Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / AQEM Zirvəsi və Azərbaycanın liderlik missiyası

AQEM Zirvəsi və Azərbaycanın liderlik missiyası

16.10.2026 [13:19]

Hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri onun yürütdüyü müstəqil siyasət, ədalət prinsiplərinə sadiqlik və tarixi sınaqlardan alnıaçıq çıxmaq bacarığı ilə ölçülür. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü məhz bu qlobal tərəfdaşlığın və tarazlaşdırılmış siyasətin növbəti təntənəsi oldu – oktyabrın 15-də paytaxt Bakı növbəti dəfə qlobal siyasətin döyünən ürəyinə çevrildi, Zirvə Görüşü Azərbaycanın beynəlxalq arenadakı yüksək nüfuzunun və diplomatik gücünün daha bir bariz nümunəsinə çevrildi.

AQEM-in növbəti Zirvə Görüşünün təşkili və keçirilməsində göstərilən nümunəvi peşəkarlıqla Azərbaycan özünün coğrafi mövqeyindən maksimum uğurla istifadə edərək regionumuzda sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin əsas təminatçısı olduğunu yüksək səviyyədə nümayiş etdirdi. Üzv dövlətlərin yekdil qərarı ilə ölkəmizin AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılması Azərbaycana olan yekdil etimadın birbaşa göstəricisidir. Dövlətimizin başçısı bu barədə danışarkən qeyd etdi: “Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır... Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik”.

Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həm ölkəmizin regionda oynadığı birləşdirici rola toxundu, həm də beynəlxalq sistemin ən ağrılı yarası olan ikili standartları cəsarətli faktlarla ifşa etdi. Prezident İlham Əliyevin çıxışının ən kəsərli və analitik hissəsi beynəlxalq təşkilatların uzun illər boyu nümayiş etdirdiyi laqeydlik və Ermənistanın təcavüzkar siyasətinə göz yumulması ilə bağlı idi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 30 il boyunca icra olunmaması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin isə sadəcə bir imitasiya teatrı olması dövlət başçısı tərəfindən sərt şəkildə tənqid edildi. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” və bu kimi işğalçı siyasətin ifadəsi olan digər həyasız bəyanatlarına Avropa Parlamenti və Avropa Şurası kimi qurumların qərəzli mövqeyin ifadəsi kimi susması, əslində təcavüzkarı dəstəkləmək siyasətinin təzahürü idi və onu daha da həvəsləndirirdi. Ali Baş Komandan haqlı olaraq beynəlxalq icmanın bu ikiüzlü siyasətinin səbəb olduğu vəziyyəti belə izah etdi: “Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarı cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı”.

2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, ölkəmiz həm də beynəlxalq ədaləti özü təkbaşına təmin etdi. Bir zamanlar Bakını tanklarla işğal edəcəkləri ilə hədələyən separatçı liderlərin, uşaq qatillərinin bu gün Azərbaycan ədaləti qarşısında cavab verməsi tarixi qisasın reallığıdır. Prezident bu mənzərəni olduqca təsirli və yaddaqalan ifadələrlə diqqətə çatdırdı: “Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur”.

Azərbaycan Prezidentinin çıxşında da vurğuladığı kimi, Ermənistan və havadarları belə düşünürdülər ki, vaxt ötdükcə xalqımız münaqişənin öz xeyrinə həllindən ümidini kəsəcək, işğalla barışacaq və beləliklə, düşmənin işğal faktını leqallaşdırması ilə razılaşacaq. Lakin bir şey unudulurdu ki, qatil ermənilərdən fərqli olaraq xalqımız özünün bütün hərbi-siyasi tarixi ərzində döyüşçü xalq kimi tarixdə iz buraxıb, öz əməlləri qarşısında kənar dəstəyə arxayın olan qorxaq və qaniçən xislətli qatillərdən fərqli olaraq əsl döyüşçülər şir ürəkli, ədalətli və real sülhə meyilli olurlar. Məhz buna görə Azərbaycanın öz suverenliyinini beynəlxalq hüquqa və ədalətə istinad etməklə güc yolu ilə bərpa etdi. Düşmən və onu hərtərəfli himayə edən güclərin “…hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

