Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə uzanan yol

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə uzanan yol

25.08.2026 [13:35]

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sürətli inkişaf dinamikası ilə seçilən və strateji məzmun qazanan dövlətlərarası əlaqələr sırasında xüsusi yer tutur. Bu münasibətlərin əsasını yalnız siyasi maraqlar deyil, ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qardaşlıq bağları təşkil edir.

Prezident İlham Əliyevin 2026-cı il avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində də məhz bu məqam xüsusi vurğulanıb. Dövlət başçısı Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Prezident İlham Əliyev bu prosesdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə aralarında formalaşmış dostluq, qarşılıqlı hörmət və etimadın xüsusi rol oynadığını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında gündən-günə dərinləşən müttəfiqlik münasibətlərinin hərtərəfli mənzərəsini nümayiş etdirir. Azərbaycan və Özbəkistan əlaqələri yalnız dövlətlərarası rəsmi münasibətlər müstəvisində deyil, əsrlər boyu formalaşmış ortak tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqların nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbət təməli üzərində ucalır. Son illərdə bu möhkəm bünövrə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək pilləyə—müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatmasında hər iki ölkə rəhbərinin — Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi dostluğu, qarşılıqlı etimadı və strateji baxışı həlledici rol oynayır. Son 5 ildə həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər siyasi dialoqun nə dərəcədə yüksək dinamikaya malik olduğunu əyani şəkildə göstərir.

2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil dövlət arasında təbii müttəfiqliyi rəsmən möhkəmləndirmişdir. 2023-cü ilin avqustunda təsis edilən Ali Dövlətlərarası Şura isə bu strateji tərəfdaşlığın dərinləşdirilməsində mühüm institusional mexanizmə çevrilərək uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyən etməyə imkan verir.

İkitərəfli siyasi iradə iqtisadi-ticari göstəricilərdə də öz əksini sıçrayışlı artımla tapmaqdadır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3 dəfədən çox artaraq 795 milyon ABŞ dolları təşkil etmişdir. 500 milyon dollar ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və 15 iclası keçirilmiş Hökumətlərarası Komissiya birgə layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır. Sənaye əməkdaşlığı çərçivəsində Azərbaycanda 10 720 ədəd "Chevrolet" avtomobili və 275 ədəd "Isuzu" avtobusu istehsal olunmuş, "PASHA Holding" tərəfindən Daşkənddə inşa edilən "The Ritz-Carlton" hoteli və Daşkənd vilayətindəki "Sea Breeze Uzbekistan" turizm kompleksi kimi iri layihələr həyata keçirilmişdir.

Enerji və logistika sektorlarında əməkdaşlıq da böyük perspektivlər vəd edir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə təsis etdiyi "Yaşıl Dəhliz Birliyi" MMC Mərkəzi Asiya-Azərbaycan bərpaolunan enerjisinin Xəzər dənizinin dibi ilə Avropaya nəqlini əlaqələndirir. Bununla yanaşı, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz ilə inteqrasiyası regional tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Mədəni-humanitar və regionlararası əlaqələr də sarsılmaz qardaşlığın mühüm tərkib hissəsidir. Özbəkistanın təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu dostluğun bariz nümunəsidir. İki ölkə arasında regional əməkdaşlıq da sürətlə inkişaf edir; Bakı-Daşkənd, Şuşa-Xivə və Lənkəran-Buxara kimi şəhərlərlə yanaşı, Quba və Cizak şəhərləri arasında qurulmuş tərəfdaşlıq münasibətləri xüsusi önəm kəsb edir. 2024-cü ildən etibarən daha da möhkəmlənən Quba-Cizak əlaqələri regional səviyyədə mədəni və iqtisadi mübadiləni təşviq edərək xalqlarımız arasındakı etimad və dostluğu daha da dərinləşdirir.

Çoxşaxəli bu əməkdaşlıq Beynəlxalq platformalarda da özünü göstərir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birlik güclənir, 2025-ci ilin noyabrında Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv seçilməsi ilə ənənəvi "C5" formatı faktiki olaraq "C6" formatına çevrilmişdir.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi bir daha sübut edir ki, Azərbaycan-Özbəkistan münasibətləri qarşılıqlı hörmət, ortaq tarix və strateji maraqlar üzərində qurulmuş sarsılmaz müttəfiqlik modelidir. Bu əməkdaşlıq həm xalqlarımızın rifahına, həm də Avrasiya məkanında sülhün və sabitliyin bərqərar olmasına böyük töhfələr verməkdədir.

Fidan Hüseynova,

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31