Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təhsilimiz əmək bazarına doğru

Təhsilimiz əmək bazarına doğru

24.12.2022 [10:50]

Ali məktəblərimiz məzun konveyeri olmamalıdırlar. Bundan ötrü ilk növbədə əmək bazarı mütəmadi qaydada araşdırılmalı, təhsil daha perspektivli sahələrə istiqamətləndirilməlidir

Hazırda  ali təhsil müəssisələrində bir sıra ixtisaslar üzrə lüzumsuz fakültələrin mövcudluğu təəccüb doğurur. Bu fakültələrdə gənclərin ali təhsil adı ilə illərini oğurlamaq bağışlanmaz günah, bəlkə də, cinayətdir

Yeganə BAYRAMOVA,

Mübariz ABDULLAYEV

Birləşmiş Millətlər Təşkilatı XXI əsri təhsil əsri adlandırıb. Bu, indiki dövrdə təhsilin prioritetliyinin daha da artması ilə bağlıdır. Bəşəriyyət elə bir mərhələyə gəlib çatıb ki, təhsildə bir addım öndə olmaq tələb olunur. Əks halda bütün digər sahələrdə sürətli deqradasiya müşahidə edilə bilər.

Tələbə sayının artırılması yaxşıdır, amma...

Respublikamızda təhsil sahəsində real vəziyyəti müxtəlif aspektlərdən dəyərləndimək mümkündür. Bununla bağlı müzakirə predmeti kifayət qədər çoxdur. Biz elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan Karyera İnkişaf Forumunda səsləndirdiyi faktlar üzərində dayanmaq istərdik. Nazir vurğulayıb ki, təhsil sahəsində məzun olub işə qəbul olma faizi 50 faizdən bir az yuxarıdır. Perspektiv barədə danışan E.Əmrullayev bildirib ki, 10 il öncə ali məktəbə qəbul olanların sayı 20-30 min idisə, bu il 50 minə çatıb. Növbəti 4 ildə isə bu rəqəmin 60 minə çatdırılması planlaşdırılır. Nazir əlavə edib ki, tələbənin hansı bacarıqlara sahib olması önəmli faktordur. “60 min insan ali təhsil müəssisəsinə gələndə hansı bacarıqlara sahib olur, öncə bu bilinməlidir. Peşəkar kadr hazırlamaq zaman tələb edir. Bunu 6 aya etmək mümkün deyil. 6 ay hansısa bacarığı olan, məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq mümkündür”.

Tələbə sayının artırılması yaxşıdır. Ancaq düşünmək lazımdır: Tələbə sayının artırılmasından cəmiyyətimiz, dövlətimiz üçün hansı  dividendlər gözlənilir? Ümumiyyətlə, bunun bir faydası olacaqmı? Bu gün məzunların 50 faizinin iş tapa bilmədiyi ən yüksək səviyyədə etiraf olunur. Tələbə sayının artırması ilə gələcəkdə diplomlu işsizlər ordusunun sıraları daha da genişlənməyəcək ki? Suallar çoxdur.

Məzun niyə iş tapa bilmir?

Zənnimizcə, ən əsas sual belədir: Ömrünün, bəlkə də, ən yaxşı və xoşbəxt illərini ali məktəblərin divarları arasında keçirən tələbələr məzun olarkən nə üçün iş tapa bilmirlər? Tənqidçi, inkaredici auditoriyanın suala cavabını belə təsəvvür etmək mümkündür: İş yerləri, istehsalatlar azdır, əmək bazarına çıxış məhduddur və s. Ancaq təqdim olunan vakansiyalar bunun tamam əksini deyir. Biz müşahidə edirik ki, respublikamızda bir sıra ixtisaslar üzrə təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Yəni əlində diplom olan kadrların sayı çoxdur, müvafiq iş yerlərinin sayı isə məhduddur. Paralel şəkildə digər sahələrdə təklifin tələbdən geri qaldığını görürük. Belə ki, bəzi ixtisaslar üzrə mütəxəssis tapmaq müşkülə çevrilir.

Əmək bazarında təkliflə tələb arasında yaşanan kəskin disbalansın kökünü ilk növbədə ixtisas seçimində axtarmaq lazımdır. Təəssüf ki, Azərbaycan ailələrində hələ də “övladın nəyin bahasına olursa-olsun, diplom almasını təmin etmək” stereotipi tam aradan qalxmayıb. Gənclərin diplomla təmin olunmasını düşünməkdən daha çox onların ixtisas seçimlərinin qayğısına qalmaq lazımdır. Təhsil illəri tez ötüb keçir, vakansiyalara uyğun gəlməyən diplomlar isə ömürlük göz dağına çevrilir.