Azərbaycan xalqı hər zaman öz milli-mənəvi dəyərləri, qüruru və ədaləti ilə seçilib. Bu baxımdan, məhz tarixən formalaşmış bu müsbət milli xüsusiyyətlərinə görə müharibədə böyük zəfər qazanan rəşadətli ordumuz heç vaxt mülki insanlardan qisas almadı, barbarların və uşaq qatillərinin səviyyəsinə enmədi. Dövlətimiz qalib tərəf olmasına baxmayaraq regionda davamlı sabitliyin təmin olunması üçün biabırçı məğlubiyyətə düçar etdiyi qansız düşmənə sülh əlini uzatdı. Prezident İlham Əliyev çıxışının sonunda bəşəriyyətə və region dövlətlərinə önəmli bir ismarış göndərdi: “Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik... Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.

Dövlət başçımız Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına, bu müddətdə BMT başda olmaqla beynəlxalq təşkilatların, bədnam Minsk qrupunun həmsədri olan və digər iri dövlətlərin ədalətsiz mövqeyinə yenidən öz çıxışında geniş yer verməklə, əslində bu gün dünyada sayı getdikcə artan silahlı münaqişələrin, qanlı hadisələrin səbəb-nəticə əlaqələrini aydın şəkildə və birbaşa göstərdi: “Mən bu məsələ üzərində ətraflı dayandım, çünki bu, qlobal əhəmiyyət daşıyır. BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.

Prezident İlham Əliyevin AQEM-in Bakı Zirvə Görüşündəki açıq, ünvanlı və qətiyyətli çıxışı bir daha göstərdi ki, beynəlxalq hüququn icra mexanizmləri iflic olduqda, güclü dövlət və qətiyyətli lider faktoru həlledici rol oynayır. Azərbaycan bu gün təkcə öz torpaqlarını dirçəltmir, həm də sədrlik etdiyi platformaları institusional olaraq gücləndirərək bütöv Avrasiya məkanında etimad və dialoq mühiti formalaşdırır.

Bununla belə, Azərbaycanın AQEM platformasındakı missiyası təkcə siyasi dialoqla məhdudlaşmır, həm də bütöv Avrasiya məkanını iqtisadi baxımdan birləşdirən geostrateji təşəbbüslərlə zəngindir. Müşavirə çərçivəsində konkret sahədə əməkdaşlığın daha effektiv təşkil edilməsi məqsədilə ayrı-ayrı əməkdaşlıq sahələri üzrə əlaqələndirici və həməlaqələndirici dövlətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad quruculuq fəaliyyətinin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir.

2024-ci il dekabrın 17-dən AQEM-ə Sədrlik edən ölkəmizin ötən iki il ərzində öz təşəbbüsü olan “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında müəyyən edilmiş strateji prioritet istiqamətlər üzrə konkret nəticələr əldə edilib. Başqa sözlə, Azərbaycanın sədrlik prioritetləri çərçivəsində Müşavirə çərçivəsində nəqliyyat, rəqəmsal bağlantılar, yaşıl enerji, turizm və elm sahələrində fəal əməkdaşlıq mexanizmləri qurulub.

Müxtəlif sahələrdə etimad quruculuq tədbirlərinə əlavə olaraq AQEM çərçivəsində mövcud ixtisaslaşmış qurumlardan (Gənclər Şurası, kiçik və orta sahibkarlığın inkişafı sahəsində  Biznes Şurası, tədqiqat-araşdırma əməkdaşlığı üzrə Beyin Mərkəzləri Forumu, Müdriklər Şurası) başqa, Azərbaycanın sədrliyi dövründə 2025-ci ildə Müşavirənin Qadınlar Şurası və Maliyyə Şurasının əsası qoyulub. 2026-cı il aprelin 14-də Bakıda AQEM Qadınlar Şurasının ilk görüşü və “Dayanıqlı inkişaf naminə AQEM məkanında qadınlarının səsinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın, sentyabrın 9-da Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası uğurla keçirilib.

