Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Enerji siyasəti və strateji inkişaf hədəfləri

Enerji siyasəti və strateji inkişaf hədəfləri

04.06.2026 [10:49]

Elşən Alıyev

​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Müasir Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıq imkanlarının formalaşmasında enerji siyasəti xüsusi yer tutur. İyunun 1-də “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqləyir ki, son otuz ildə həyata keçirilən uzaqgörən enerji strategiyası təkcə iqtisadi inkişafın deyil, həm də siyasi müstəqilliyin, hərbi qüdrətin və beynəlxalq mövqelərin möhkəmlənməsinin əsas komponentlərindən biri olub.

“Bakı Enerji Həftəsi” artıq dünyanın aparıcı enerji platformalarından biri kimi tanınır. Təməli vaxtilə Xəzər Neft və Qaz Sərgisi ilə qoyulan həmin beynəlxalq tədbir bu gün qlobal enerji sənayesinin ən mühüm müzakirə məkanlarından birinə çevrilib. 30 il əvvəl imzalanmış “Şahdəniz” müqaviləsi Azərbaycanın müasir qaz sənayesində yeni mərhələnin başlanğıcı olub. Məhz həmin layihə sonrakı dövrdə ölkənin enerji ixracatçısı kimi mövqeyini gücləndirib və Avrasiyanın enerji xəritəsində mühüm aktora çevirib.

Bu gün Azərbaycanın enerji siyasəti yalnız iqtisadi göstəricilərlə ölçülmür. Enerji resurslarından əldə olunan gəlirlər genişmiqyaslı sosial proqramların icrasına, müasir infrastrukturun yaradılmasına, müdafiə qabiliyyətinin gücləndirilməsinə və dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edib. Təbii sərvətlərdən düzgün istifadə edilməsi dövlətlərin inkişafında həlledici rol oynayır. Son illərdə əldə olunan uğurlar bunun əyani sübutudur. Enerji siyasətinin nəticələri ölkənin müdafiə potensialının gücləndirilməsində də özünü göstərib. Enerji layihələrindən əldə edilən gəlirlər hesabına müasir ordu quruculuğu həyata keçirilib, müdafiə imkanları genişləndirilib və nəticədə torpaqlarımızın işğaldan azad olunması təmin edilib. Bu baxımdan enerji strategiyası ilə milli təhlükəsizlik siyasəti arasında sıx əlaqə mövcuddur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq: “Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”.

Hazırda qlobal gündəmdə xüsusi yer tutan enerji təhlükəsizliyi məsələsində Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Yaxın Şərqdə baş verən geosiyasi proseslərin enerji bazarlarına təsir göstərdiyi bir dövrdə Azərbaycanın sabit və etibarlı təchizatçı rolu daha da aktuallaşıb. Bu mövqenin formalaşmasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP kimi nəhəng layihələrin müstəsna əhəmiyyəti var.

Uzunluğu 3500 kilometrdən artıq olan Cənub Qaz Dəhlizi bu gün Avrasiyanın ən mühüm enerji marşrutlarından biridir. Bu layihə Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirərək enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Məhz buna görə də Azərbaycanın enerji siyasəti beynəlxalq enerji təhlükəsizliyinin vacib komponentlərindən biri kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı mühüm məqamlardan biri də qaz ixracının coğrafiyasının genişlənməsi ilə bağlı olub. Ötən il Azərbaycan qazını 12 ölkə alırdısa, hazırda bu rəqəm 16-ya çatıb. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun davamlı şəkildə artdığını nümayiş etdirir. Yeni qaz yataqlarının işlənilməsi də gələcək perspektivlər baxımından xüsusi əhəmiyyət daşıyır. “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, “Abşeron” yatağı və digər perspektivli sahələr ölkənin qaz ehtiyatlarının daha səmərəli istifadəsinə imkan yaradacaq. Bu amillər həm ixrac imkanlarının genişlənməsinə, həm də beynəlxalq bazarlarda mövqelərin daha da güclənməsinə xidmət edəcəkdir.

Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan artıq yalnız xarici investisiyaları qəbul edən deyil, eyni zamanda beynəlxalq sərmayə qoyuluşları həyata keçirən dövlətə çevrilib. SOCAR-ın Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionlarında həyata keçirdiyi layihələr enerji sektorunda əldə olunan uğurların beynəlxalq miqyasda yeni mərhələyə keçdiyini nümayiş etdirir. Bununla yanaşı, ölkədə yaşıl enerji sahəsində də mühüm addımlar atılır. Mövcud qaz ehtiyatları uzun illər ərzində daxili və xarici tələbatı ödəməyə kifayət etsə də, qlobal çağırışlar və ekoloji məsuliyyət bərpaolunan enerji mənbələrinə investisiyaların artırılmasını zəruri edir. Bu istiqamətdə həyata keçirilən layihələr artıq real nəticələr verməyə başlayıb. Hazırda günəş və külək enerjisi sahəsində iri layihələr icra edilir. Gələn ilin sonuna qədər bərpaolunan enerji üzrə ümumi gücün 2 giqavata çatdırılması, 2032-ci ilin sonunadək isə 8 giqavat səviyyəsinə yüksəldilməsi nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilmiş hidroenerji stansiyaları da bu strategiyanın mühüm tərkib hissəsidir. Artıq həmin ərazilərdə 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib.

Enerji siyasətinin mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika marşrutlarının inkişafıdır. Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir və gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun nəqliyyat imkanlarını daha da genişləndirəcək. Bu marşrutlar yalnız yük daşımalarını deyil, həm də regional əməkdaşlığı və iqtisadi inteqrasiyanı gücləndirəcəkdir.

Bütün bu nailiyyətlərin əsasında isə uğurlu diplomatiya dayanır. Dənizə birbaşa çıxışı olmayan bir dövlət kimi enerji resurslarının dünya bazarlarına çatdırılması yalnız geniş beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq siyasəti nəticəsində mümkün olub. Azərbaycanın qonşu və tərəfdaş dövlətlərlə qurduğu etibarlı münasibətlər enerji layihələrinin uğurla reallaşdırılmasını təmin edib.

Enerji sahəsində həyata keçirilən ardıcıl siyasət ölkənin iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq nüfuzunu da möhkəmləndirir. Azərbaycan bu gün həm ənənəvi enerji resursları, həm də yaşıl enerji sahəsində qlobal tərəfdaşlıq üçün etibarlı və məsuliyyətli ölkə kimi çıxış edir. Qarşıdakı illərdə yeni layihələrin reallaşdırılması, enerji marşrutlarının genişlənməsi və bərpaolunan enerji potensialının artırılması isə bu mövqeyi daha da gücləndirəcəkdir.

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30