İkinci mühüm məsələ keyfiyyətlə bağlıdır. Ali məktəbin auditoriyasına daxil olmaqla əsas vəzifənin yerinə yetirildiyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Əsas məsələ özünü  seçdiyin ixtisas üzrə rəqabətədavamlı kadr kimi hazırlamaqdır ki, bunun da yolu keyfiyyətli təhsil almaqdan keçir. Artıq gənclərin bir vaxtlar olduğu kimi, “tapş”la və yaxud diplom naminə təhsil almaq dövrü keçmişdə qalıb. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində belə bir fikri xüsusi olaraq vurğulayıb ki, bilik, savad gənclərin yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən əsas şərtdir.

Əmək bazarında sürətli transformasiya prosesləri gedir, bir sıra peşələr sıradan çıxır, yenilərinə tələbat yaranır. Əgər ali məktəbi bitirən gənclərin mükəmməl savadları, transformasiya bacarıqları yoxdursa, onlar heç bir şirkətin qapısını aça bilməyəcəklər və əli diplomlu işsizlər ordusunda yer alacaqlar.

Yeni qlobal çağırışlar

Hazırda bütün dünyada məhz texnologiyalarla bağlı olan dördüncü sənaye inqilabı dövrü yaşanır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bildirldiyi kimi, dünya ölkələrinin iqtisadiyyatlarında sürətli rəqəmsallaşma meyilləri və bu əsasda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Dünyada rəqəmsal texnologiyaya keçid prosesi getdikcə daha dönməz  xarakter alır. Hesablamalara görə, qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi 2025-ci ilə qədər dünyada ÜDM istehsalında 3-6 trilyon ABŞ dolları həcmində artıma səbəb olacaq. Sahənin cəlbediciliyi həm də onun yüksək gəlirliliyi ilə bağlıdır. Nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrinə görə, İKT infrastrukturuna qoyulan  1 ABŞ dollar həcmində investisiya  üç dəfədən çox gəlir gətirə bilər. Hətta ehtimal olunur ki, 2025-ci ildən sonrakı dövrdə bu rəqəm beş ABŞ dollarına çatacaq.

Dünyada davamlı texnoloji inkişaf qlobal dəyər zəncirini sürətlə genişləndirir və onun coğrafiyasını böyüdür. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün iqtisadi siyasətini yeni qlobal meyillərə uyğun qurur. Buradan hasil olan qənaət ondan ibarətdir ki, milli təhsil sistemində də fəaliyyət yeni texnoloji tələblərə və çağırışlara uyğun qurulmalıdır. Ali məktəblərimizdə müasir qlobal çağırışlara adekvat bacarıqlar nümayiş etdirməyə qadir olan kadrlar hazırlanmalıdır. “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioriteti Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində beş mühüm prioritetdən biri kimi müəyyənləşdirilib. Eyni zamanda Prezident İlham Əliyev müasir dövrün çağırışlarını gənclərə bir daha xatırladaraq vurğulayıb: “Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə yiyələnsinlər”.

Bəs ali təhsil müəssisələrimizin strukturu və fəaliyyəti qarşıya qoyulan bu mühüm hədəfə uyğundurmu? Suala müsbət cavab vermək mümkün deyil. Ailələrimizdə olduğu kimi, institutlarımızda və universitetlərimizdə də ixtisas seçimində zamanın çağırışlarından, dövlətin müəyyənləşdirdiyi prioritetlərdən geridə qalırıq. Etiraf etməliyik ki, bugünkü təhsilimizin praktika ilə əlaqəsi çox zəifdir. Düzdür, pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr ümumtəhsil məktəblərində təcrübələrə cəlb olunurlar. İqtisadiyyat, idarəetmə üzrə təhsil alan tələbələrin isə praktiki vərdişləri çox az olur və yaxud heç olmur.

Ali məktəblərimiz məzun konveyeri olmamalıdırlar. Bundan ötrü ilk növbədə əmək bazarı mütəmadi qaydada araşdırılmalı, təhsil daha perspektivli sahələrə istiqamətləndirilməlidir. Hazırda  ali təhsil müəssisələrində bir sıra ixtisaslar üzrə lüzumsuz fakültələrin mövcudluğu təəccüb doğurur. Bu fakültələrdə gənclərin ali təhsil adı ilə illərini oğurlamaq bağışlanmaz günah, bəlkə də, cinayətdir. Bir sıra hallarda ali məktəblərimiz yararsız fakültələri sırf qazanc naminə saxlamağa çalışırlar. Belə yanaşma qəbuledilməzdir. Ali məktəblərimiz əmək bazarına doğru addım atmalı, daha çox tələbat duyulan müasir ixtisaslar üzrə kadrlar hazırlamalıdırlar. Bundan ötrü ali məktəblərin özləri də, orada çalışan kadrlar da zamanın sürətli transformasiyaları ilə ayaqlaşmağı bacarmaıdırlar.