Təşkilatın ən fəal üzvlərindən olan Azərbaycanda təkcə 2025-ci ildə AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına 44 tədbir daxil edilmişdi ki, bunun da təxminən 20-si Azərbaycan tərəfindən təklif olunan AQEM-in 5 əsas iş istiqamətini (iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü) əhatə edirdi. AQEM yanında Biznes Şurası İdarə Heyətinin Azərbaycanın sədrliyi ilə keçirilən ilk iclası da həmin tədbirlərdən biri olmuşdur. Ölkəmizin təşəbbüsü ilə hazırda biznes-dialoqun gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın təşviqi və sahibkarlığın dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslər planlaşdırılır. Bunlar investisiyalar, rəqəmsal transformasiya, ixrac potensialı və KOB-ların davamlığı mövzularında vebinarların təşkili, biznesin inkişafında ən yaxşı təcrübələrin mübadiləsi üçün AQEM-ə üzv dövlətlər ilə müntəzəm işgüzar müzakirələrin aparılması və s. ibarətdir.

Bakı sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin onlayn formatda rəsmi açılışını etdikləri “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində iki qardaş ölkə tərəfindən reallaşdırılan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Xəttin istifadəyə verilməsi Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyətini xeyli artırır. Belə ki, yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Həmçinin, Azərbaycanla Qazaxıstan istehlakçı olmaqla yanaşı, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçüləri olurlar.

Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə verilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu AQEM-in iqtisadi çəkisini daha da artırır. Dünya Bankının qiymətləndirmələrinə əsasən, bu nəqliyyat dəhlizləri AQEM dövlətlərinin ümumi daxili məhsul (ÜDM) istehsalını 3,3 faiz artırmağa və regionda 2 milyon yeni iş yerinin açılmasına birbaşa xidmət edəcəkdir. Okeana çıxışı olmayan Mərkəzi Asiya dövlətləri üçün Azərbaycanın təqdim etdiyi logistik infrastruktur Çin ilə Avropa arasındakı illik 600 milyard dollarlıq nəhəng ticarət dövriyyəsindən birbaşa faydalanmaq imkanı yaradır. “Bakı dairəvi yaşıl turizm” və Bakıda ilk regional Maliyyə Sammitinin keçirilməsi təşəbbüsləri də siyasi nüfuzun real iqtisadi dividendlərə və regional valyuta daxilolmalarına çevrilməsi əzminin göstəricisidir.

Beləliklə, ölkəmiz həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq təşkilatlarda fəaliyyətini uğurla davam etdirir. Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində qurumun gücləndirilməsinə prioritet diqqət ayırmış; nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə AQEM bu gün institusional və hüquqi baxımdan daha güclü, coğrafi baxımından isə daha geniş və nüfuzlu təşkilata çevrilmişdir. AQEM çərçivəsində Maliyyə Sammitinin keçirilməsini, Qadınlar Şurasının, Dayanıqlı Bağlantılar Şurasının, AQEM İqlim Şurasının yaradılması hədəflərinin məhz Azərbaycanın sədrliyi dövründə və ölkəmiz tərəfindən irəli sürülməsi rəsmi Bakının Müşavirənin fəaliyyət çərçivəsinin genişləndirilməsinə və funksionallığının artırılmasına verdiyi töhfələrdir. Məhz buna görə VII Zirvə Görüşündə üzv dövlətlər tərəfindən Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifi yekdilliklə təsdiqlənmişdir. Əminik ki, qarşıdakı iki ildə də, ölkəmiz Prezident İlham Əliyevin liderliyində AQEM-in aparıcı dövlətlərindən biri kimi öz mövqeyini və beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirəcəkdir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəsləfə doktoru, dosent

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31