşətli hislər keçirəcək. Ən yaxşı halda dövlət ona minimum yaşayış üçün əlillik təqaüdü verəcək. Bəs kimdən soruşaq ki, taleyin ən ağır şərtlərilə sınanacaq o qızcığazın günahı nəydi?

Fikirləşirsən ki, indən belə torpaqlar, ölkələr, sərhədlər, sərvətlər, vəzifələr, eqolar savaş təhrikçilərinin başına dəysin. Bütün bunlar o qızcığazın azca yana dartılmış təbəssümünə dəyməz...

Paylaş:
Baxılıb: 160 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31