Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Brüssel görüşü: sülhə doğru növbəti addım

Brüssel görüşü: sülhə doğru növbəti addım

19.05.2023 [19:54]

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar edilməsi üçün təşəbbüslərini davam etdirir. Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş regionumuzda sülhə doğru atılan növbəti mərhələdir. Həmin görüş Brüssel formatında keçirilən sayca beşinci görüşdür. Bu formatın əsası 2021-ci ilin dekabrında qoyulub. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Proseslər də göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında Ermənistanın iddia etdiyi məsələlərə toxunulmur. Görünən odur ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm müəyyən fasilədən sonra işini bərpa etmək imkanındadır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Qalib tərəf olaraq Azərbaycanın haqlı və beynəlxalq hüquqa əsaslanan mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsinə hesablanıb. Regionda yaranan yeni geosiyasi, eləcə də iqtisadi reallıqlar isə mühüm perspektivlər vəd etməkdədir. Azərbaycanın bölgənin əsas siyasi faktoru kimi oynadığı rol nəinki Cənubi Qafqazın, bütövlükdə böyük bir coğrafiyanın yeni inkişaf mərhələsini formalaşdırır. Nəzərdə tutulan layihələrin icrası, qlobal münasibətlərin inkişafına yeni töhfələrin verilməsi üçün isə sülhün imzalanması, ölkələr arasında münasibətlərtin normallaşması əsas şərtdir. Görünən isə budur ki, prosesin gedişi sülhü daha da yaxınlaşdırır.

Ümumiyyətlə, iki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Bununla belə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlaması tərəflərin bir sıra məsələlərlə bağlı razılaşmalar əldə etdiyini deməyə əsas verir. Şarl Mişel bildirib ki, əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilib: “Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”.

Brüssel görüşünün vacib nəticələrindən biri də regionda kommunikasiyaların açılması ilə bağlıdır. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının -  Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Qeyd edək ki, bəhs olunan nəqliyyat bağlantısının yaradılması ilə bağlı müddəa 10 noyabr üçtərəfli Bəyanata məhz Azərbaycan Prezidentinin israrlı tələbi ilə daxil edilib. Sənədin 9-cu bəndində yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Müharibənin başa çatmasından sonra ötən iki il yarımda məğlub Ermənistan Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, müxtəlif manipulyasiyalara əl atmaqla prosesləri ləngitməyə çalışır. Ötən dövrdə məğlub ölkə kommunikasiya əlaqələrinin bərpası, o cümlədən də zəruri infrastrukturun yaradılması istiqamətində hansısa bir əməli addım atmayıb. Ancaq proseslərin gedişi artıq Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı manipulyasiya cəhdlərinin iflasa uğradığını təsdiqləyir. Bunu Şarl Mişelin mətbuata verdiyi açıqlamada səsləndirdiyi müddəalardan  da görmək mümkündür. Görünən odur ki, Azərbaycan Prezidentinin zamanında ifadə etdiyi “Ermənistan istəsə də, istəməsə də Zəgəzur dəhlizi açılacaq” fikrinin  reallaşması artıq an məsələsinə çevrilib. Avropa İttifaqı Şurasının rəhbərinin açıqlamasından aydın olur ki, məğlub ölkənin kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Şarl Mişelin açıqlamasında vurğulanır: “Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”. Bütün bunlar deməyə əsas verir ki, Brüsseldə keçirilən növbəti görüş Azərbaycanın maraqlarına uyğundur və diplomatiyamızın daha bir qələbəsi hesab edilə bilər.

Paylaş:
Baxılıb: 269 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30