Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Milli İradənin və Tarixi Ədalətin Təntənəsi

Milli İradənin və Tarixi Ədalətin Təntənəsi

20.10.2026 [23:10]


20 Oktyabr-Zəngilan şəhəri günü Azərbaycanın müasir tarixində milli iradənin, ərazi bütövlüyünün bərpasının və azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq siyasətinin təcəssüm etdiyi əlamətdar tarixlərdən biridir. Bu gün Zəngilanın işğaldan azad olunması ilə qazanılmış tarixi Zəfəri, xalqımızın doğma torpaqlara qayıdış əzmini və dövlətimizin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasəti bir daha xatırladır.
Zəngilanın azad edilməsi yalnız hərbi-strateji baxımdan mühüm qələbə deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi nailiyyətlərindən biridir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədalətin bərpası uğrunda mübarizəsinin həlledici mərhələsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimizin azad edilməsinə başlanıldı. Cəbrayıl istiqamətində qazanılan uğurlar Zəngilan rayonunun azadlığına aparan yolun açılmasında mühüm rol oynadı. Oktyabrın 18-də Zəngilan istiqamətində başlanan əməliyyatlar qısa müddətdə əhəmiyyətli nəticələr verdi və 2020-ci il oktyabrın 20-də cənab Prezident xalqa müraciətində Zəngilan şəhərinin, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin işğaldan azad edildiyini elan etdi. Sonrakı döyüşlər nəticəsində rayonun dörd qəsəbəsi və 49 kəndi də azad olundu. Zəngilanın azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, peşəkarlığının, yüksək mənəvi ruhunun və müasir hərbi strategiyasının təntənəsi idi. Bu qələbə, eyni zamanda, dövlətimizin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün siyasi iradəsinin, hərbi gücünün və xalq-ordu birliyinin nümayişi oldu. Vətən müharibəsində əldə edilmiş Zəfər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün bərpası üçün həlledici mərhələ təşkil etdi. Zəngilanın azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi də bərpa edildi. Bu hadisə hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi və regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşdırılması baxımından da mühüm nəticə idi. Sərhəd boyunca müvafiq mühafizə və müdafiə infrastrukturunun qurulması Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların tərkib hissəsinə çevrildi. Zəngilanın tarixi taleyi regionun mürəkkəb siyasi və geosiyasi prosesləri ilə sıx bağlıdır.
Zəngilan şəhər məscidinin işğal dövründə dağıdılması və təhqir olunması dini-mədəni irsimizə qarşı törədilmiş vandalizmin bariz nümunələrindəndir. XIX əsrdə inşa edilmiş tarixi məscid işğal zamanı ilkin görkəminin böyük hissəsini itirmiş, ondan təyinatına uyğun olmayan şəkildə istifadə edilmişdir. Ərazilərimiz azad olunduqdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə burada bərpa və yenidənqurma işləri həyata keçirilmiş, tarixi məscidin konservasiyası ilə yanaşı, yeni məscid binası inşa olunmuşdur. 2024-cü il mayın 18-də məscidin açılışı Zəngilanın dini və mədəni həyatının dirçəldilməsi istiqamətində əhəmiyyətli hadisə olmuşdur.
Bu istiqamətdə həyata keçirilən işlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunmasına verdiyi önəmi nümayiş etdirir. Tarixi abidələrin bərpası, dini məkanların yenidən istifadəyə verilməsi və mədəni irsin gələcək nəsillərə çatdırılması dövlətin bərpa siyasətinin mühüm istiqamətlərindəndir. Bu fəaliyyət həm də beynəlxalq ictimaiyyətə mədəni irsin qorunmasının və işğalın humanitar nəticələrinin aradan qaldırılmasının vacibliyini göstərir. Zəngilanın işğalı zamanı rayon sakinləri ağır sınaqlarla üzləşdilər. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra mühasirə şəraitində qalan zəngilanlılar 67 gün ərzində müqavimət göstərdilər. 1993-cü il oktyabrın 25-dən 29-dək davam edən ağır hadisələr zamanı əhali son imkanlarınadək mübarizə apardı. Nəticədə, 235 nəfər şəhid oldu və ya itkin düşdü, sakinlər Araz çayını keçərək İran ərazisindən Azərbaycana qayıtdılar və ölkənin 43 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldular. Bu faciə minlərlə insanın həyatında dərin iz buraxdı, ailələri doğma torpaqlarından didərgin saldı və nəsillərin yaddaşında ağrılı bir tarixə çevrildi.
Zəngilanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə ərazinin bərpası, iqtisadi potensialının yenidən reallaşdırılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunmasıdır. Dövlət başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri, burada həyata keçirilən infrastruktur layihələri ilə tanış olması və yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirakı bərpa prosesinin sistemli və ardıcıl xarakter daşıdığını göstərir.
Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayından Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Hazırda Zəngilanda bir sıra logistik layihələr həyata keçirilir. Böyük strateji əhəmiyyəti olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası aparılır. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunmuş hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradıb. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan Zəngilan-Horadiz avtomobil yolunun çəkilişı başa çatıb.
2023-cü il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Belə ki, 7 gediş-gəliş xətti olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1 100 təşkil edəcək.
Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın qədim Zəngəzura yenidən qayıdışını təmin edəcəkdir.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Bu gözəl bayram Zəngilanda böyük coşqu ilə qeyd edilir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31