Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dərman qıtlığı…

Dərman qıtlığı…

08.07.2023 [16:59]

Qanuna dəyişiklik nə vəd edir?

Y.BAYRAMOVA

Son zamanlar ölkəmizdə bəzi dərman preparatlarının çatışmazlığı müşahidə olunur. Dərmanlarla bağlı aktual olan və vətəndaşları maraqlandıran digər məsələ eyni adlı preparatın fərqli qiymətə satılmasıdır. Məlumdur ki, Azərbaycanda dərmanlar cüzi miqdarda istehsal edilir. Preparatların böyük əksəriyyətini digər dövlətlərdən alırıq. Ölkəmizə dərman idxalı ən çox Rusiya, Ukrayna və Avropa ölkələrindən olur.

Hazırda ölkəmizdə dərman qıtlığının əsas səbəbi Rusiya ilə Ukrayna arasında olan münaqişədir. Bu səbəbdən Azərbaycana daxil olan dərmanlarda gecikmə və problemlər müşahidə olunur.

Dərman qıtlığının bir çox səbəbi var

Sözügedən məsələ ilə bağlı iyulun 5-də Milli Məclisin iclasında müzakirələr aparılıb. İclasda səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, dərman vasitələrinin ölkəmizdə qıtlığının bir çox səbəbləri var. O, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, burada səbəblərin əsas ikisi mühüm əhəmiyyət kəsb edir: “Bunlardan birincisi beynəlxalq bazarlarda baş verən qeyri-stabillikdir. Rusiya-Ukrayna arasında olan hərbi əməliyyatlar, enerji daşıyıcılarının bahalaşması və s. bütün sahələrdə olduğu kimi dərman vasitələrinin istehsalına da mənfi təsirini göstərir. Bəzi hallarda istehsalçılar öz öhdəliklərini yerinə yetirməkdən imtina edir və ya gecikdirirlər. Son zamanlar dünya bazarında olan stabilləşmə bizə imkan verir ki, yerli idxalçılar etibarlı təchizat zəncirini təmin etsinlər. İkinci əsas məsələ hazırda qüvvədə olan qanunvericiliyin günün tələblərinə cavab verməməsidir. Hesab edirik ki, qanuna düzəlişlər qəbul olunarsa, qeydiyyat prosesi sadələşəcək və sürətlənəcək”.

Dərman bazarının nisbi liberallaşdırılması

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsini mühüm təşəbbüs kimi qiymətləndirib. Deputatın sözlərinə görə, bəzi dərman preparatlarının tapılmaması, bəzilərinin qiymətinin vətəndaşları qane etməməsi danılmaz faktdır: “Bu faktın aradan qaldırılması üçün həm Parlamentin Səhiyyə Komitəsinin üzvləri, həm də müvafiq ictimaiyyət nümayəndələri tərəfindən məsələ qaldırılıb, Səhiyyə Nazirliyi məsələyə diqqətlə və operativ yanaşıb. Bir neçə dəfə həm ümumi yığıncaqlarda, həm də fərdi söhbətlərdə bu istiqamətdə təşəbbüsün səhiyyə sturuktuları tərəfindən ələ alınması istiqamətində addımlar atılıb. Hətta sonuncu büdcə müzakirələrində Baş nazir də Səhiyyə Komitəsindən və digər qurumlardan müvafiq təklifləri gözlədiyini açıqlamışdı. Bunun da nəticəsində “Dərman vasitələri haqqında” qanuna mühüm dəyişikliklər təklif edilib.

Dəyişikliklərdə əsas müddəa dərman bazarının nisbi liberallaşdırılması, qiymətlərin yuxarı olmaması üçün Tarif Şurası tərəfindən üst həddin müəyyənləşdirilməsidir. Həmin həddən aşağı olan qiymətlər isə sərbəst şəkildə bazarda rəqabət hesabına təyin oluna bilər. Məqsəd budur ki, o rəqabət hesabında dərman preparatlarının həm bolluğu yaransın, həm də qiymət yuxarı həddi keçə bilməsin. Bu, qanunda çox önəmli dəyişiklikdir”.

Sadələşdirilmiş qeydiyyat proseduru…

Deputat qeyd edib ki, qanuna təklif edilən ikinci dəyişiklik dərmanların qeydiyyatının asanlaşdırılması, inkişaf etmiş ölkələrdə təsdiq olunmuş preparatların qeydiyyatı prosedurlarının sadələşdirilməsi, eyni adda və müxtəlif buraxılış formasında olan dərmanların isə qeydiyyata ehtiyacının olmamasıdır: “Bütün bunlar ölkəmizdə dərmanların çevik şəkildə təminatını artıra bilər. Çünki ölkə ərazisi dərman preparatları ilə təmin olunur və müəyyən müddət keçəndən sonra qeydiyyat prosesində ləngimə baş verdiyi üçün qıtlığa səbəb olur. Ona görə də qanuna təklif edilən dəyişiklikdə nəzərdə tutulub ki, qeydiyyat proseduru rahatlaşdırılsın”. 

Elektron resept sistemi

Millət vəkili qeyd edib ki, neqativ hallardan biri həkimlərlə müəyyən dərman firmaları arasında qeyri-sağlam əlaqələrin qurulmasıdır: “Bu istiqamətdə monipulyasiyaların aradan qaldırılması üçün elektron resept sistemi və əczaçılıq apteklərinə müvafiq nəzarət mexanizmlərinin qurulması da qanuna dəyişikliyin ən vacib hissələrindən biridir”.

Yerli istehsal stimullaşdırılmalıdır

M.Məmmədlinin qənaətincə, həm dərman qıtlığının aradan qaldırılması, həm də qiymətlərin stabil qalması üçün ölkədə dərman istehsalı stimullaşdırılmalıdır: “Bunun üçün də qanuna təklif edilən dəyişiklikdə lazım olan prosedur qaydaları yüngülləşdirilib. Ümumiyyətlə, “Dərman vasitələri haqqında” qanuna dəyişiklik mütərəqqi addımdır. Qanunun tətbiqində ciddi nöqsanlara yol verilməzsə, 5-6 ay sonra ölkənin dərman bazarındakı durum həm vətəndaşların rahatlaşmasına, həm də qiymətlərin stabilləşməsinə səbəb olacaq”.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31