Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xalq ən çətin məqamda üzünü Xilaskarına tutdu

Xalq ən çətin məqamda üzünü Xilaskarına tutdu

06.09.2023 [10:38]

Zaman hadisələrə düzgün dəyər vermək üçün ən böyük yaddaşdır. Eyni zamanda, zaman anlayışına söykənərək bu fikri də inamla qeyd edə bilərik ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından uğurla çıxır. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu təsdiqləyən mühüm amillər sırasında tarixinə sahib çıxması mühüm rol oynayır. 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Bu günümüzü düzgün dəyərləndirmək, gələcəyimizlə bağlı prioritetləri müəyyənləşdirmək üçün keçilən yolun təhlili bir zərurət kimi qarşımıza qoyulur. Ən əsası Azərbaycanın bugünkü inkişafı üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmaq üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərini tarixi paralellər əsasında təhlil etmək əsas hədəflərimizdəndir. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi tariximizin hər bir səhifəsinin vərəqlənməsində əhəmiyyətli rol oynayır.

Bu gün müasir müstəqil, eyni zamanda, qürurla qeyd etdiyimiz qalib Azərbaycanın uğurlarından danışırıq. Bu uğurlar böyük qətiyyətin, səylərin, dünyaya ünvanlanan ədalət, beynəlxalq hüquq çağırışlarının nəticəsidir. Qürurla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir. Dahi şəxsiyyət  xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurdu. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin  həyat amalının təntənəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.

Ümummilli lider Heydər Əliyev missiyasını yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid amal, məqsəd və məram ətrafında səfərbər edən azərbaycançılıq ideologiyasını yaratdı. Dahi şəxsiyyət müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır çağırışını etmişdir-hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik.

Ulu Öndərin hakimiyyəinin hər iki dövrü azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği ilə diqqətdədir. Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etməklə yanaşı, dövlətə, xalqa, torpağa bağlılığı əsasında Azərbaycanı hər zaman zirvələrdə görmək istəyini “Azərbaycan dünyaya Günəş kimi doğacaq” çağırışı ilə ifadə etmişdir.

Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyini daimi və əbədi etdi. Onun dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən xilaskarlıq missiyası ilk olaraq göz önünə gəlir. Azərbaycan 1991-ci il oktyabrın 18-də tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı faciələrlə üz-üzə qoydu. Müstəqilliyimizi itirmək təhlükəsi yarandı. Torpaqlarımızın işğalı xalqımızda sabaha olan ümidlərin itməsinə səbəb oldu. Amma bütün çətinliklərə, faciələrə baxmayaraq xalqımız əmin idi ki, bu ağır vəziyyəti də arxada qoyub, inkişafa doğru addımlayacağımız gün olacaq. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi olaraq bir tərəfdən torpaqlarımızı qorumağa qadir ordu formalaşdırıldı, digər tərəfdən isə atəşkəsə nail olmaq üçün   siyasi və diplomatik səylərin artırılması nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazanması, malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etmək məqsədilə yaratdığı normal biznes mühiti ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artması ilə müşayiət olundu. Bir mühüm məqamı da qeyd edək ki, Ümummilli Liderin hakimiyyətinin birinci dövründə yaratdığı iqtisadi potensial böyük sərvətimiz kimi dəyərləndirilərək Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizin sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verdi.

“Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır: “Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam edir”.

Əbəs yerə 1993-cü il 15 iyun tarixi müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcı kimi dəyərləndirilmir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra səsləndirdiyi “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri onun Azərbaycanın sabahına inamından irəli gəlirdi. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Hər bir ölkəni inkişafa aparan, imzalar arasında imzasının görünməsini şərtləndirən əsas amil məhz dövlət rəhbərinin idarəçilik sistemi, dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. Onun səyləri nəticəsində 1994-cü il sentyabrın 20-si tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı daha da artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması bütün sahələrdə islahatların aparılmasına, davamlı uğurlara yol açdı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndə dayandı. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərindən səmərəli istifadəni təmin edir, mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasını həyata keçirir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını sürətləndirir.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, bir yazıda ümumi xronologiyasını təqdim etmək belə mümkün deyil. Dahi şəxsiyyət Azərbaycanı yenidən qurdu və müasir müstəqil Azərbaycanı indiki və gələcək nəsillərə əmanət kimi qoydu. Bu əmanəti qorumaq, inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Azərbaycana hansı tərəfdən baxsaq Ulu Öndərin xidmətlərinin ölçüyəgəlməzliyini görürük.

Dahi şəxsiyyətin xidmətləri sırasında bu gün 800 minə yaxın üzvü sıralarında birləşdirən, milyonların inamını, etimadını qazanan, qəbul etdiyi qərarlarla, irəli sürdüyü təşəbbüslərlə Azərbaycanın inkişafına, xalqımızın yüksək rifah şəraitində yaşayışına töhfələr verən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Dahi şəxsiyyət “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikirləri ilə partiyanın gələcəyinin aydın mənzərəsini təqdim etmişdir. Bu gün isə ?nun layiqli davamçısı, Prezident İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ildə VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının yeni tərkibinin formalaşması, qəbul edilən yeni qərarlar, gəncliyin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdəti yaratmaq məqsədilə atılan addımlar, “Biz birlikdə güclüyük!” devizi əsasında təsdiqlənən yeni  Proqram partiyanın gələcək fəaliyyətinə işıq salır. Partiyanın hər bir rayon təşkilatı yeni Nizamnaməyə və Proqrama uyğun olaraq üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə, Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının həyata keçirilməsinə öz töhfəsini verməyə səy göstərir, bütün qüvvə və bacarığını səfərbər edir.

Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın dünyaya səs salan və yeni reallıqlar yaradan tarixi Zəfərindən danışırıq. Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində axıra çatdıra bilmədiyi işlərin məhz cənab İlham Əliyevin axıra çatdıracağına əminliyini, ona özü qədər inandığını bildirdi. Həmin müraciətdən 17 il sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin şanlı Zəfər səhifəsini yazdı. Azərbaycan xalqı bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Ərazi bütövlüyümüz bərpa olundu, soydaşlarımızın torpaq həsrətinə son qoyuldu. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımız çal-çağırlı günlərini yaşayır. Bərpa-quruculuq işləri sürətlə aparılır, soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Bu ilin mühüm hadisələri sırasında martın 16-da birinci mərhələdə Tərtər rayonunun Talış kəndinin  sakinlərinə qovuşması, yeni həyatın başlanması oldu. Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva bu il martın 18-də Tərtər rayonunun Talış kəndində  görülən işlərlə tanış oldular. Talış kəndində Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqını bu məkandan Novruz bayramı münasibətilə təbrik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bildirdi ki, ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Hazırda soydaşlarımızın qayıtdığı ünvanların sayı daha da genişlənir. Bu sırada laçınlılar, füzulilər də var. Hər bir qayıdış sabahımız üçün bir çağırışdır. Tezliklə bütün işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri uğurla başa çatacaq, “Böyük Qayıdış” proqramı tam şəkildə icra edilərək Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan daha möhtəşəm uğurları, yeni-yeni hədəfləri ilə dünyanın diqqətində olacaq.Heydər Əliyev yolu hər zaman Azərbaycanı zirvələrə aparacaq.

Eldar Əsədov,

YAP Tərtər rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30