Peşə təhsili vacib istiqamətlərdən biri kimi

İndi reallıqlardan biri də odur ki,  peşə təhsili vacib istiqamətlərdən birinə çevrilib. Yaxşı haldır ki, son illərdə ölkəmizdə də peşə təhsilinə diqqət artıb. Dövlətin təşviq və dəstək tədbirlərinin nəticəsi olaraq gənclər arasında perspektivi olmayan diplom əldə etməkdənsə, müxtəlif peşələrə yiyələnməyə can atanların sayı çoxalır. Respublikamızda 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 23 784 müraciət daxil olub, 16 590 nəfər tələbə adını qazanıb. Əvvəlki tədris ili ilə müqayisədə qəbul olanların sayı 12 faiz artıb. Bu sahədə bir ilkə də imza atılıb. Belə ki, ilk və texniki peşə təhsil səviyyələri ilə yanaşı, 4 regionda fəaliyyət göstərən 6 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisə başlanılıb. Artıq yüksək texniki peşə təhsili səviyyəsində 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Hələlik bu sahədə tələbə adını qazananların sayı cəmi 820 nəfərdir.

Həmçinin məktəblərdə “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi üzrə növbəti 45 yeni sinif açılıb. Bununla da siniflərin sayı 80 məktəbdə 124-ə, şagird sayı isə 2200-ə çatdırılıb. Eləcə də cari tədris ilindən bütün məktəblərdə “STEAM” modulunun tətbiqi, 35 məktəbdə “Sürücülük” modulu və 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilib.

Peşə təhsili üzrə beynəlxalq əməkdaşlığa başlanılması da təqdirəlayiq haldır. 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyənin təcrübəsinin öyrənilməsini özündə ehtiva edir. Qeyd edək ki, indiyədək Türkiyənin Bursa şəhərində yerləşən 3 peşə təhsil müəssisəsi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Peşə Liseyi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

İctimaiyyətdən gələn təkliflər

Dekabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri, mövcud resurslardan düzgün istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib. Eyni zamanda əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsi ilə bağlı inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.

Məlum görüş zamanı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov qeyd edib ki, ali təhsil sistemində yaxın perspektivdə bir çox dəyişiklik olmalıdır: “Hesab edirəm ki, ali təhsil sektorunda kifayət qədər dəyişiklik olacaq. Bu gün tələbələr müasir, yeni peşə və ixtisaslara yiyələnməkdə, ixtisaslaşmaqda, özünü təkmilləşdirmədə çətinlik çəkirlər. 40 mindən çox peşə və ixtisasın mövcudluğuna baxmayaraq, müasir peşə və ixtisasların akademik səviyyədə təbliğ olunmasına ehtiyac var. İnsan kapitalının inkişafı ölkəmiz üçün aktuallıq kəsb edir.

Universitetlər yeni peşələri proqnozlaşdırmalıdırlar. Bu gün dünya universitetləri də bu barədə düşünürlər. Yeri gəlmişkən, fikrimcə, tədris müddətinin azaldılmasına ehtiyac var. Ənənəvi universitet modeli zamanla dəyişəcək. Proqramın yenilənməsi kifayət deyil, eyni zamanda proqramı tədris edən kadrların da yeni tələblərə cavab verməsi mütləqdir. Universitetlər ciddi sınaqdan keçəcək. Universitetlərimiz qlobal səviyyədə rəqabətdən geri qalmamaq üçün ciddi çalışmalıdırlar. Yeni nəsil müəllimlərin cəlbinə diqqət yetirmək lazımdır. Ali təhsil müəssisələri beynəlxalq əməkdaşlığı elə qurmalıdırlar ki, həm yeniliklərə hazırlıqlı olsunlar, həm də akademik münasibətlər yüksək səviyyədə qurulsun”.

Professor, filologiya elmləri doktoru Firudin Cəlilov da fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Ali təhsil müəssisələrindəki problemlərin hələ də çox olduğunu bildirən F.Cəlilov vurğulayıb: “21-ci əsr bütövlükdə texnologiyanın inkişafı üzərində gedəcək. Ona görə də ali təhsil müəssisələrində yeni fənlərin tədrisinə ehtiyac var ki, gənclərin müasir çağırışlara uyğun yetişmələrinə şərait yaransın. Bəzi fənlərin ixtisara salınmasına, yeni fənlərin tədris olunmasına gəlincə, bu, artıq mütəxəssislərin işidir. Ölkəmizdə hansı peşələrə və ixtisaslara daha çox təlabatın olduğunu nəzərə alaraq, qəbul imtahanlarında həmin istiqamətlərə uyğun fənlərə geniş yer vermək lazımdır. Bir zamanlar hər kəs hüquq fakütləsində təhsil almağa can atırdı. Ancaq həmin fakültəni bitirənlərin yalnız 10 faizi iş tapa bilirdi. Yerdə qalan 90 faiz başqa peşələr üzrə çalışırdı. Təhsil aldığı ixtisas üzrə iş yeri tapa bilməyən gənclər çətinliklərlə üzləşirlər. Bütün bu kimi məsələlər ciddi şəkildə araşdırılmalı və daha çox tələbat duyulan ixtisaslar üzrə təhsili təşviq edilməlidir. Təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasını təmin etmək üçün Elm və Təhsil Nazirliyi ilə ali məktəblərin və ictimaiyyətin təmasları artırılmalıdır”.

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31