Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Heydər Əliyev və Azərbaycanın Milli iqtisadiyyatı

Heydər Əliyev və Azərbaycanın Milli iqtisadiyyatı

27.04.2023 [11:27]

Respublikamız 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil iqtisadi və siyasi islahatlar aparmağa başlayıb. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. 1993-cü ilin yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.

Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1993-ci illərdə atılmış sistemsiz iqtisadi addımlar maliyyə sisteminin iflic vəziyyətə düşməsinə səbəb oldu. Ölkəmizdə inflyasiya özünün pik səviyyəsinə çatdı, 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı, 1994-cü ilədək ölkə iqtisadiyyatına xarici sərmayə qoyulmadı, bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı və s. bir sıra neqativ hallar baş verdi.

“İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.”

Ümummilli lider Heydər Əliyev 22 sentyabr 1993-cü il  Azərbaycan Respublikası Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə bu fikir səsləndirmişdir.  

1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, "Əsrin müqaviləsi" imzalandı. Dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan Azərbaycan beynəlxalq iqtisadi siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrildi.

Heydər Əliyevin özünün də dediyi kimi, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar". Ümummilli Liderin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş Azərbaycanın qapılarını dünyanın üzünə açdı, yeni müqavilələr imzalandı. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da qoydu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Eyni zamanda, Azərbaycan qazının Qərb bazarına ixracının təmin olunması üçün Ulu Öndərin təşəbbüsü ilə Cənubi Qafqaz boru kəmərinin inşasına başlanıldı. Azərbaycanın enerji daşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Heydər Əliyevin neft strategiyasının ən böyük uğurlarından biridir.

"Əsrin müqaviləsi" imzalanandan sonra ölkədə aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994-2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına yönəldilmişdi. Bu investisiya axını artdıqca Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı.

Heydər Əliyevin iqtisadi strategiyasının həyata keçirilməsi sayəsində 1995-ci ildən Azərbaycanda bərpa və dinamik inkişaf dövrü başlandı. dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyuldu.

Müstəqilliyin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi, bank sistemində də liberal islahatlara başlandı. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl bank sisteminin institusional formalaşması təmin edildi. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslər nəticəsində bank sistemi genişlənməyə və özəl bankların sayı artmağa başladı.

Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu.

1996-cı ildə ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Azərbaycan MDB-də torpaq islahatlarına başlayan ilk ölkə oldu. Ulu Öndərin ciddi səyləri nəticəsində ölkəmizdə ticarət sektorunun inkişafı Azərbaycanı dünya bazarlarına çıxardı.

1995-2000-ci illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər dövlət büdcəsindən, yerli şirkətlərdən və fərdi şəxslərdən, bu dövrdə sənayenin bir çox sahələrinə - yaşayış evlərinin və kommunal xidmət müəssisələrinin tikintisinə, nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət obyektlərinin, mədəni müəssisələrin, otellərin tikintisinə 9,7 trilyon manat (2,3 milyard dollar) vəsait yönəltməyə imkan verdi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial-iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olub. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynayıb.

Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

Azərbaycanın bu gün dünyanın ən yüksək templə inkişaf edən dövlətlər sırasına daxil olmasının əsasında məhz Ulu Öndərin dövlət idarəetmə sistemində və kadr sahəsində gördüyü tədbirlər durur. Uğurlu və qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.

Abbas Pənahov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31